Elmar Hüseynov
Elmar Hüseynov (tam adı: Elmar Sabir oğlu Hüseynov;[1] 17 iyul 1967, Bakı, Azərbaycan SSR, SSRİ — 2 mart 2005, Bakı, Azərbaycan) — azərbaycanlı müstəqil jurnalist, "Qızıl qələm" və Həsən bəy Zərdabi mükafatı laureatı,[2] "Monitor" jurnalının yaradıcısı və baş redaktoru.[3] Hüseynov kəskin araşdırmaları ilə tanınan və hakimiyyəti sərt tənqid edən jurnalist idi.[4][5]
Elmar Hüseynov | |
---|---|
| |
Doğum tarixi | 17 iyul 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 2 mart 2005 (37 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sui-qəsd |
Dəfn yeri | İkinci Fəxri Xiyaban |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Həyat yoldaşı | Ruşaniyyə Hüseynova |
Uşağı | oğlu: Aslan |
Atası | Sabir Hüseynov |
İxtisası | Mühəndis-hidrotexnik |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri Universiteti |
Fəaliyyəti | jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
2005-ci ilin martında Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirilib.[5][6] Çoxsaylı ölüm təhdidləri alan[5] 37 yaşlı jurnalist sonda Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib.[5][7][8] Hüseynovun ölümü geniş beynəlxalq rezonans doğurub.[4] Onun qətlindən sonra Azərbaycanda ifadə azadlığının durumu sürətlə pisləşməyə başlamışdır.[9] Qətldən on doqquz ildən də çox vaxt keçməsinə baxmayaraq, hökumət bu qətli adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb.[8][5]
Elmar Hüseynov ailəli idi. Ölümündən sonra həyat yoldaşı və Aslan adlı bir oğlu qalıb.[2] Atası qətlə yetiriləndə Aslan 1 yaş, 4 aylıq idi. 2006-cı ilin sonlarında jurnalistin ailəsi Norveçdən siyasi sığınacaq alaraq, bu ölkəyə mühacirət ediblər.[2][10]
Həyatı
redaktəElmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub. 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. 1985–1987-ci illərdə sovet ordusunda xidmət edib.[2]
O, 1992-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir müddət ixtisası üzrə Azərbaycanda Xudafərin SES-in tikintisində və Rusiyada nəhəng Boquçan SES-in tikintisində çalışıb.[2]
Elmar Hüseynov 1995-ci ildə Rusiyadan Azərbaycana qayıdıb və burada jurnalist fəaliyyətinə başlayıb. Çox keçmədən "Zerkalo" qəzeti ilə əməkdaşlıq etməyə dəvət olunub.[2]
Elə həmin ildə Elmar Hüseynov "Trend" Analitik İnformasiya Agentliyini və həftəlik "Alver" qəzetini yaradır. O, 1996-cı ildə "Geoiqtisadi araşdırmalar mərkəzi"nin yaradılmasında iştirak edir. Elmar Hüseynov 1996-cı ildə ayda bir dəfə çıxan "Monitor" ictimai-siyasi jurnalını təsis edir. Bu jurnalın materialları kəskin tənqidi və cəsarəti ilə seçilirdi.[2]
1998-ci ilin yazında Bakı şəhər məhkəməsi üç tarixçinin iddiası əsasında Elmar Hüseynovu "Azərbaycan millətini təhqir etməkdə" ittiham edib və "Monitor" jurnalını 16 min manat[10] cərimə edib. Jurnal cəriməni ödəyə bilmədiyindən fəaliyyətini dayandırmalı olub.[2]
1998-ci ilin avqustunda Elmar Hüseynov həftəlik "Bakı bulvarı" qəzetini, 1999-cu ilin noyabrında isə həftəlik "Bakinskie vedomosti" qəzetini təsis edir. "Bakinskie vedomosti" qəzeti hədələr nəticəsində ancaq səkkiz nömrə çap edə bilir.[2]
2000-ci ilin fevralında Hüseynov həftəlik "Monitor weekly" jurnalının baş redaktoru və naşiri olur. Bu jurnalın yalnız on nömrəsi işıq üzü görür. Ciddi təzyiqlərdən sonra jurnalın yayımı dayandırılır. Elmara isə vergidən yayınma faktı ilə bağlı cinayət işi açılır, lakin vergi orqanları vergidən yayınma faktını sübut edə bilmədiyindən işə xitam verilir.[2]
