Çerokilər
Çerokilər (çeroki ᏣᎳᎩ, ing. Cherokee) — Hindularin Şimali Amerikada yaşayan bir qrupu, irokezlər qrupundan olan bu hindi xalqı ABŞ-də ən böyük hindi xalqıdır[1].
Tarixi
redaktəABŞ-nin Tsintsinnati universitetindən olan professor Kennet Tankersli Kentukki ştatının cənub-şərqində yerləşən mağaradan ilk qələm təcrübəsinin orijinal nümunələrini aşkarlayıb: kimsə mağaranın divarlarında qədim hindu çerokilərin əlifbasını qələmə alıb; bu ya əlifbanın əsasını qoyanın özü, ya da onun ilk şagirdlərindən biri olub. Olduqca zəkalı bir insan olan, əlifbanın yaradıcısı Sekvoyya öz xalqı üçün olduqca çox işlər görüb, lakin nə tarix, nə də insanlar onun irsini əldə saxlaya bilib və insanlar indi onun haqqında çox az şeylər bilir.
Sekvoyyanın uşaqlığı haqqında çox az bilgi var. Ehtimal olunur ki, o, 1760-cı ildə dünyaya gəlib, anası hindu, atası isə ağ olub. Uşaqlıqdan axsaq olan Sekvoyya bununla belə ordudan da qalmayıb. Sekvoyya ağ insanlarla çoxlu ünsiyyətdə olmuş, onlardan bir çox peşələri mənimsəmiş, dəmirçilik və gümüş məmulatlar hazırlamaq üzrə peşəkara çevrilmişdir.
XIX əsrin əvvəllərindən çeroki, müstəmləkəçilərə ən yaxşı uyğunlaşmış tayfalardan birinə çevrilmişdi. Onların bir çoxu ovçuluqdan əl çəkir və sənətkarlıq və kənd təsərrüfatı ilə məşğul olmağa başlayırdılar ki, bu da elə Tomas Cefferson kimi idealistlərin əsl istədiyi idi. 1820-ci illərdə Corciyada artıq təkcə öz sahələri deyil, hətta qulları da olan bir çox çeroki ailələri yaşayırdı.
Qayıdaq ağların yazı mədəniyyətindən güclü təsirlənən Sekvoyyaya. O, qəzet və məktubları “danışan kağızlar” adlandırırdı və 1809-cu ildə Sekvoyya öz dostlarına söz verir ki, öz tayfasından olanlar üçün də belə bir “danışan kağızlar” yaradacaq. Onun heç bir savadı yox idi, dil quruluşundan anlayışsız idi, lakin elə bir uğurlu əlifba yaradır ki, indiyə qədər də çerokilər bu əlifbadan istifadə edir.
Sekvoyya iki istiqamətdə çalışırdı. Birincisi o, diqqətlə evində olanlar və qonşularına qulaq asır, uyğun olaraq təkrarlanan ən kiçik vahidləri – hecaları seçirdi. İkincisi isə, heç bir sözünü başa düşmədiyi və heç bir hərifini oxuya bilmədiyi qədim ingilis kitabına baxaraq gələcək yazının formasını düşünürdü. Təqribən on il ərzində fenomenal şəxsiyyət əsası – altı sait, qalanları isə hecalar olan 85 simvolluq əlifba üzərində işlərini yekunlaşdırır. İşarələrin bir neçəsi latın əlifbasındakı hərflərə oxşasa da, əksər simvollar heç nəyə bənzəmir.
Sekvoyya öz qızı Ayokaya da yazmağı öyrədir və bu zaman iş az qala fəlakətlə qurtarmış olur. Belə ki, onun qonşuları qərara gəlirlər ki, ata və qızının qəlbinə cin oturub. Xoşbəxtlikdən onlar ata və qızını cəzalandırmaqdan öncə onları sınaqdan keçirmək qərarına gəlirlər. Hindular Sekvoyyadan “danışan kağızlar” düzəltməyi və onun içərisində yazılanları bərkdən oxumağı xahiş edirlər. Bundan sonra çerokilər həmin yazını onun qızına aparır və bir-birini görməyən ata və qız eyni tərkibli cümlələri səsləndirmiş olurlar. Sınağın nəticəsi hinduları heyrətə gəitirir. Yeni yazı Sekvoyyanın qonşuları tərəfindən mənimsənilir və heç müəllimə də ehtiyac yaranmır: ilk şagirdlər öz ailəsini və qonşularını da yeni əlifba ilə tanış edir.
