Səhmdar cəmiyyəti

Vikipediya, azad ensiklopediya
(Açıq Səhmdar Cəmiyyət səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

Səhmdar cəmiyyəti — nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin bu təşkilati-hüquqi formasının fərqləndirici xüsusiyyəti nizamnamə kapitalının emissiya qiymətli kağızlar – səhmlər hesabına formalaşmasıdır.[1] Bu zaman səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur.[2] Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər.[3]

Səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür.

Müasir korporativ hüquqda səhmdar cəmiyyəti inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər kimi qəbul olunur.

Bəzi dövlətlərin yurisdiksiyalarında səhmdar cəmiyyətlərinin məhdud məsuliyyət olmadan da qeydiyyatdan keçməsi mümkündür. Böyük Britaniya və başqa dövlətlərdə belə şirkətlər qeyri-məhdud şirkətlər (ing. unlimited company) kimi fəaliyyət göstərirlər. ABŞ-də isə sadəcə səhmdar cəmiyyətləri adlanırlar.

Üstünlükləri

[redaktə | mənbəni redaktə et]

Səhmdar cəmiyyətinin iştirakçısı olmağın bir sıra üstünlükləri var. Belə ki, şirkət səhmdarların ümumi yığıncağında seçilən idarə heyəti tərəfindən idarə olunur.

Həmçinin səhmdarlar illik hesabatın qəbul edilməsi ilə əlaqədar səsvermədə iştirak edirlər. Direktor vəzifəsinin icrasını bəzən fiziki şəxs olan səhmdarlar həyata keçirə bilərlər, lakin bu hala çox az rast gəlinir.

Səhmdar cəmiyyətinin iştirakçıları olan səhmdarlar şirkətin öhdəliklərinə görə cavab vermirlər və yalnız onlara məxsus səhmlərin dəyəri hüdudlarında şirkətin fəaliyyəti ilə bağlı zərər riski daşıyırlar. Bu qiymətli kağızların kifayət qədər asan özgəninkiləşdirilmə və əldə edilməsi geniş insan dairəsinin kapitalının cəlb edilməsi üçün şərait yaradır. Bu, həmçinin, investorların kapitallarının bir neçə səhmdar cəmiyyətinin səhmləri arasında paylanmasına və nəticədə zərər riskinin azalmasına imkan verir.[1]

İlk səhmdar cəmiyyətləri

[redaktə | mənbəni redaktə et]
Tiskasjöberg, Kopparberget şirkətinin səhmlərinin səkkizdə bir hissəsinin Vesteroslu Yepiskop Piter tərəfindən əldə edilməsini nəzərdə tutan 1288-ci ilə aid məktub. Orijinalı Stokholmda Milli Arxivdə (isv. Riksarkivet) saxlanılır.
Hollandiya Ost-Hind Şirkətinə məxsus gəminin replikası. 1602-ci ildə əsası qoyulmuş həmin şirkət müasir kapitalizm baxımından səhmdar cəmiyyətlərinin qabaqcıl və ən ilkin nümunəsi hesab edilir.[4][5] Şirkət bir çoxları tərəfindən dünyada ilk daimi təşkilati quruluşa malik olan məhdud məsuliyyətli şirkət kimi qəbul olunur.[6][7][8][9][10][11][12] Başqa sözlə, Ost-Hind Şirkəti sabit kapitalı ilə qeydə alınmış ilk səhmdar cəmiyyətidir.
Hollandiya Ost-Hind Şirkətinin Enkheyzen şəhərindəki nümayəndəliyi tərəfindən 9 sentyabr 1606-cı ildə hazırlanmış ən qədim səhm şəhadətnamələrindən biri.[13]
Dünyada ilk rəsmi birja olan Amsterdam fond birjasının məhkəmə həyəti. Hollandiya Ost-Hind Şirkətinin 17-ci əsr biznes modeli müasir dövr səhmdar cəmiyyətlərinin, xüsusilə də publik şirkətlərin formalaşmasında əhəmiyyətli rol oynayıb.