6 sentyabr 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun "şərəf və ləyaqətinin təhqir olunması və böhtan" iddiası əsasında məhkəmə "Bakı bulvarı" qəzetinin bağlanması barədə qərar qəbul edib. Qəzetin naşiri Elmar Hüseynov isə altı ay müddətinə azadlıqdan məhrum edilib. Amma bir ay sonra beynəlxalq təşkilatların və ictimaiyyətin təzyiqi ilə azadlığa buraxılıb.[2]
Elmar Hüseynov və onun əməkdaşları bir neçə ay işsiz qalıb. 2002-ci ilin aprelindən isə Hüseynov yenidən "Monitor" jurnalını buraxmağa başladı. Jurnal ilkin olaraq aylıq, sonra isə həftəlik formatda nəşr olundu. 2005-ci ilin yazında "Monitor" jurnalı artıq Azərbaycanda ən nüfuzlu nəşrlərindən biri idi.[2]
Şəxsi həyatı
redaktəElmar Hüseynov 2002-ci ildə Rüşanə Hüseynova ilə ailə həyatı qurub.[11] Cütlüyün 29 oktyabr 2003-cü ildə Aslan adlı oğulları dünyaya gəlib.[12] Aslanın adı azərbaycanlı hüquqşünas Aslan İsmayılovun şərəfinə qoyulub.[13] Rüşanə Hüseynova Elmardan sonra ikinci dəfə ailə həyatı qurmayacağını bildirib.[14]
Elmar Hüseynovun ölümündən bir il sonra ailəsi Norveçdən siyasi sığınacaq alaraq, bu ölkəyə mühacirət ediblər.[2][10] 2023-cü ildə — 17 ildən sonra Rüşanə Hüseynova oğlu, 17 yaşlı Aslanla birlikdə Azərbaycana qayıdıb. Onlar Elmar Hüseynovun məzarını ziyarət etməklə yanaşı, Şuşaya da səfər ediblər.[15]
Qətli
redaktəElmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı bir sui-qəsd nəticəsində qətlə yetirilib.[5][6] Çoxsaylı ölüm təhdidləri alan[5] 37 yaşlı jurnalist, 2005-ci il martın 2-də, saat 21:00 radələrində, işdən evə qayıdarkən yaşadığı Bakı şəhəri, Nizami rayonu Qara Qarayev küçəsi 39 nömrəli evin üçüncü mərtəbəsində naməlum şəxs tərəfindən yaxın məsafədən[2] odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişib.[17][5][7][8]
Hüseynova yeddi güllə atılıb. Ekspertizanın nəticələrinə görə, atılan yeddi güllədən biri havaya atılıb, ikisi bədəninə sürtülərək yan keçib, dörd güllə isə bədəninin müxtəlif nahiyələrinə dəyib. İki güllə Elmarın qarnına, biri ürəyinə, biri isə ağzına vurulub.[18] Ürəyinə dəyən güllə Hüseynovun həyatına son qoyub.[18]
Hadisə yerindən təxminən 150 metr aralıda səsboğucusu olan "PSM" markalı tapança götürülmüşdür.[17][18] Ekspertiza güllələrin məhz tapılan "PSM" markalı tapançadan atıldığını müəyyən etmişdir.[16]
Elmar Hüseynovun atası Sabir Hüseynov və xanımı Rüşanə Hüseynova hadisədən az əvvəl işıqlarının, qətldən sonra isə mobil və şəhər telefonlarının kəsildiyini bildiriblər.[18]
Dəfni
redaktəMartın 4-də Elmar Hüseynovun dəfn mərasimi baş tutub.[20][21] Dəfndən öncə Azərbaycan Milli Elmlər Akademiyasının böyük zalında jurnalistlə vida mərasimi keçirilib.[21] Elmar Hüseynovun Azərbaycanın dövlət bayrağına bürünmüş tabutu saat 12:00-dən başlayaraq ziyarət olunmağa başladı.[21] Jurnalistlə vida mərasimə minlərlə adam gəlib.[20] Onların arasında Azərbaycan və xarici kütləvi informasiya vasitələri, ictimai-siyasi, hüquq-müdafiə təşkilatları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və hökuməti təmsil edən şəxslər də var idi.[21]
Saat 15:00-da ziyarət sona çatıb və çıxışlar başlanıb.[21] Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Monitor" jurnalının əməkdaşı Eynulla Fətullayev, ABŞ-nin Azərbaycandakı səfiri Rino Harniş və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış edənlər arasında olublar.[21]
