Con Steynbek
Con Ernst Steynbek (27 fevral 1902[1][2][…] – 20 dekabr 1968[1][2][…], Harlem, Nyu-York, Nyu-York ştatı, ABŞ və ya Nyu-York, Nyu-York ştatı) — Amerika yazıçısı, 1962-ci ildə "həm realist, həm də zəngin təxəyyülə malik, özündə zövqlü yumorla kəskin sosial kritikanı birləşdirən əsərlərinə görə" Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[3] "Amerika ədəbiyyatının nəhəngi" adlandırılan müəllifin bir çox əsərləri Qərb ədəbiyyatının klassikləri hesab olunur.[4]
Con Steynbek | |
---|---|
ing. Jeffery Ernest Steinbeck | |
Doğum adı | Jeffery Ernest Steinbeck |
Doğum tarixi | 27 fevral 1902[1][2][…] |
Vəfat tarixi | 20 dekabr 1968[1][2][…] (66 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək çatışmazlığı, ürək-damar xəstəliyi[d] |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, ssenarist, hərbi müxbir[d], romançı |
Fəaliyyət illəri | 1929-1961 |
Əsərlərinin dili | ingilis dili |
Tanınmış əsərləri |
Siçanlar və İnsanlar (1937) Qəzəb Salxımları (1939) Cənnətdən Şərqə Doğru (1952) |
Üzvlüyü | |
Mükafatları | |
Con Steynbek Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı boyunca 33 kitab qələmə alan yazıçının ən tanınmış əsərlərinə Siçanlar və insanlar (1937), Qəzəb salxımları (1939), və Cənnətdən Şərqə doğru (1952) daxildir. Amerikanın əsas ədəbi mükafatı hesab edilən Pulitserə layiq görülən Qəzəb Salxımları çoxları tərəfindən Steynbekin şahəsəri və Amerika ədəbiyyatının ən önəmli romanlarından biri hesab edilir.[5]
Steynbekin yaradıcıllığının böyük bir hissəsi Mərkəzi Kaliforniyada və Salinas çayı ətrafında həyatdan bəhs edir. Müəllifin əsərlərində tale və ədalət kimi mövzular məzlum, imkansız, və adi insanların perspektivindən təhlil edilir. Steynbekin romanlarının bir çoxu Şimali Amerika və İngiltərə məktəblərində ən çox istifadə olunan kitablar siyahısındadır.[6]
Uşaqlığı və gəncliyi
redaktəSteynbek 1902-ci ilin fevral ayında Kaliforniyanın Salinas şəhərində anadan olmuşdur.[7] Alman, ingilis və irland əsilli idi.[8] Steynbekin ata babası Yohann Adolf Qrosşteynbek ABŞ-yə köçəndə soyadını Steynbekə qısaltmışdır. Yazıçı atası ilə eyni ad və orta ada sahibdir. Conun anası, məktəb müəllimi olan Oliv Hamilton, oğlunun ədəbiyyata olan həvəsini bölüşürdü.
Uşaqlıqda Xristian olan yazıçı sonralar aqnostik olmuşdur.[9] O, gəncliyi boyu Sakit okeandan 40 kilometr məsafədə dünyanın ən məhsuldar torpaqlarından birində yerləşən kiçik bir kənddə yaşayırdı. Sonralar müəllifin yaratdığı ən gözəl romanlar məhz doğulub-böyüdüyü bu Kaliforniya vadilərində və sahillərində keçir. Yaylarını yaxınlıqdakı heyvandarlıq fermalarında, sonralar isə şəkər çuğunduru təsərrüfatında miqrant işçilərlə birlikdə keçirirdi.[10] Təsərrüfatda insan təbiətinin qaranlıq tərəflərini və yoldaşlarından miqrant həyatın çətinliklərini öyrənən Steynbek sonralar bu təcrübələrinə əsaslanaraq Siçanlar və İnsanlar romanını yazmışdı.