İlk səhmdar cəmiyyətləri haqqında qeydlərə Çində — Sun imperiyasının dövründə (960–1279) rast gəlinir. Təxminən 1250-ci ildə Fransanın Tuluza şəhərində Bazakl Dəyirmançılıq Şirkətinin (Société des Moulins du Bazacle) 96 səhmi şirkətin sahib olduğu dəyirmanların gəlirliliyi həddində satışa çıxarılmışdı, bu da şirkəti tarixdə həmin növdən olan ilk şirkət hesab etməyə imkan verir.[14][15] 1288-ci ilin əvvəllərində İsveç şirkəti Stora şirkətin səkkizdə bir hissəsini (daha dəqiq mis ehtiyatları ilə zəngin olan ərazilərlə bağlı) əhatə edən səhmlərin transferini sənədləşdirmişdir.

Daha yaxın tarixə nəzər yetirdikdə isə İngiltərədə ilk səhmdar cəmiyyəti kimi tanınan şirkət 1553-cü ildə nizamnaməsi qəbul edilmiş, 250 səhmdarı olan Merchant Adventurers to New Lands şirkəti olmuşdur. Moskva ilə London arasındakı ticarətdə inhisarçı mövqeyə mailk olan Moskva Şirkəti (ing. Muscovy Company və ya rus. Московская компания) isə 1555-ci ildə yaradılmışdır. Digərləri ilə müqayisədə daha məşhur, zəngin və qüdrətli olan Böyük Britaniyaya məxsus Ost-Hind şirkətinə I Elizabetin imzaladığı 31 dekabr 1600-cü il tarixli kral xartiyası ilə Hindistandakı ticarət fəaliyyətində üstünlüklər və imtiyazlar verilmişdi. Kral xartiyası yeni yaradılan Şərəfli Ost-Hind Şirkətinə Şərqi Hindistanda bütün sahələrdə ticarət üzrə 15 illik monopoliya vermişdir.[16] Dövlət idarəçiliyi və hərbi idarəetmə sahələrində yardımçı funksiya əldə etməsi ilə, şirkət ticarət edən şirkətdən Hindistanı idarə edən və onun təbii sərvətlərini istismar edən şirkətə çevrilmişdi və bu vəziyyət o, ləğv edilənədək davam etdi.

Tezliklə, 1602-ci ildə Hollandiya Ost-Hind Şirkəti Amsterdam fond birjasında alğı-satqısı həyata keçirilə bilən səhmlər buraxdı. Bu isə səhmdar cəmiyyətinə yeni investorların cəlb edilməsinə imkan yaradırdı. 1612-ci ildə isə şirkət qitələrarası ticarətdə üstün kapitalı olan məhdud məsuliyyətli ilk "korporasiya" oldu.

Müstəmləkəçilik dövründə Yaxın Şərqlə əmtəələr, istiot və parça ticarəti edən Avropalılar, başlıca olaraq da Britaniyalılar çoxsaylı dəniz səyahətləri vasitəsilə ticarət riskini yaymağa başladılar. Səhmdar cəmiyyəti əvvəlki gildiyalar və dövlət tərəfindən tənzimlənən şirkətlərlə müqayisədə daha uğurlu maliyyə strukturuna malik idi. Amerika qitəsində ilk səhmdar cəmiyyətləri London Şirkəti və Plimut Şirkəti olmuşdur.

Transfer edilə bilən səhmlər kapitalın artımına müsbət təsir göstərirdi. Bu, məsələn, Ost-Hind şirkətinə qoyulan sərmayələrdə özünü göstərirdi. Belə ki, şirkət Hindistandakı ticarəti idarə etmək üçün bu maliyyə modelindən istifadə edirdi. Səhmdar cəmiyyətləri hər bir səhmdarın qoyduğu səhmə mütənasib olaraq, dəniz səyahətlərindən əldə edilən mənfəəti bölərək səhmdarlara dividend formasında təqdim edirdi. Belə ödənişlər adətən nağd təqdim olunurdu, lakin dövriyyə kapitalı aşağı olduqda və ya şirkətin mövcudluğu üçün təhlükəli olduğu təqdirdə dividendlərin verilməsi ya təxirə salınırdı, ya da qalan yüklə ödənilirdi; hansı ki səhmdarlar onları satıb gəlir əldə edə bilərdilər.

Lakin, ümumiyyətlə, yeni şirkətin formalaşdırılması kral xartiyası və ya xüsusi aktla mümkün idi. Bu imkan isə hökumətin imtiyazları və üstünlükləri qoruması və hər kəsə təqdim etməməsi səbəbindən məhdud idi.