Bakı Şəhər İcra Hakimiyyəti təşkilatçılara qəbiristanlığa avtobuslarla getməyi təklif etsə də, mərasimdə iştirak edənlər bundan imtina ediblər.[21] İnsanlar jurnalistin tabutunu Azərbaycan Milli Elmlər Akademiyasından qəbiristanlığa qədər çiyinlərində, piyada aparıblar.[22] Elmar Hüseynov İkinci Fəxri Xiyabanda dəfn olunub.[23][24]
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, dəfnin keçirilməsi üzrə bütün xərcləri Bakı Şəhər İcra Hakimiyyəti öz üzərinə götürüb.[20]
Reaksiyalar
redaktə- 3 mart 2005-ci ildə Prezident yanında Təhlükəsizlik Şurasında Elmar Hüseynovun qətli müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyev hüquq-mühafizə orqanlarına cinayətin tezliklə araşdırılması və qatillərin tapılması ilə bağlı tapşırıq verib. Yığıncaqdan sonra o, kütləvi informasiya vasitələrinə açıqlamasında deyib ki, bu, Azərbaycanın müasir tarixində jurnalistlərin zorakı üsulla öldürülməsinə dair ilk hadisədir. Baş verən hadisəni Azərbaycana ləkə adlandıran prezidentin sözlərinə görə, bundan bəzi qüvvələr ölkənin beynəlxalq aləmdə gözdən salınması üçün istifadə edə bilərlər.[25]
- 21 iyul 2005-ci ildə İlham Əliyev Azərbaycan milli mətbuatının 130 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak edərkən bildirmişdir ki, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli bizim hamımızı çox sarsıtdı. Bu, Azərbaycanın demokratik inkişafına vurulmuş zərbə idi. Biz hamımız çalışmalıyıq ki, bu cinayət tezliklə açılsın və cinayəti törətmiş insanlar məsuliyyətə cəlb olunsunlar. Ən önəmlisi budur ki, bu cinayəti sifariş edən qüvvələr ifşa olunsun. Bu istiqamətdə hüquq mühafizə orqanları çox gərgin işləyirlər. Artıq ilkin məlumatlar var və ictimaiyyət bu barədə məlumatlandırılır. Ümid edirəm ki, bu cinayətin üstü açılacaqdır. Bu, bizim hamımız üçün lazımdır. Təkcə Elmar Hüseynovun ailə üzvlərinə, yaxud da onun qohumlarına, dostlarına, həmkarlarına yox, bizim cəmiyyətimizə lazımdır. Bu ləkə Azərbaycanın üzərindən götürülməlidir və biz çalışacağıq ki, bu cinayət tezliklə açılsın.[26]
- ABŞ Dövlət Departamenti Elmarın — Azərbaycanın aparıcı jurnalistlərindən birinin qətlindən "sarsıldığını və kədərləndiyini" bildirib. "Elmar Hüseynovun ölümü ölkədə demokratiya və azad mətbuat üçün böyük itkidir" — deyə Dövlət Departamentinin bəyanatında bildirilib.[27]
- Avropa Şurasının baş katibi Terri Devis öz bəyanatında — "Mən Elmar Hüseynovun vəhşicəsinə öldürülməsindən sarsılmışam. Bu, Azərbaycanda fikir azadlığına hücumdur. Elmar Hüseynov demokratik cəmiyyətin əsaslarından olan azad KİV-in inkişafında böyük rol oynayıb" — deyə bildirib.[27]
- "Sərhədsiz reportyorlar" beynəlxalq KİV azadlığını müdafiə təşkilatının bəyanatında — "Elmar Hüseynovun qətli Azərbaycanda jurnalistlərə qarşı aylarla davam edən təqib kampaniyasının kulminasiya nöqtəsi oldu" deyilib. Təşkilat martın 2-də Elmar Hüseynovun mənzilin girəcəyində öldürülməsindən sarsıldığını da bildirib.[28]
- "Elmar Hüseynovun qətlə yetirilməsi Azərbaycanda tənqidlə məşğul olmağın nə dərəcədə təhlükəli olduğundan xəbər verir" — deyə "Human Rights Watch" təşkilatının bəyanatında qeyd olunub.[27]