1919-cu ildə Stanford Universitetində İngilis ədəbiyyatı oxumağa gedən Steynbek 6 il sonra diplom almadan universiteti tərk etmişdi. Nyu-Yorka gedən gənc müəllif yaza-yaza pul qazanmaq üçün müxtəlif peşələrdə işləmişdi. Buna baxmayaraq, yazılarını nəşr etdirə bilmədikdən sonra Kaliforniyaya döndü və Tahoe gölündə tur nəzarətçisi olaraq çalışdı. Burada ilk həyat yoldaşı Kerol Henninq ilə tanış oldu.[7] 1930-cu ilin yanvarında Los Ancelesdə evlənən cütlük burada dostları ilə gipsdən mankenlər hazırlayaraq pul qazanmağa çalışdı.
Altı ay sonra biznesləri uğursuz olan Steynbek və Kerol yenidən Kaliforniyaya qayıdır. Bu zaman Steynbekin valideynləri ona pulsuz ev, əlyazmalar üçün kağız, və maddi sıxıntı çəkmədən kitablarını yaza bilməsi üçün borc pul verməyə başladı.
Yaradıcıllığı
redaktəErkən dövr
redaktəSteynbekin 1929-cu ildə nəşr olunan ilk romanı Qızıl Kubok dəniz qulduru Henri Morqanın həyatına əsaslanır.[11] 1930–1933-cü illərdə Cənnət Otlaqları, Qırmızı Poni, və Naməlum Tanrılara əsərlərini nəşr etdirir. Naməlum Tanrılara romanı üzərində yazıçı 5 il — ən uzun romanlarından belə daha çox — çalışmışdır. Bu dövrdə hələ populyar yazıçı statusuna çatmasa da, Con bir gün məşhurluğa qovuşacağına şübhə etmirdi.[9]
Steynbek ilk diqqətəlayiq uğurunu Yuxarı Məhəllə (1935) romanı ilə qazandı.[11] Sonrakı illərdə yazıçı böyük depressiya dövründə Kaliforniyada adi insanların həyatından bəhs edən bir sıra romanlar yazmağa başladı. Bunlara Bitməyən Mübarizə (1936), Siçanlar və İnsanlar (1937), və Qəzəb Salxımları (1939) daxildir.
Siçanlar və İnsanlar Kaliforniyada iki miqrant ferma işçisinin xəyallarından bəhs edən bir dram idi. Tənqidçilər tərəfindən çox bəyənilən roman 1962-ci ildə Nobel Ədəbiyyat Komitəsi tərəfindən "kiçik bir şahəsər" adlandırılmışdı.[12] Steynbekin növbəti uğuru 2 il sonra, Qəzəb Salxımları ilə gəldi. Çoxları tərəfindən yazıçının ən yaxşı əsəri hesab olunan Qəzəb Salxımları 1939-cu ilin ən çox satılan kitabı olmuşdu. Həmin il roman həm Amerika Milli Kitab Mükafatına, həm də prestijli Pulitser Mükafatına layiq görülmüşdü.[13] Roman həm də ölkədə mübahisə doğurmuşdu. Bəzi Amerikalılara Steynbekin sətiraltı kapitalizm tənqidi və miqrant işçilərə olan simpatiyası xoş gəlmirdi. Bu məsələ ilə bağlı Steynbek fikrini bildirmişdi: "Varlı mülkədarlar və bankirlər tərəfindən atılan böhtanlardan heç xoşum gəlmir. Ortaya atdıqları ən son yalanlara görə guya Oklahomalıların məndən zəhləsi gedir. Açığı, vəziyyət tamamilə kontroldan çıxıb. Bircə kitaba görə bu qədər çaxnaşma ölkəmiz üçün heç də faydalı deyil."[14]
1940–1960-cı illər
redaktə1942-ci ildə Steynbek növbəti işi olan Ay Batarkən romanını nəşr etdirir. Roman Şimali Avropada adı çəkilməyən bir ölkə tərəfindən işğal olunan kiçik bir kəndin müqavimətindən bəhs edir. Çoxları hesab edirdi ki, bu kənd Norveçdə yerləşir və adı çəkilməyən işğalçı Nasist Almaniyasıdır. Buna səbəbdən 1945-ci ildə Norveç kralı yazıçını "Norveç müqavimət hərəkatına mənəvi dəstəyinə görə" Müstəqillik Xaçı ilə mükafatlandırmışdı.[15]
Steynbek 1943-cü ildə New York Herald Tribune qəzeti üçün İkinci dünya müharibəsində müxbirlik etməyə başladı. Eyni zamanda Strateji Xidmətlər Ofisi (Mərkəzi Kəşfiyyat İdarəsinin sələfi) üçün çalışırdı. O, müharibədən qəlpə yaraları və psixoloji travma ilə döndü. Hər zamankı kimi zehnini yeni əsərlər yazmaqla müalicə etməyə başladı. O, məşhur rejissor Alfred Hiçkokun Xilasedici Qayıq (1944) filminin ssenarisini yazdı. Sonralar yazıçı filmin sətiraltı irqçilik etdiyini düşünmüş və adını bu proyektdən uzaqlaşdırmağa çalışmışdı.