Britaniyada Sənaye inqilabı dövründə kapitalın qoyulduğu müəssisələrin sayının artması nəticəsində əksər bizneslər çoxsaylı üzvlərin olduğu assosiasiyalar kimi fəaliyyət göstərməyə başladı. Buna baxmayaraq, belə assosiasiyalara üzvlük adətən qısamüddətli olurdu; odur ki, onların təbiəti daim dəyişirdi.

Nəticədə şirkətlərin yaradılması və qeydiyyatı ilə bağlı məsələlərin tənzimi 1844-cü il tarixli Səhmdar Cəmiyyətləri haqqında Aktda təsbit olundu. Əvvəllər bu qanun əsasında yenidən yaradılmış şirkətlərin məhdud məsuliyyəti yox idi, lakin sonradan şirkətlərin daxili nizamnamələrində məhdud məsuliyyətin nəzərdə tutulması ümumi qaydaya çevrildi. 1856-cı il tarixli Səhmdar Cəmiyyətləri haqqında Akt bütün səhmdar cəmiyyətləri üçün məhdud məsuliyyətin olduğunu təsbit etdi. Bundan başqa, həmin Akta görə şirkətin adında "məhdud" sözü olmalı idi. Şirkətlər ayrıca hüquqi şəxsiyyətə malikdir. Bu prinsipin əsasını İngiltərənin korporativ hüququnda vacib məhkəmə qərarlarından biri olan 1897-ci ildə baxılan Salomon v. Salomon & Co. Ltd işi qoydu. Şirkətlərin məhdud məsuliyyət prinsipi bu iş əsasında formalaşıb.[1]

Korporativ hüquq

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Korporativ hüquq

Korporasiyanın mövcudluğu tələb edir ki, onun fəaliyyətini hüquqi çərçivəyə salan və tənzim edən, korporasiyanın hüquqi şəxsiyyətini təsbit edən hüquq sahəsi olsun. Bu mənada, korporativ hüquq korporasiyaları fiziki şəxsdən fərqləndirərək, hüquqi şəxs, fiktiv şəxs kimi müəyyənləşdirir. Bu isə səhmdarları "korporativ" itkilərdən və öhdəliklərdən azad etməyə imkan verir; itkilər hər kəsin sahib olduğu səhmlərin sayı ilə məhdudlaşır. Bundan başqa, belə yanaşma yeni investorların (qiymətli kağızlar və gələcək səhmlərin emissiyası məsələlərində) cəlb edilməsinə imkan yaradır. Korporativ qanunlar, adətən, korporasiyalara öz əmlakına sahib olmaq, müqavilə bağlamaq və səhmdarlardan müstəqil surətdə vergi ödəmək qabiliyyəti kimi səlahiyyətlərin verilməsini nəzərdə tutur. Səhmdarlara bəzən "şirkətin üzvləri" də deyilir. Korporasiyaların, həmçinin, faizli istiqrazlar buraxmaqla pul borc götürmək səlahiyyətləri də var. Korporasiyalar qeyri-müəyyən müddətdə mövcud olurlar; "ölüm" yalnız şirkətin ləğvi, yenidən qurulması və ya müflis olması hallarında mümkündür. Lord-kansler Riçard Holdeyn qeyd edirdi ki,

…korporasiya mücərrəddir. O, özlüyündə mövcud deyil. Onun fəaliyyəti və idarə edilməsi korporasiyanın iradəsinin icrasında həqiqətən də istiqamətverici rol oynayan şəxsdə axtarılmalıdır. — Lennard's Carrying Co Ltd v Asiatic Petroleum Co Ltd [1915] AC 705

Bu "istiqamətləndirici iradə" direktorlar şurasının fəaliyyətində öz əksini tapır. Hüquqi şəxsiyyət iki iqtisadi nəticəyə səbəb olur. Bu, kreditorlara, səhmdarlar və ya işçilərdən fərqli olaraq, şirkətin ləğvindən sonra korporativ aktivlər üzərində üstünlük hüququ verir. İkincisi, korporativ aktivlər səhmdarlar tərəfindən geri alına bilməz və şirkətin aktivləri səhmdarların özlərinin kreditorları tərəfindən götürülə bilməz. İkinci amil xüsusi qanunvericiliyin olmasını tələb edir, çünki müvafiq məsələ standart müqavilə hüququ ilə tənzimlənə bilməz.[17]