- Azərbaycan Xalq Cəbhəsi Partiyasının "islahatçılar" tərəfinin lideri Əli Kərimli, Elmar Hüseynovun öldürülməsini hakimiyyətin demokratik qüvvələrə xəbərdarlığı kimi qiymətləndirib. Bunda məqsədin isə seçki ərəfəsində müstəqil mətbuat və demokratik qüvvələrin gözünü qorxutmaq olduğunu bildirib.[25]
- Müsavat Partiyasının başqanı İsa Qəmbər baş verən hadisəni hakimiyyətin azad mətbuata və azad sözə qarşı terroru kimi dəyərləndirib. O, həmçinin bildirib ki, "Ölkənin birinci şəxsi müqəssirləri az vaxta aşkar edib cəzalandırmasa, bütün komandasıyla birgə istefa verməlidir."[25]
Qatilinin tapılması
redaktəQəsdən adam öldürmə faktına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmış, Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmışdır.[17]
2005-ci il mayın 4-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, ictimaiyyətə məlumat verib ki, Elmar Hüseynovun qətlində Gürcüstan vətəndaşı olan Tahir Xubanovun iştirakı müəyyənləşib. Bəyanatda o da bildirilib ki, Tahir Xubanov hadisədən dərhal sonra Azərbaycanı tərk edib və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan olunub.[19] Həmçinin qeyd olunub ki, istintaq araşdırmaları ABŞ-nin Federal Təhqiqat Bürosu və Türkiyənin Mərkəzi Təhlükəsizlik İdarəsilə birgə əməkdaşlıq çərçivəsində aparılıb.[19]
2005-ci il mayın 20-də istintaq qətldə şübhəli bilinən daha bir şəxsin adını açıqlayıb — yenə Gürcüstan vətəndaşı olan Teymuraz Əliyev.[19]
2005-ci ilin may ayında Rəsmi Bakı Gürcüstan hakimiyyətinə müraciət edərək şübhəli bilinənlərin verilməsini tələb edib.[27] Lakin 28 iyul 2005-ci ildə Gürcüstan Baş Prokurorluğu Tahir Xubanov və Teymuraz Əliyevi Azərbaycana təhvil verməkdən imtina edib. Tbilisi Bakıdan cinayət işinin materiallarını istəyib və təqsirləri təsdiqini taparsa, şübhəli şəxslərin saxlanılacağını və Gürcüstanda məhkəməyə çıxarılacağını bildirib.[10] Rəsmi Bakı buna cavab verməyib.[10]
26 iyul 2005-ci ildə Bakının Nizami rayon Məhkəməsi Tahir Xubanov və Teymuraz Əliyev üçün mobil telefon və nömrə almaqda təqsirli bilinən Turqay Bayramovu 2 il yarım müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bayramov cəzasını çəkdikdən sonra azadlığa çıxıb.[10]
25 iyul 2006-cı ildə[10] cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. O, jurnalist Elmar Hüseynovu keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin sifarişi ilə öldürdüyünü demişdir. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.[10][29]
13 aprel 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Elmar Hüseynovun qətli ilə bağlı istintaqa dair hökmündə, 4 əsas məqamı[Qeyd 1] vurğulayaraq, Azərbaycanı jurnalistin yaşamaq hüququnu pozmaqda təqsirli sayıb.[6] Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro cərimələnib.[6][30]
Elmar Hüseynovun qətlindən on doqquz ildən də çox vaxt keçməsinə baxmayaraq, hökumət bu qətli adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb.[8][5]
Xatirəsi
redaktə29 mart 2005-ci ildə Elmar Hüseynov adına Fond yaradılıb. Təsisçiləri jurnalist təşkilatları olan fondun prezidenti Elmar Hüseynovun həyat yoldaşı Rüşanə Hüseynova seçilib.[31][32]
2007-ci ilin oktyabrında ABŞ-nin Azərbaycan səfirliyi və "Elmar Hüseynov Fondu" jurnalistlər üçün "Elmar Hüseynov Mükafatı" təsis edib.[33] Mükafat Fondunu ABŞ Dövlət Departamenti maliyyələşdirib.[34]
2011-ci ildə azərbaycanlı jurnalist Azər Qaraçənli Elmar Hüseynova həsr etdiyi — "Elmar Hüseynov" adlı elektron kitabını təqdim edib.[35]
