Ədliyyə Nazirliyi (Azərbaycan)
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Ədliyyə Nazirliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 22 noyabr 1918 |
Tabelik | Azərbaycan Respublikası Prezidenti |
Baş qərargah | Bakı |
Ünvan | İnşaatçılar prospekti 1 |
Rəhbərlik | |
Nazir | Fərid Əhmədov |
Müavin |
Abidin Hüseynov Toğrul Hüseynov Mübariz Əhmədov Eldar Nuriyev Mirsaleh Seyidov |
|
|
Rəsmi saytı | justice.gov.az |
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi — qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]1802-ci ildə Rusiya İmperiyasında Ədliyyə Nazirliyi yarandıqdan sonra Ədliyyə Naziri eyni zamanda ölkənin Baş prokuroru hesab edilmiş, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycan torpaqlarının parçalanması nəticəsində quzey Azərbaycan torpaqları Rusiya tərəfindən işğal olduqndan sonra, qeyd olunan qurumların yurisdiksiyası Azərbaycan ərazisinə də şamil olunmuşdur[2].
1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılmış, dövlət qurumları qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir.
Cümhuriyyətin yaranması ilə eyni gündə (28.05.1918) Ədliyyə Nazirliyi də təsis edilmiş, Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsinin qəbul edilməsinin ardınca, [3]1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən Əsasnaməsi təsdiq olunmuşdur[4].
Ədliyyə Nazirliyi Xalq Cümhuriyyətinin mövcud olduğu qısa dövr ərzində digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə yanaşı, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi, hüquq mühafizə fəaliyyəti sahəsində önəmli işlər həyata keçirmiş, Nazirlik ölkədə qanunçuluğun təmin edilməsi üçün qısa müddət ərzində müstəqil məhkəmə sisteminin formalaşması baxımından mühüm işlər görə bilmişdir.
Hökümətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş təkmilləşdirilmişdir.
Bu müddət ərzində, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə "Məhkəmə idarəsində vəzifələrə namizədlər haqqında", "Azərbaycanın andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında" və digər qanunlar parlamentdə müzakirəyə çıxarılmışdır.
Bu dövrdə F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cumhurriyyətinin Ədliyyə Nazirləri, eyni zamanda baş prokurorları olmuşlar.
Cümhuriyyətin Sovet Rusiyası tərəfindən işğalından sonra, 13 may 1920-ci il tarixdə Ədliyyə Nazirliyi ləğv edilərək, əvəzində Xalq Ədliyyə Komissarlığı qurulmuş, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir.
Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək, funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlar arasında bölüşdürülmüş, Azərbaycan SSR baş prokuroru eyni zamanda Ədliyyə Naziri hesab olunmuşdur.
1933-cü ildə Xalq Ədliyyə Komissarlığının yenidən təşkili nəticəsində qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, Ali Məhkəməyə, prokurorluq orqanlarına və vəkillərə nəzarət edilməsi kimi bir sıra yeni səlahiyyətlər Komissarlığa həvalə olunmuşdur.
Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə Xalq Ədliyyə Komissarları olan Əliyehdər Qarayev, S.Çivanov, B.Vəlibəyli, Böyükağa Talıblı, Hüsü Hacıyev, Ayna Sultanova, Y.Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları vəzifəsini icra etmişlər.
1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır.
1937-ci ildə təsdiq olunmuş Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsinə görə Komissarlığın fəaliyyəti bir xeyli məhdudlaşdırıldığından səlahiyyətlərinin əsas predmetini məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara nəzarət təşkil etmişdir.
7 dekabr 1959-cu il tarixdə isə Ədliyyə Komissarlığı ləğv edilərək, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunub, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilib və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri həmin orqanlar arasında bölüşdürülüb.
27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi yenidən yaradılmış, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmişdı. O dövrdən başlayaraq ədliyyə sistemi dövlət mexanizminin mühüm elementi kimi öz rolunu artırmış, hüquq-mühafizə fəaliyyəti, struktur formalaşması, digər orqanlarla qarşılıqlı əlaqənin səmərəli və operativ təmin edilməsi istiqamətində işlərin normativ və praktiki təşkili üzrə mühüm təcrübə formalaşmışdır. Həmin bu təcrübə Azərbaycanda müstəqilliyin ilk illərində ədliyyə sisteminin gələcək inkişafını qura bilmək üçün mühüm baza rolunu oynamışdır.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1992-ci il tarixli Fərmanı[5] ilə Ədliyyə Nazirliyinə öz səlahiyyətləri həddində xarici dövlətlərin müvafiq orqanları ilə, habelə beynəlxalq təşkilatlarla hüquqi yardım haqqında müqavilələr və sazişlər bağlamaq hüququ verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 9 oktyabr 1999-cu il tarixli Fərmanı[6] ilə Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi təmin edilmiş, 11 noyabr 2000-ci il tarixli Sərəncamla 22 noyabr - Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiqləndiyi gün, Respublikamızda ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlanıb.