1947-ci ildə Steynbek məşhur fotoqraf Robert Kapa ilə birlikdə SSRİ-yə ilk səfərini etdi. Oktyabr inqilabından bəri SSRİ-in müxtəlif regionlarını ziyarət edən tək-tük Amerikalılardan olan cütlük Moskva, Kiyev, Tbilisi, Batumi və Stalinqradı gəzmişdi. 1 il sonra, 1948-ci ildə Steynbek SSRİ-dəki xatirələrindən və Robert Kapanın çəkdiyi fotolardan ibarət Rus Jurnalı kitabını hazırladı. Elə həmin il yazıçı Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının üzvü seçildi.
Steynbek 1952-ci ildə ən uzun romanı olan Cənnətdən Şərqə Doğru-nu çap etdirdi. Üçüncü həyat yoldaşının dediyinə görə, Con məhz bu romanı öz şahəsəri hesab edirdi.
Müəllifin son əsəri, Narazılığımızın Qışı (1961) Amerikadakı mənəvi tənəzzüldən bəhs edir. Romanın əhəmiyyəti və zənginliyi bəzi tənqidçilər və hətta Nobel Ədəbiyyat Komitəsi[12] tərəfindən qeyd olunsa belə, əsasən tənqidçilər romana neqativ yanaşdı. 1962-ci ildə yazıçı Nobel mükafatına layiq görüləndə media qərarı sərt tənqid etmişdi.[4] Güman ki, bu hadisələr Steynbekin növbəti 6 il boyu, yəni ölümünə qədər heç bir bədii roman yazmamasına səbəb olmuşdur.
Nobel mükafatı
redaktə1962-ci ildə Steynbek "həm realist, həm də zəngin təxəyyülə malik, özündə zövqlü yumorla kəskin sosial kritikanı birləşdirən əsərlərinə görə" Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Seçim çoxları tərəfindən tənqid edildi və İsveç qəzetlərindən birində "Nobel Komitəsinin ən böyük səhvlərindən biri" olaraq xarakterizə edildi.[4] Amerikalı ədəbi tənqidçilərin də reaksiyası sərt idi.
Bir yazıçı kimi öz istedadı haqqında təvazökar olsa da, Steynbek müəyyən yazıçılara öz heyranlığı barədə açıq danışardı. Nobel mükafatı mətbuat konfransında ən sevdiyi müəlliflər və kitablar haqda soruşulanda Steynbek cavab vermişdi: "Heminqueyin qısa hekayələri və Folknerin yazdığı hər şey."[9]
1964-cü ilin sentyabrında Prezident Lindon Conson Steynbeki Prezident Azadlıq medalı ilə təltif etdi.[16]
1967-ci ildə Steynbek Vyetnam müharibəsində müxbirlik etmək üçün Asiyaya yollandı. ABŞ-nin Vyetnamdaki münaqişəyə daxil olmasının düzgün həmlə olduğunu düşünən Steynbekin öz oğulları da orada hərbi xidmətdən keçmişdir.
Şəxsi həyatı və ölümü
redaktəCon Steynbek ömrü boyu 3 dəfə ailə həyatı qurmuşdur. İlk həyat yoldaşı Kerol Henninq ilə 1930-cu ildə evlənir. Cütlük 1943-cü ildə boşanmağı qərara alır və Steynbek həmin il ikinci dəfə, Qvin Konqer ilə ailə həyatı qurur. Lakin bu evlilik də uzunömürlü olmur. 1948-ci ilin mayında Steynbek təcili olaraq Kaliforniyaya gedir ki, ağır yaralanan yaxın dostu Ed Riketsə baş çəksin. Lakin Rikets Steynbekin gəlişindən bir neçə saat əvvəl vəfat edir. Evə qayıtdıqdan sonra Steynbek boşanmaq istəyən arvadı Qvinlə qarşılaşır, və cütlük Avqust ayında ayrılır. Dostu Riketsin ölümü yazıçıya çox pis təsir bağışlayır və o növbəti ili dərin depressiyada keçirir.