2013-cü ildə "Art for Democracy" (azərb. "Demokratiya naminə incəsənət") hüquq-müdafiə təşkilatı Elmar Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədilə ona mahnı həsr edib. "Tengri" rok qrupunun ifasında səslənən mahnı "Yad" adlanır.[36][37]
2015-ci ildə azərbaycanlı rəssam və illüstrator Gündüz Ağayev "Təsəvvür et" adlı layihəsini təqdim edib. Bu layihədə o, uşaqların müxtəlif səbəblərdən yaşamalı olduqları faciəli və dəhşətli hadisələrə sülh və sevgi ilə dolu olan öz versiyasını təqdim edib. Layihədə Elmar Hüseynovla oğlu Aslana həsr olunan illüstrasiya da yer alıb.[38]
2016-cı ildə Avropadan yayımlanan "Azərbaycan saatı" proqramı Elmar Hüseynov haqqında "Убийство слова" (azərb. "Sözün qətli") adlı sənədli film çəkib. Film jurnalistin qətlinin 11 illiyinə həsr olunub.[39]
2018-ci ilin martında, Elmar Hüseynovun ölümünün 13-cü ildönümündə "Monitor" jurnalının xüsusi buraxılışının təqdimatı keçirilib. Jurnalda ictimai və siyasi xadimlərin jurnalistə həsr etdikləri məqalələr, onun haqqında xatirələr, həmçinin Elmar Hüseynovun Azərbaycan dilinə tərcümə olunmuş məqaləsi yer alıb.[40]
Qeydlər
redaktə- ↑ 1) Azərbaycan hökumətinin hüquqi imkanı olmasına baxmayaraq və hətta bu seçim Azərbaycana Gürcüstan hakimiyyəti tərəfindən rəsmən təqdim edildikdən sonra, hökumət cinayət işini Gürcüstana təhvil verməyib. 2) Elmar Hüseynovun yoldaşı, Rüşanə Hüseynovanın tələblərinə baxmayaraq, Azərbaycan hökuməti istintaqla bağlı sənədləri ona təqdim etməyib. 3) Qətldən 12 il sonra istintaq işlərinin hələ də nəticəsiz davam etməsi araşdırmanın cəld şəkildə aparılmadığını göstərir. 4) Elmar Hüseynovun hökumət barədə tənqidi yazıları, ona qarşı 30-dan çox məhkəmə şikayəti və qətlin planlanmış şəkildə həyata keçirilməsini nəzərə alaraq, onun qətlinə səbəbin jurnalistika fəaliyyəti ilə bağlı olması istintaq üçün əsas mövzulardan biri olmalı idi. Lakin təqdim edilən sənədlər, istintaqın qətlin arxasında dayanan motivasiyaları kifayət qədər araşdırmadığını göstərir.[6]
İstinadlar
redaktə- ↑ "Elmar Hüseynovun atası vəfat etdi". Milli.az. 10 sentyabr 2014 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 "ТАКАЯ КОРОТКАЯ ЯРКАЯ ЖИЗНЬ". Monitor jurnalı. 2 mart 2017 tarixində arxivləşdirilib.
- ↑ "OSCE Representative marks 10th anniversary of journalist's death in Azerbaijan, calls for end to impunity". Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. 25 mart 2016 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "В Азербайджане появился свой Гонгадзе". Kommersant. 1 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 7 8 9 RATİ, 2016. səh. 12
- ↑ 1 2 3 4 5 "Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanın yeni məğlubiyyətləri". BBC. 21 yanvar 2018 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "В Азербайджане убит главный редактор оппозиционного журнала "Монитор"". Kavkaz-uzel.eu. 23 iyul 2017 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 "Сегодня был убит Эльмар Гусейнов". Haqqin.az. 19 mart 2018 tarixində arxivləşdirilib.
- ↑ RATİ, 2016. səh. 29
- ↑ 1 2 3 4 5 6 7 8 Turan İnformasiya Agentliyi. "ELMAR HÜSEYNOVUN ÜSTÜ AÇILMAMIŞ QƏTLİNİN XRONİKASI". Deyerler.org. 2019-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
- ↑ "Эльмар Гусейнов. Прерванный полет". Minval.az. 30 mart 2015 tarixində arxivləşdirilib.