Ümummilli liderin təşəbbüsü ilə, 16 avqust 2001-ci ildə Azərbaycanın Ədliyyə tarixi ilə bağlı muzeyin yaradılması qərarı verilir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilmiş, ona hüquq mühafizə orqanı statusu verilmişdir.
26 may 2006-cı il tarixində "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun[7] qəbul olunmuş, 25 iyul 2006-cı il tarixində dövlət başçısı tərəfidən həmin Qanunun tətbiqi barədə Fərman[8] imzalanaraq, 31.07.2006-cı il tarixində Qanunun qüvvəyə minməsi təmin edilmiş, 17 avqust 2006-cı il tarixlərində dövlət başçısı tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" Fərman[9] imzalanmışdır.
Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı[10] ilə təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" ölkəmizdə ədliyyə sisteminin daha da təkmilləşməsində, işinin müasir tələblərə uyğun qurulmasında, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki səmərəliliyin artırılmasında önəmli rol oynamışdır.
Ölkə başçısının 18 dekabr 2018-ci il tarixli Sərəncamı[11] ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib, icrasına başlanmışdır.
Fəaliyyət istiqamətləri
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnaməyə uyğun olaraq nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:[12]
- ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
- ədliyyə sahəsinin inkişafını təmin edir;
- hüquq-mühafizə fəaliyyətini həyata keçirir;
- qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır;
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını təşkil edir;
- notariat fəaliyyətini təşkil edir;
- qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının, dövlət qeydiyyatını həyata keçirir və qeyri-kommersiya hüquqi şəxslərin, “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının, dövlət reyestrini aparır;
- sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini aparır;
- Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini aparır;
- dəfnlərin vahid dövlət reyestrini aparır;
- daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün qeyri-kommersiya hüquqi şəxslərini akkreditasiyadan keçirir;
- qanunvericiliyə uyğun olaraq müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir;
- məhkəmə qərarlarının icrasını təmin edir;
- probasiya nəzarətinin həyata keçirilməsini təmin edir;
- penitensiar müəssisələrin fəaliyyətini təşkil edir və nəzarəti həyata keçirir;
- bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir;
- qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır;
- hüquq sahələrinə dair elmi tədqiqat işlərini aparır;
- tabeliyində olan məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizası fəaliyyətini təşkil edir;
- özəl məhkəmə eksperti şəhadətnaməsini verir;
- Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparır;
- hakimlərin, ədliyyə işçilərinin, vəkillərin əlavə təhsilini, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə əlavə təhsilini təmin edir;
- ilk dəfə ədliyyə, orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təliminin həyata keçirilməsini təmin edir;
- hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin həyata keçirilməsini təmin edir;
- hüquqi maarifləndirmə işini həyata keçirir;
- Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;
- qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Strukturu
[redaktə | mənbəni redaktə et]Ədliyyə Nazirliyinə 5 müavini olan ədliyyə naziri rəhbərlik edir.[13]
1. Rəhbərlik
Nazir
Nazir müavini
Nazir müavini
Nazir müavini
Nazir müavini[5]
Nazir müavini - Penitensiar xidmətin rəisi
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatı [6]
Strateji planlaşdırma və monitorinq baş idarəsi
Qanunvericilik baş idarəsi
Notariat, qeydiyyat və reyestr baş idarəsi
İcra xidməti (baş idarə səlahiyyətli)
Probasiya xidməti (baş idarə səlahiyyətli)
Beynəlxalq əməkdaşlıq baş idarəsi
Bələdiyyələrlə iş baş idarəsi
Cəzaların icrasına nəzarət baş idarəsi
İstintaq idarəsi
İnsan resursları idarəsi
Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi
Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi
Maliyyə və təminat idarəsi
Mətbuat xidməti (idarə səlahiyyətli)
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan ədliyyə orqanları və təşkilatlar
Penitensiar xidmət (baş idarə səlahiyyətli)
Ədliyyə Akademiyası (baş idarə səlahiyyətli)
Məhkəmə Ekspertizası Mərkəzi (baş idarə səlahiyyətli)
Tibb baş idarəsi
Regional, yerli və digər qurumlar
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
- ↑ Baş prokurorluq. https://genprosecutor.gov.az/az/page/prokurorluq/azerbaycan-prokurorlugu/tarix (#bare_url_missing_title). 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-11.
- ↑ "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi". www.justice.gov.az. 2024-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-11.
- ↑ "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi". www.justice.gov.az. İstifadə tarixi: 2024-10-11.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-11.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-11.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-11.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-11.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-11.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-11.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-11.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.