1949-cu ilin iyununda Steynbek Kaliforniyada bir restoranda teatr rejissoru Eleyn Skott ilə tanış olur. 1950-ci ilin dekabrında evlənən Con və Eleyn yazıçının 1968-ci ildəki ölümünə qədər bir yerdə olur.[11]
Həyatı boyu tütün məhsullarından istifadə edən Steynbek 1968-ci ildə, 66 yaşında Nyu-York şəhərində ürək çatışmazlığından vəfat edir. Öz arzusuna uyğun olaraq meyidi kremasiya olunmuş və Kaliforniyada valideynləri ilə birgə basdırılmışdır.[17]
Siyasi görüşləri
redaktəSteynbekin solçu müəlliflər və jurnalistlərlə yaxın əlaqələrinin onun yaradıcıllığına təsiri olmuşdur. 1935-ci ildə kommunist bir təşkilat olan Amerika Yazıçılar İttifaqına qatıldı.[18] 1939-cu ildə Sovet İttifaqının Finlandiyaya hücumunu dəstəkləyən bir məktuba imzasını atmışdı.
2012-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yayımlanan sənədlərə görə, Steynbek 1952-ci ildə Avropanı gəzməyi planlaşdırarkən Agentliyə öz yardımını təklif etmişdi.[19] Onun Soyuq Müharibə dövründə MKİ üçün spesifik olaraq hansı işləri görmüş olduğu isə bəlli deyil.
1967-ci ildə Vyetnam müharibəsi ilə bağlı reportaj hazırlayarkən Steynbek ABŞ ordusunu rəğbətlə təsvir etmişdi. Steynbekin bioqrafı Cey Pariniyə görə, ABŞ Prezidenti Lindon Consonla yaxın dostluğu Steynbekin müharibə ilə bağlı düşüncələrinə təsir göstərmişdi.[11] Vyetnamdakı müxbir işinə görə Steynbek solçu və liberal keçmişinə xəyanət etməklə günahlandırılmış, ciddi tənqidlərə məruz qalmışdı.
Steynbek açıq şəkildə hökumətin təzyiqlərindən şikayət edərdi.[20] Yazıçının böyük oğlu Tomas Steynbekə görə, o vaxtlar Federal Təhqiqat Bürosunun direktoru olan Con Edqar Huveri Steynbeki məhkəməyə çıxarmaq üçün heç bir əsas tapmamış və bu səbəbdən, sırf yazıçıya əziyyət vermək üçün, Vergi Nazirliyini hər il Steynbekin maddi vəziyyətini auditdən keçirməyə təşviq etmişdi. 1942-ci ildə ABŞ Ədliyyə Nazirinə məktubunda Steynbek yazmışdı: "Edqarın oğlanlarından ayağımı tapdalamağı dayandırmalarını xahiş edə bilərsinizmi? Düşmən bir yadplanetli olduğumu düşünürlər. Yorucudur."[21] FTB Steynbekin istintaq altında olduğunu inkar etmişdi.