- ↑ "ELMAR HÜSEYNOVUN OĞLU ASLANIN 5 YAŞI TAMAM OLUR". Deyerler.org. 2019-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
- ↑ "Elmarsız 10 il…". Moderator.az. 8 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ "Рушана Гусейнова: "Я умру вдовой Эльмара Гусейнова"". Day.az. 5 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ "Elmar Hüseynovun ailəsi 17 ildən sonra Azərbaycana gəldi - FOTOLAR". Konkret.az. 10 avqust 2023 tarixində arxivləşdirilib.
- ↑ 1 2 ""Sərhədsiz Reportyorlar"ın rəhbəri E. Hüseynovun qətlinin istintaqı ilə bağlı Bakıya gəlir". Azadlıq Radiosu. 3 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 "Azərbaycan Respublikası Baş Prokurorluğunun, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin məlumatı". Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi. 2019-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.
- ↑ 1 2 3 4 "Xanımı E. Hüseynovun ilin əvvəlindən izləndiyini deyir". Azadlıq Radiosu. 3 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 "Avropa Məhkəməsi Elmar Hüseynovun qətli üzrə kommunikasiyaya başlayıb". Amerikanın səsi. 3 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 "В Баку состоялись похороны убитого журналиста Гусейнова". RİA Novosti. 3 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 7 "Elmar Hüseynov torpağa tapşırıldı". Azadlıq radiosu. 3 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ "В Азербайджане похороны Э.Гусейнова сопровождались антиправительственными митингами". Kavkaz-uzel.eu. 3 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ "Jurnalistlər peşə bayramlarını Fəxri Xiyabanda qeyd ediblər". Azadlıq radiosu. 3 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ "Elmar Hüseynovun doğum günü məzarı başında anıldı". Yeni Müsavat. 3 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 "Siyasi qüvvələr E. Hüseynovun qətlini "terror" kimi qiymətləndirirlər". Azadlıq radiosu. 4 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ Prezident Kitabxanası, 2005. səh. 188
- ↑ 1 2 3 4 "Elmar Hüseynovun qətlili bağli". Amerikanın səsi. 4 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ "МИР СКОРБИТ С НАМИ". Monitor. 22 avqust 2017 tarixində arxivləşdirilib.
- ↑ "Hacı Məmmədov işi davam edir". BBC. 6 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ "Elmar Hüseynovun qətlindən 13 il keçir: "Medianın üzərinə yürüş hələ də davam edir"". Arqument.az. 6 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ "Учрежден фонд Эльмара Гусейнова". Monitor. 2 mart 2017 tarixində arxivləşdirilib.
- ↑ "Elmar Hüseynov adına Fond yaradılıb". Azadlıq radiosu. 6 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ "ABŞ SƏFİRLİYİ VƏ "ELMAR HÜSEYNOV FONDU" JURNALİSTLƏR ÜÇÜN "ELMAR HÜSEYNOV MÜKAFATI"NA MÜSABİQƏ ELAN EDİR". Turan İnformasiya Agentliyi. 6 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ "Monitor jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynov mükafatının təqdimatı olub". Amerikanın səsi. 6 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ "Jurnalist Elmar Hüseynov haqda yeni e-kitab". Azadlıq Radiosu. 7 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ "Elmar Hüseynova ithaf". Amerikanın səsi. 6 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ "Mərhum jurnalist Elmar Hüseynov bu gündə dünyaya gəlib". Azinforum.az. 6 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ "Transforming war into peace: Artist turns devastating historic photos of children ravaged by violent conflict and famine into happy illustrations". Dailymail.co.uk. 7 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ "Новый фильм об убийстве Эльмара Гусейнова". Haqqin.az. 7 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ ""Monitor" jurnalının xüsusi buraxılışının təqdimatı". Turan İnformasiya Agentliyi. 7 fevral 2019 tarixində arxivləşdirilib.
Ədəbiyyat
redaktə- Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu. Rasim Əliyevin Üstü Açılmamış Qətli (PDF). 2016.
- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri və bəyanatları. 2005 – ci il (PDF). 2005.