Şuşa Dərman Bitkiləri Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şuşa Dərman Bitkiləri Muzeyi
Əsası qoyulub 29 iyul 1984
Açılış tarixi 29 iyul 1984
Bağlanıb may 1992
Mövzu dərman bitkiləri
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Təzə məhəllə məscidi, Şuşa
Direktor Əmirşah Məmmədov

Şuşa Dərman Bitkiləri Muzeyi və ya Yaşıl aptek-muzey[1]Azərbaycanın Şuşa şəhərində yerləşmiş aptek-muzey. Dərman bitkilərinə həsr olunmuş bu muzey 1992-ci ilin mayında erməni işğalı səbəbilə fəaliyyətini dayandırmışdır.

Dərman Bitkiləri Muzeyi 29 iyul 1984-cü ildə Şuşa şəhərində Vaqif poeziya bayramında açılmışdır.[2] Muzey Mehmandarovların yaşayış kompleksinə daxil olan bərpa edilmiş Təzə məhəllə məscidində fəaliyyət göstərirdi.[2] Bərpa prosesi zamanı məscidə bədii tərtibat verilərkən milli xüsusiyyətlər qorunub-saxlanılmış, abidə orijinal halına qaytarılmış, tavanları təbii bitki boyaları ilə rənglənmişdir.[2] Muzeyin direktoru Əmirşah Məmmədov olmuşdur.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Muzeydə çobanyastığı, boymadərən, gülxətmi, bağayarpağı, ətirşah, qatırquyruğu, yovşan, gicitkən, qırxbuğum, dağtərxunu, adaçiçəyi, darçın, dağnanəsi, ümumiyyətlə, 50-dən çox dərman bitkisi nümayiş etdirilirdi.[2] Ağacdan toxunmuş dibçək və səbətlərdə əkilən dərman bitkiləri muzeydə dağ bağçası təəssüratı oyadırdı.[2] Muzeydəki dərman bitkilərinin hamısı Şuşanın yaylaqlarında, dağ və yamaclarında yetişmiş bitkilər idi.[2]

Muzeyin bir bölməsi keçmiş təbabətdə istifadə edilən alətlərə həsr olunmuşdu.[2] Burada qab-qacaq, saxsıdan düzəldilmiş mis həvəngdəstə, dərman hazırlamaq üçün şüşə qablar, manqal, sandıq, gülab qabı, kasa və cam nümayiş etdirilirdi.[2] Muzeyin divarlarında Mirzə Sadıq Lətifov, Mirzə Məmmədqulu Təbib, Mir Möhsün Nəvvab, Mirzə Cavad bəy Qayıbov, Mirzə Hüseyn, Kərim bəy Mehmandarov kimi el təbiblərinin yağlı boya ilə çəkilmiş portretləri asılmışdı.[2] Bir guşədə isə xalq həkimlərinin təbabətə aid əsərlərindən ibarət ekspozisiya təşkil olunmuşdu.[2] Xarici qonaqlar üçün izahlar Azərbaycan dili ilə yanaşı, həm rus, həm də ingilis dilində verilmişdi.[1]

Muzeyin tərkibində 666 nömrəli aptek fəaliyyət göstərirdi.[2] Aptekdə əhaliyə əczaçılıq xidməti göstərilir, təbii bitkilər və onlardan hazırlanan dərmanların açıq satışı təşkil olunurdu.[2] Dərman bitkilərindən dəmləmə və bişirmə şəklində elə muzeydə istifadə olunurdu.[2]

  1. 1 2 3 "Bir daha "Qarabağ muzeyləri" haqqında". Modern.az (az.). 22 aprel 2015. 23 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Şuşa muzeyləri - Yaddaş". 525-ci qəzet (az.). 25 may 2021. 23 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2022.