Əsərləri
redaktəAd | İl | Kateqoriya | ISBN |
---|---|---|---|
Qızıl Kubok | 1929 | Roman | 0–14–018743-X |
Cənnət Otlaqları | 1932 | Qısa hekayələr | 9780140187489 |
Qırmızı Poni | 1933 | Novella | 9780140177367 |
Naməlum Tanrılara | 1933 | Roman | 9780140187519 |
Yuxarı Məhəllə (Tortilla Flet) | 1935 | Roman | 9780140042405 |
Bitməyən Mübarizə | 1936 | Roman | 9780143039631 |
Siçanlar və İnsanlar | 1937 | Novella | 9780140177398 |
Uzun Vadi | 1938 | Qısa hekayələr | 9780140187458 |
Onların Qanı Güclüdür | 1938 | Qeyri-bədii | 9780930588380 |
Qəzəb Salxımları | 1939 | Roman | 9780143039433 |
Unudulmuş Kənd | 1941 | Film ssenarisi | 9780143117186 |
Kortez Dənizi | 1941 | Qeyri-bədii | 9780140187441 |
Ay Batarkən | 1942 | Roman | 9780140187465 |
Atın Bombaları | 1942 | Qeyri-bədii | 9780143105916 |
Sardinalar Küçəsi | 1945 | Roman | 9780140177381 |
Dikbaşlar Avtobusu | 1947 | Roman | 9780142437872 |
İnci | 1947 | Novella | 9780140177374 |
Rus Jurnalı | 1948 | Qeyri-bədii | 9780141180199 |
Şiddətlə Yanarkən | 1950 | Novella | 9780143039440 |
Kortez Dənizindəki Odun | 1951 | Qeyri-bədii | 9780140187441 |
Cənnətdən Şərqə Doğru | 1952 | Roman | 9780140186390 |
Şirin Çərşənbə | 1954 | Roman | 9780143039471 |
Qısa Səltənət | 1957 | Roman | 9780143039464 |
Bir Müharibə Var İdi | 1958 | Qeyri-bədii | 9780143104797 |
Narazılığımızın Qışı | 1961 | Roman | 9780143039488 |
İtim Çarli ilə Amerika Yollarında | 1962 | Qeyri-bədii | 9780140053203 |
Viva Zapata! | 1975 | Film ssenarisi | 9780670005796 |
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 John Steinbeck // Internet Broadway Database (ing.). 2000.
- ↑ "Nobel Prize in Literature 1962 Arxivləşdirilib 2008-10-21 at the Wayback Machine". Nobel Foundation.
- ↑ 1 2 3 "Swedish Academy reopens controversy surrounding Steinbeck's Nobel prize Arxivləşdirilib 2013-07-13 at the Wayback Machine". The Guardian. 3 yanvar 2013
- ↑ Sixteen Modern American Authors, Volume 2 (1989) Bryer, R. Jackson, səh. 620. Duke University Press. ISBN 978–0822310181
- ↑ "Who, what, why: Why do children study Of Mice and Men Arxivləşdirilib 2015-01-07 at the Wayback Machine?". BBC News. 25 mart 2011.
- ↑ 1 2 "John Steinbeck Biography Arxivləşdirilib 2019-04-06 at the Wayback Machine". Biography.com Arxivləşdirilib 2018-08-10 at the Wayback Machine. 6 fevral 2018
- ↑ "Okie Faces & Irish Eyes: John Steinbeck & Route 66 Arxivləşdirilib 2012-11-21 at the Wayback Machine". Irish America. iyun 2007.
- ↑ 1 2 3 "The true adventures of John Steinbeck, writer: a biography" Jackson J. Benson (1984), ISBN 978-0-670-16685-5.
- ↑ "Introduction to John Steinbeck" The Long Valley, səh. 9–10, John Timmerman, 1995
- ↑ 1 2 3 4 "John Steinbeck: A Biography", Jay Parini, Holt Publishing, 1996
- ↑ 1 2 "The Nobel Prize in Literature 1962: Presentation Speech by Anders Österling, Permanent Secretary of the Swedish Academy Arxivləşdirilib 2018-11-07 at the Wayback Machine". NobelPrize.org.
- ↑ "Pulizer Prize Winners". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ A Survey on John Steinbeck's "The Grapes of Wrath" Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine, Bernd Steiner (November 2007), səh. 6, ISBN 9783638844598
- ↑ "THE MOON IS DOWN by John Steinbeck on Sumner & Stillman Arxivləşdirilib 2019-01-13 at the Wayback Machine". Sumner & Stillman.
- ↑ "Remarks at the Presentation of the 1964 Presidential Medal of Freedom Awards. | The American Presidency Project Arxivləşdirilib 2018-06-18 at the Wayback Machine". www.presidency.ucsb.edu
- ↑ Burial in timeline at this site, taken from '''Steinbeck: A Life in Letters'''. Steinbeck.org.
- ↑ "Remembering John Steinbeck, a great American writer". Times-Standard, 23 fevral 2013, Dave Stancliff
- ↑ Steinbeck: Citizen Spy, Brian Kannard, 2013, ISBN 978-0-9890293-9-1
- ↑ "Arxivlənmiş surət". 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "John Steinbeck And The FBI's Wrath Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine" The Smoking Gun, 20 iyul 1998