Yerli dil fərqliliklərinə baxmayaraq, yeni əlifba praktik olaraq hər yerdə uğur qazanmış olur. Bir neçə il ərzində ağ missionerlər bu əlifbaya şübhə ilə yanaşsalar da, artıq 1826-cı ildə Sekvoyyanın yaratdığı əlifba ilə İncili yazmağa cəhd edilir. Qərb və şərq çerokiləri uzun illər öz aralarında yazışmalar aparır və qanunlar dərc etdirirdilər. Tezliklə, onların özlərinin “Cherokee Phoenix” adlı qəzeti dərc edilməyə başlayır və həmin qəzet bu günə qədər də iki dildə - ingilis və çeroki dillərində çap edilir.
Bu tarixin sonu 1830-cu ildə çerokilər və daha dörd tayfanın məcburən Missisipi və Hindu ərazisinə yerləşdirilməsindən sonra yekunlaşır. Onlar öz yollarını Göz yaş yolu adlandıraraq ağır itkilərlə həmin əraziyə gəlib çatırlar. Sekvoyya tam aydınlaşmayan şəraitdə 1843-cü ildə təqribən 80 yaşında vəfat edir.
Sekvoyyanın özünün kağızları olduqca az miqdarda, demək olar ki, yox səviyyəsində qorunub saxlanıb. Sekvoyyanın vəfatından sonra onun həyat yoldaşı kağızlarda əcaib varlıqların olmasından ehtiyatlanaraq onun irsini demək olar ki, tamamilə yandırır. Sekvoyya belə orijinal işarələri necə hazırlayıb? Nəyi rəhbər tutub? Kennet Tankerslinin Kentukkidəki tapıntısı araşdrımaçılar üçün çox gizlinləri aşkar edə bilər. Mağarada əlifba işarələrinin yanında ənənəvi çeroki petroqlifləri də aşkarlanıb. Ola bilsin ki, Sekvoyya həmin petroqliflərdən xalqı üçün yazı yaratmaqda istifadə edib.
Sonda, ən maraqlı məqam petroqliflərin yanında tarixinin qoyulmasıdır: müəllif burada 1808 və ya 1818-c illər tarixi qeyd edib. Divardakı 15 işarə kimə məxsusdur? Yəqin ki, bu, həmin yazını tədqiq edənlərdən biri olub. Özü çeroki olar professor Tankersli hər halda ümid edir ki, o, Sekvoyyanın qədim əlyazmalarını aşkarlayıb. Bunun səbəbi də var. Belə ki, Sekvoyya və onun qohumları elə bu ərazilərdə yaşayıb.
İstinadlar
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə- Cherokee Nation, official site
- Eastern Band of Cherokee Indians Arxivləşdirilib 2012-01-19 at the Wayback Machine, official site
- United Keetoowah Band of Cherokee Indians, official site
- Museum of the Cherokee Indian, Cherokee, NC
- Cherokee Heritage Center, Park Hill, OK
- Smithsonian Institution — Cherokee photos and documents Arxivləşdirilib 2010-02-02 at the Wayback Machine
- Historical Sound Files of Cherokee Stomp Dance[ölü keçid]
- Cherokee Heritage Documentation Center — Genealogy and Culture[ölü keçid]
- Cherokee article Arxivləşdirilib 2014-10-08 at the Wayback Machine, Oklahoma Historical Society Encyclopedia of Oklahoma History and Culture
- Cherokee Indians in FamilySearch Research Wiki for genealogists
- Çerokilər öz başçılarını seçdilər
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 115. ISBN 978-9952-441-11-6.