İdrak fəlsəfəsi

Vikipediya, azad ensiklopediya
(Ağıl fəlsəfəsi səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Beynin frenoloji xəritələşdirilməsi[1] — frenologiya zehni funksiyaları beynin müəyyən hissələri ilə əlaqələndirmək üçün ilk cəhdlərdən biri idi, halbuki indi böyük ölçüdə nüfuzdan düşmüşdür.

İdrak fəlsəfəsi — mövzusu ağlın təbiəti, o cümlədən ağlın fiziki reallıq ilə nisbəti olan fəlsəfi fənn.[2][3][4]

XIX əsrdə alman filosofu Artur Şopenhauer ağlı "Kainatın əngəli" adlandırmış, onun insan biliyinin ən qaranlıq hissəsi olduğunu vurğulamışdır. Ağıl fəlsəfəsi XX əsrdə ən populyar mövzulardan birinə çevrilmişdir. Bu mövzu haqqında hər il çoxlu ədəbiyyat nümunələri nəşr olunurdu. Müasir ABŞ filosofu Riçard Rorti bildirmişdir ki, təfəkkür fəlsəfəsi indiki dövrdə əlverişli olan tək fəlsəfi fənndir.

Ağıl fəlsəfəsi antik dövrə qədər gedib çıxır. PlatonAristotel dualizmin ilk mütəfəkkirlərindəndir, çünki onlar düşünürdülər ki, ağıl materiyadan ayrı bir ontoloji reallıqdır. Monizm ənənəsinin kökündə başqa bir qədim yunan filosofu olan Parmenid dayanır. O, iddia edirdi ki, varlıq və ağıl birdir. Dualizm Qərb fəlsəfəsinə 17-ci əsrdə Rene Dekart sayəsində daxil oldu.[5] Dekart kimi substansiya dualistləri ağılın müstəqil mövcud olan substansiya olduğunu iddia edirdilər, xüsusiyyət dualistləri isə ağılın beyində üzə çıxan və beyinə reduksiya edilə bilməyən bir sıra müstəqil xüsusiyyətlər olduğunu, ancaq ayrı bir substansiya olmadığını müdafiə edirlər.[6] Spinoza, LokkYum kimi modern dövrün filosoflarının toxunduğu ən əhəmiyyətli mövzulardan birinə çevrilir.

İdrak nəzəriyyəsi

[redaktə | mənbəni redaktə et]

İdrak nəzəriyyəsi idrak, insan biliklərinin hüdudları, bu biliyin əldə edilməsi üsulları və onun yəqinlik meyarları haqqında fəlsəfi təlimdir. Yunan dilinə tərcümədə bu nəzəriyyə qnoseologiya (yunanca gnosis-bilik və logos-təlim deməkdir) və ya epistemologiya (yunanca episteme-bilik, logos-təlim deməkdir) adlanır. Bu gün "epistemologiya" termini daha tez-tez istifadə edilir və "qnoseologiya" termini ilə müqayisədə onun elmi mənası çox aydın şəkildə ifadə olunmuşdur[7]. İdrak şüur daşıyıcısı olan subyektlə, onun müraciət etdiyi obyekt arasında yaranan bir əlaqədir. İdrak prosesində bir şüurun (subyekt) və bir obyektin varlığı zəruridir. Nə obyektsiz bir subyekt, nə də subyektsiz bir obyekt ola bilər. Belə bir idrak əlaqəsi, özündə idrak nəzəriyyəsi ilə bağlı (epistemoji) müxtəlif məsələlər daşıyır. Bunların ən başlıcası, biliyin doğru olub olmaması məsələsidir.

İdrak nəzəriyyəsinin şərhləri

[redaktə | mənbəni redaktə et]

İdrak nəzəriyyəsinin şərhləri müxtəlifdir. Fəlsəfi məktəblərin fəlsəfədə idrakın obyekti, reallığı dərk etməyin metodları, alınmış nəticələrin həqiqiliyinin yoxlanılması üsulları və digər problemlərə yanaşmalar arasında ciddi fərqlər vardır. Bu fərqlərlə bağlı klassik fəlsəfə, marksizm və müasir ümumfəlsəfi cərəyanlar ziddiyyətli yer tuturlar.