Nizamlanma Təsviri
Məhdud məsuliyyət Ortaqlıqdan və hüquqi şəxsin yeganə iştirakçısı olmaqdan fərqli olaraq, müasir biznes korporasiyasının səhmdarlarının korporasiyanın borcları və öhdəliklərinə görə məhdud məsuliyyəti var.[18] Odur ki, onların zərərləri korporasiyaya yatırdıqları ödənişlərdən, eləcə də səhmlərə görə ödənişdən artıq ola bilməz.[19] Məsələnin iqtisadi cəhətdən əsaslandırılması belədir ki, bu hal şirkətin kreditorlarının belə əməliyyatda maraqlı tərəf kimi çıxış etməsini aradan qaldırmaqla korporasiyanın səhmləri ilə anonim ticarət edilməsi imkanlarını təmin edir. Məhdud məsuliyyət olmasa idi, ehtimal ki, kreditor ən azı satıcı kimi ödəniş qabiliyyətli olmayan alıcıya səhmin satılmasına icazə verməzdi. Bundan başqa, məhdud məsuliyyət korporasiyalara bir çox səhmdarından vəsait birləşdirərək öz müəssisələri üçün böyük məbləğdə maliyyə vəsaitlərini artırmağa imkan verir. Məhdud məsuliyyət, səhmdarın bir şirkətdə itirə biləcəyi məbləği azaldır. Bu isə potensial səhmdarların cəlb edilməsinə imkan yaradır və beləliklə, istəkli səhmdarların sayını və investisiyaların ehtimal olunan həcmini artırır. Bununla belə, bəzi yurisdiksiyalarda səhmdarların məsuliyyətinin qeyri-məhdud olduğu korporasiya növlərinin də mövcudluğuna icazə verilir, məsələn, Kanadanın iki vilayətində qeyri-məhdud məsuliyyətli korporasiya (ing. unlimited liability corporation) və Böyük Britaniyada qeyri-məhdud şirkət (ing. unlimited company)buna nümunədir.
Müvəqqəti mövcudluq Bir digər üstünlük ondan ibarətdir ki, korporasiyanın aktivləri və strukturu səhmdarlar və istiqraz sahiblərinin mövcudluğundan asılı olmayaraq davam edə bilər. Bu isə stabilliyə və kapitalın yığılmasına səbəb olur, hansı ki, bu daha böyük və uzunmüddətli layihələrə investisiya qoymağa imkan verir; əksi olsa idi, bu, səhmdarların ayrılması ilə korporativ aktivlərin ləğvinə səbəb olardı. Bu qayda orta əsrlərdə — kilsəyə (korporasiyaya) bağışlanmış torpağın, torpaq sahibinin ölməsi nəticəsində lordun iddia edə biləcəyi feodal ödənişlərinə əsas vermədiyi zamanlarda da əhəmiyyət kəsb edirdi: Bax Mortmeyn Qanunu. (Lakin hüquqi şəxsin mövcudluğu dövlət qurumu tərəfindən də ləğv edilə bilər. Bu, nadir hallarda, məsələn, şirkət qanunvericiliyi pozduqda, illik hesabatları təqdim etmədikdə baş verir.)

Maliyyə açıqlaması

[redaktə | mənbəni redaktə et]

Əksər yurisdiksiyalarda səhmdarları məhdud məsuliyyətdən yararlanan korporasiyaların illik maliyyə hesabatları və başqa məlumatları dərc etdirməsi tələb olunur. Bu, həmin korporasiya ilə biznes əlaqəsi yaratmaq istəyən kreditorlara həmin korporasiyanın ödəmə qabiliyyətliliyini qiymətləndirməyə imkan verir, eləcə də, kreditorların, ödəmə qabiliyyətliliyi ilə əlaqədar sonradan səhmdarlara qarşı iddia qaldırmasına mane olur.[20] Səhmdarlar, bununla, məhdud məsuliyyətin əvəzində məlumatların gizliliyini açıqlayaraq "itki"yə məruz qalırlar. Bu tələb, ümumən, Avropada tətbiq olunur, lakin ümumi hüquq dövlətlərində tətbiq edilmir (publik korporasiyalar istisnadır — burada investorların müdafiəsi üçün maliyyə açıqlaması tələb olunur).

Korporativ vergilər

[redaktə | mənbəni redaktə et]

Əksər dövlətlərdə korporativ mənfəətlər korporativ vergi dərəcəsində, səhmdarlara ödənilən dividendlər isə ayrı dərəcədə vergiyə cəlb edilir. Belə sistemə bəzən "ikiqat vergi" də deyilir, çünki əslində səhmdarlara çatan mənfəət əslində iki dəfə vergiyə cəlb edilmiş olacaq. İşin bir həlli yolu belədir ki, Avstraliya və Böyük Britaniya vergi sistemlərinə görə dividendi alan şəxsin vergi krediti hüququ var, bu isə dividenddən gələn gəlirlərin artıq vergiyə cəlb olunduğunu təsdiq edir.

