Ağa Mehdiyev
Ağa Mehdiyev | |
---|---|
Ağa Cəfər oğlu Mehdiyev | |
Doğum tarixi | 21 mart 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 15 may 2003 (83 yaşında) |
Vəfat yeri | |
Uşağı | |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Mükafatları |
Ağa Mehdiyev (21 mart 1920, Lahıc, Şamaxı qəzası – 15 may 2003, Bakı) — azərbaycanlı peyzaj, portret rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2002).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Ağa Cəfər oğlu Mehdiyev 21 mart 1920-ci il İsmayıllı rayonunun Lahıc kəndində dünyaya gəlib. Əzim Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil olub. 1938-ci ildə Azərbaycan Rəssamlıq Texnikumunu bitirdikdən sonra Azərbaycanda və SSRİ-də bir çox sərgidə iştirak edib. O, yaradıcılığında peyzaj, portret janrlarından geniş istifadə etməklə yanaşı, hərbi-vətənpərvərlik mövzusunda da çalışıb. Rəssamın ilk böyük əsəri "Mənzərə" (1946) peyzaj əsəri hesab olunur. "Savadlılar ailəsi", "Köhnə neft mədənlərində", ""Qudok" qəzeti redaksiyasında", "Qatır Məmmədin dəstəsi", "Balaca çoban" kimi digər ilk əsərlərində xalqın həyatı, keşməkeşli tarixinin bu günü ilə əlaqəsi təsvir olunmuşdur. Onun əsərlərində uydurma süjetlərə yol verilməmişdir. Rəssamın tarixi-inqilabi tabloları və Azərbaycan ədəbiyyatı klassiklərinə həsr olunmuş əsərləri mənbələrin dərindən öyrənilməsinə əsaslanmışdır.
Türkiyəyə səfəri Ağa Mehdiyevin yaradıcılığında xüsusi iz qoymuşdur. Bu səfərin təəssüratları onun "Türkiyə səfəri" (1962) adlı fərdi sərgisində, eləcə də "Xarici ölkələr Azərbaycan rəssamlarının gözü ilə" (1964) adlı sərgidə öz əksini tapmışdır. Bu silsilədən olan bir çox əsərlər muzey ekspozisiyalarına daxil olub. "İstanbul duman içində" (1960), "Bosfor yağışdan sonra" (1960), "Axşama doğru. İstanbul" (1961) və s. rəssamın səfərinə aid edilən əsərlərdəndir.[2]
A. Mehdiyevin janrlı səhnələrində sadə adamların iş günü, əmək və istirahəti poetikləşdirilmişdir. Rəssam 1987-ci ildə "37-ci il" tablosunu yaratmışdır. Azərbaycan rəssamları arasında repressiya ilə bağlı ilk tablonu Ağa Mehtiyev ərsəyə gətirib.[2]
Ağa Mehdiyev 1994-cü ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilmişdir.
Onun süjetli tablolarına "İntizar" (1975), "Xalq bayramı" (1976), "Günəşli gün" (1976), "Eyvanda" (1977), "Yaylaqda" (1977), "Analıq" (1977), "Güləş" (1979), "Xalçaçı" (1979), "Lahıc qadınları" (1979), "Tikişçi" (1982), "Nar yığımı" (1984), "37-ci il" (1987), "Səhər" (1987), "Bahar" (1987), "Təndir başında" (1988), "Qaçaq Nəbi və Həcər" (1988), "Şərq" (1989), "Ailə" (1989), "Bazar günü" (1990), "Qanlı gecə" (1990) və başqalarını misal göstərmək olar. A. Mehdiyev eyni zamanda portretlər qalereyası da yaratmışdır: "Qoca kişi başı" (1975), "Avtoportret" (1979), "Lahıclı qız" (1980), "Qız surəti" (1980), "Çobanın portreti" (1982), "İki ay" (1984), "Kamança çalan" (1984), "Qoca qadın" (1984), "Dağlı qadın" (1985) və s. Mənzərə əsərlərinə "Qayıqlar" (1966), "Mənzərə" (1976–1946-cı ildə çəkdiyi ilk böyük əsərinin yenidən işlənməsi), "Bürkü" (1977), "Qızmar gün" (1977), "Qayıq" (1978), "Keçid" (1978), "Abşeron" (1979), "Dağlar" (1979), "Dağlarda" (1980), "Günorta. Lahıc" (1982), "Köhnə həyət" (1982), "Uca dağlarda" (1985), "Kiçik həyət" (1985), "Yağışdan sonra" (1985), "Sakitlik" (1985), "Şər qarışanda" (1986), "Payız" (1989) və başqalarını aid etmək olar.[3]
Rəssamın 1961, 1970, 1981 və 1988-ci illərdə Bakı şəhərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Ağa Mehdiyevin əsərləri Almaniya, Macarıstan, Rumıniya, Bolqarıstan, İtaliya, İsveç, Avstriya, Kanada, Fransa, Yaponiya, Polşa, İspaniya, Türkiyə, Rusiya, ABŞ, Misir, İraq və digər ölkələrdə nümayiş etdirilmişdir.
Xalq rəssamı 2003-cü il mayın 15-də Bakıda vəfat etmişdir.[1]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Azərbaycan SSR əməkdar rəssamı — 7 may 1988
- Azərbaycan Respublikasının xalq rəssamı — 30 may 2002[4]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002-ci ildən[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Əzimova Könül Yaqub qızı. "Aga Mehdiyev" (ingilis). 2021-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-10.
- ↑ 1 2 "Təbiət və həyat rənglərin ecazkar aləmində". 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
- ↑ "Ağa Mehdiyev - milli ruhlu rəssam". 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
- ↑ "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
- 21 martda doğulanlar
- 1920-ci ildə doğulanlar
- Lahıcda doğulanlar
- 15 mayda vəfat edənlər
- 2003-cü ildə vəfat edənlər
- 83 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin məzunları
- Azərbaycan SSR əməkdar artistləri
- Azərbaycanın xalq rəssamları
- Əlifba sırasına görə rəssamlar
- Azərbaycan rəssamları