İdrakın mahiyyəti

[redaktə | mənbəni redaktə et]

İdrak tarixən inkişaf edən və bununla da sırf insani proses kimi biliyin saxlanması, yığılması, çoxalmasıdır. Beləliklə, idrak insan şəxsiyyətinin mənəvi inkişafıdır. İdrak həm də həqiqətin düşünülmüş şəkildə başa düşülməsi və praktikada tətbiq edilməsidir. İdrak da praktika kimi bəzi hallarda bir başa, bəzi hallarda dolayı yolla bütün insan fəaliyyətini xarakterizə edir.

İdrak haqqında düşüncələr

[redaktə | mənbəni redaktə et]

Bütün materialistlər belə hesab edirlər ki, idrak gerçəkliyin əks olunmasının xüsusi formasıdır; əksetmə materiyanın ümumi xassəsidir. Dialektik materializmə görə, ümumiyyətlə şüur əksolunmanın ali formasıdır; belə əksolunma isə insanın mənafeyinə uyğun olaraq əmək, istehsaletmə fəaliyyəti əsasında ətraf gerçəkliyi dəyişmək yolu ilə yalnız insan cəmiyyətində baş verir, deməli, yalnız insana məxsusdur. XX əsrin 30-cu illərində Sovetlər Birliyində V. İ.Leninin idrak haqqında görüşləri ehkamlaşdınidı, son dərəcə ideologiyalaşdırıldı və "Leninin inikas nəzəriyyəsi" adlandınidı. Lakin rus filosofu V. A. Lektorskinin dediyi kimi duyğunu "obyektiv aləmin subyektiv obrazı" hesab etmək sadəlövh sensualizm mövqeyini ifadə edir və hər halda keçən əsrin ortalannda qəti olaraq anaxronizmə çevrilir. Bir çox müasir Avropa alimlərinin fikrincə, son dövrlərdə idrak nəzəriyyəsi ilə filosoflardan daha çox təbiətşünaslıq elminin nümayəndələri məşğul olurlar. Məsələn, alman filosofu və məntiqşünası H. Reyhenbax (1881–1953) hesab edir ki, "qəribə olsa da XIX–XX əsrlərdə dəqiq idrak nəzəriyyəsi filosoflar tərəfindən deyil, təbiətşünaslıq elminin nümayəndələri tərəfindən yaradılmışdir. İdrak anlayışı hələ qədim mütəfəkkirlər tərəfindən irəli sürülmüşdür. Məsələn, Demokrit idrakı əksolunma hesab edirdisə, Platon əslində əksolunma ideyasını aradan götürür, ruhun əvvəllər təmiz fikir və gözəllik səltənətində olduğu haqqında öz təəssüratını xatırlamasını idrak ilə eyniləşdirirdi. Yeni dövr materialistləri əksolunma anlayışını passiv, seyrçi proses şəklində izah etmişlər. Bütün dövrlərin idealistləri əksolunma problemini inkar edir, idrakı subyektin öz şüurunun, ruhunun dərinliyindən çıxartdığı anlayışlar, kateqoriyalar, ideyalar sistemini yaratması prosesi kimi, yəni biliyin öz-özünü yaratması prosesi kimi şərh edirlər. Bu məsələdə idealizmin qüvvətli tərəfi dərk edən subyektin, onun ruhunun, şüurunun yaradıcı fəallığını daha da inkişaf etdirməsidir[8].

İdrak nəzəriyyəsinin problemi

[redaktə | mənbəni redaktə et]

İdrak nəzəriyyəsinin mərkəzi problemlərindən biri — özünü dərk etməkdir. Fəlsəfi mənada özünü dərk etmək — insanın öz cismani təbiətini bilməsi və hətta öz ruhunun duyğu, hiss və emosiya kimi tərəflərini dərk etməsi deyil. Bu — insanın özünün dərk etmək qabiliyyətini, təfəkkürünü, ağlını dərk etməsidir. Lakin belə biliyə nail olmaq həddən artıq çətin işdir. Bəzi filosoflar isə belə hesab edirlər ki, bu ümumiyyətlə mümkün deyil və sübut etməyə çalışırlar ki, funksiyası başqa şeyləri dərk etmək olan ağıl elə buna görə də özünü dərk edə bilməz.