Digər sistemlərdə dividendlər digər gəlirlərlə müqayisədə daha aşağı dərəcədə vergiyə cəlb olunur (məsələn, ABŞ-də), ya da səhmdarlar birbaşa olaraq korporasiyanın qazancları ilə əlaqədar vergi ödəyirlər, dividendlər isə vergiyə cəlb olunmur (məsələn, ABŞ-dəki S korporasiyalarda (ing. S corporations) olduğu kimi).

  1. 1 2 3 "Emin Kərimov. Azərbaycan Korporativ (Şirkətlər) Hüququ" (PDF). 2018-10-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-19.
  2. Courtney, Thomas B. The Law of Private Companies (2nd). səh. 26. ISBN 1-85475-265-0.
  3. "Joint Stock Company". West's Encyclopedia of American Law. 9 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 May 2012.
  4. Morck, Randall; Yeung, Bernard: Agency Problems and the Fate of Capitalism. (Cambridge, MA: National Bureau of Economic Research, Working Paper No. 16490, Issued in October 2010)
  5. Funnell, Warwick; Robertson, Jeffrey: Accounting by the First Public Company: The Pursuit of Supremacy. (Routledge, 2013, ISBN 0415716179)
  6. Steensgaard, Niels (1982), 'The Dutch East India Company as an Institutional Innovation,'; in Maurice Aymard (ed.), Dutch Capitalism and World Capitalism / Capitalisme hollandais et capitalisme mondial (Studies in Modern Capitalism / Études sur le capitalisme moderne), pp. 235–257
  7. Hawley, James P.; Williams, Andrew T.: The Rise of Fiduciary Capitalism: How Institutional Investors Can Make Corporate America More Democratic. (University of Pennsylvania Press, 2000, ISBN 9780812235630), p. 44
  8. Niall Ferguson (2002). Empire: The Rise and Demise of the British World Order and the Lessons for Global Power, p. 15.
  9. Smith, B. Mark (2003). A History of the Global Stock Market: From Ancient Rome to Silicon Valley. (University of Chicago Press, ISBN 9780226764047), p. 17
  10. Von Nordenflycht, Andrew (2011), 'The Great Expropriation: Interpreting the Innovation of "Permanent Capital" at the Dutch East India Company,'; in Origins of Shareholder Advocacy, edited by Jonathan G. S. Koppell. (Palgrave Macmillan, 2011), pp. 89–98
  11. Clarke, Thomas; Branson, Douglas (2012). The SAGE Handbook of Corporate Governance (Sage Handbooks). (SAGE Publications Ltd., ISBN 9781412929806), p. 431
  12. Vasu, Rajkamal (November 19, 2017). The Transition to Locked-In Capital in the First Corporations: Venture Capital Financing in Early Modern Europe Arxivləşdirilib 2018-04-05 at the Wayback Machine. (Kellogg School of Management, Northwestern University)
  13. Dunkley, Jamie. "Dutch student finds world's oldest share certificate". Telegraph.co.uk. 11 Sep 2010. 16 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2017.
  14. ""History of Paris stock exchanges"". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-19.
  15. ""Shareholder Lawsuit"" (PDF). 2016-03-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-10-19.
  16. Irwin, Douglas A. "Mercantilism as Strategic Trade Policy: The Anglo-Dutch Rivalry for the East India Trade". The Journal of Political Economy. The University of Chicago Press. 99 (6). December 1991: 1296–1314. doi:10.1086/261801. JSTOR 2937731. at 1299.
  17. Hansmann et al., The Anatomy of Corporate Law, pg 7.
  18. A leading case in common law is Salomon v. Salomon & Co. [1897] AC 22.
  19. Hock, Dee. One from Many: VISA and the Rise of Chaordic Organization. Berrett-Koehler Publishers. 2005. səh. 140. ISBN 1-57675-332-8. ... they have become a superb instrument for the capitalization of gain and the socialization of cost.
  20. Hicks, A. and Goo, S. H. (2008) Cases and Materials on Company Law Oxford University Press Arxivləşdirilib 2022-05-08 at the Wayback Machine Chapter 4

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]