İdrakın subyekti və obyekti

[redaktə | mənbəni redaktə et]

Subyekt və obyektin qarşılıqlı münasibəti fəlsəfənin əbədi problemidir. Fəlsəfə üçün idrakın obyekti bütövlükdə dünya, bu dünyaya aid olan bu və ya digər nəticələrin çıxarılması imkanıdır. Obyektin dərk edilməsi konkret obyekt və subyekt arasında qarşılıqlı təsir prosesində baş verir.

İdrakın obyekti

[redaktə | mənbəni redaktə et]

İdrakın obyekti deyildiyi kimi bütövlükdə dünyanın özü və ya onun hər hansı bir hissəsidir.

İdrakın predmeti

[redaktə | mənbəni redaktə et]

İdrakın predmeti kimi həmin obyektin konkret təzahürlərindən biri çıxış edir. Deməli, obyekt tədqiqat predmetindən daha genişdir. Eyni bir obyekt çoxlu tədqiqatların predmeti ola bilər. Dərketmə fəaliyyətinin subyekti kimi fəlsəfədə ilk növbədə idrak prosesini məqsədyönlü həyata keçirən bir adam (və ya qrup) nəzərdə tutulur. Obyekt dərk edilən, subyekt dərk edəndir. Ağıllı subyekti başqalarından fərqləndirən cəhət odur ki, o, vəziyyəti bütövlükdə tam şəklində götürə bilir, başqaları üçün bir-biri ilə əlaqəsi olmayan çoxlu fakt və hadisələrin arxasında gizlənən yolu görür və həmin yolla getməyi göstərir. İdrak prosesində subyekt və obyektin qarşılıqlı təsirini iki aspektdə şərh etmək olar: birinciy marksistlərin irəli sürdüyü fəlsəfənin əsas məsələsi çərçivəsində, yəni materiyanın şüura münasibəti daxilində. Obyekt birinci, subyekt ikincidir. İkincisi, subyekt və obyektin qarşılıqlı təsiri reallığın özünün qarşılıqlı təsirdə olan iki formasıdır. Bu reallıqda isə dərketmə fəaliyyəti nəticədə mənəvi proses kimi çıxış edir. Obyektiv və subyektivliyin dialektikası ilk baxışda göründüyündən daha mürəkkəb problemdir, qnoseoloji, sosial, məntiqi, psixoloji və başqa aspektləri özündə birləşdirin Ona görə də obyektiv və subyektivliyin dialektikasını açmaq yalnız fəlsəfə üçün deyil, həmişə konkret şəraitdə konkret təhlil tələb etdiyindən başqa elmlər üçün də çox vacibdir[9].

  1. Oliver Elbs, Neuro-Esthetics: Mapological foundations and applications (Map 2003), (Munich 2005)
  2. Kim, J. Honderich, Ted (redaktor). Problems in the Philosophy of Mind. Oxford Companion to Philosophy. Oxford: Oxford University Press. 1995.
  3. Siegel, S.: The Contents of Visual Experience. New York: Oxford University Press. 2010
  4. Macpherson, F. & Haddock, A., editors, Disjunctivism: Perception, Action, Knowledge, Oxford: Oxford University Press, 2008.
  5. Descartes, René. Discourse on Method and Meditations on First Philosophy. Hacket Publishing Company. 1998. ISBN 978-0-87220-421-8.
  6. Hart, W. D. (1996) "Dualism", in Samuel Guttenplan (org) A Companion to the Philosophy of Mind, Blackwell, Oxford, 265–7.
  7. R.Ə.Mehdiyev. Fəlsəfə Dərslik. Bakı: Şərq-Qərb. 2010. səh. 360.
  8. Yusif Rüstəmov. Fəlsəfənin əsasları. Bakı: NURLAN Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2007. səh. 504.
  9. Yusif Rüstəmov. Fəlsəfənin əsasları. Bakı: NURLAN Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2007. səh. 504.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]