Aslan bəy Vəzirzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aslan bəy Vəzirzadə
Aslan bəy Zeynalabdin bəy oğlu Vəzirov
Aslan bəy Vəzirzadə
Aslan bəy Vəzirzadə
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR,
Vətəndaşlığı  Rusiya İmperiyası
Azərbaycan AXC
 SSRİ
Həyat yoldaşı Nuruş xanım Ələsgər bəy qızı Xasməmmədova
Uşağı Fərid bəy Vəzirov
Atası Zeynalabdin bəy Vəzirov
Anası Dürnisə xanım Həşim bəy qızı Vəzirova
Elm sahələri mineralogiya, kristalloqrafiya
Elmi dərəcəsi professor
İş yerləri M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu
Təhsili Peterburq Dövlət Universiteti
Paris Universiteti
Nansi Universiteti
Mükafatları Azərbaycan SSR əməkdar elm xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aslan bəy Vəzirzadə və ya Aslan bəy Vəzirov (tam adı: Aslan bəy Zeynalabdin bəy oğlu Vəzirzadə; 6 yanvar 1898, Bakı1984, Bakı) — Cümhuriyyət tələbələrindən biri, azərbaycanlı mineraloq, kristalloqraf və professor. Azərbaycan SSR əməkdar elm xadimi, filatelist. Bir müddət Azərbaycan Filatelistlər Cəmiyyətinə rəhbərlik edib.[1]

Cümhuriyyət tələbələri AXC-nin yarandığı günü qeyd edirlər. 28 may 1920-ci il. Arxa sırada soldan ikinci Aslan bəy Vəzirzadə

Aslan bəy Zeynalabdin bəy oğlu Vəzirzadə 6 dekabr 1898-ci ildə anadan olub. 1915-ci ildə Bakı real məktəbini qızıl medalla bitirib Sankt-Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutuna daxil olub[2]. 1917-ci ildə orada baş verən hadisələrlə bağlı təhsilini yarımçıq qoyaraq Bakıya geri qayıdıb. Burada Hümmət partiyasına üzv olur[3].

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulur. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Xalq Maarifi Nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə Avropaya təhsil üçün 100 tələbənin göndərilməsi ilə bağlı qanun layihəsi təqdim etdi. 1 sentyabr 1919-cu ildə qanun qəbul edilir və 1919–1920-ci dərs ilində abituriyent və tələbələrin əcnəbi ali məktəblərə göndərilməsi üçün Dövlət xəzinəsi vəsaitindən xalq maarif nazirinin sərəncamına 7 milyon rubl ayrılır[4][5].

1920-ci ilin yanvar ayında abituriyentlər Bakıdan Batuma oradan isə Romaya yola düşürlər. Seçilən tələbələrin arasında Aslan bəy Vəzirzadə də olur. Batumda olarkən gənc yaşlarından marka toplayan və filatelist numizmat olan o, yerli markalardan bir neçə vərəq alır. Vəzirov Romaya çatanda onun Batumidə əldə etdiyi markalar Qafqazdakı siyasi vəziyyətə görə artıq işlək deyildi. Məhz buna görə də bu markalar nadir tapıntı sayılmağa başladı. Romada olarkən Aslan bəy ciddi xəstələnir və şəhərdən gedə bilmir. Yaşayış və müalicə xərclərini isə Batumidən əldə etdiyi nadir markaları yüksək qiymətə sataraq təmin edə bilir[3].

Sağaldıqdan sonra Aslan bəy Parisə gələrək Paris Universitetinin riyaziyyat-kimya fakultəsində təhsil almağa başlayır. Daha sonra isə təhsilini Nansi Universitetində geologiya fakultəsində davam etdirir. XI Qızıl ordunun Aprel işğalından sonra tələbələrin təqaüdləri kəsilir və çətinlikləri başlayır. Tələbələrə ya vətənə geri dönməli idilər ya da öz güclərinə təhsil almalı idilər. Aslan bəy təhsili ilə yanaşı təsadüfi işlər görərək təhsilini davam etdirir. Tətillərdə isə pul qazanmaq üçün kömür mədənlərində işləyir[3].

1925-ci ildə Aslan bəy Vəzirzadə Bakıya geri dönür. Azneft kontorunda geoloji kəşfiyyat işləri ilə yanaşı o həm də 1920-ci ildə Bakı Texniki Məktəbinin əsasında yaradılmış Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) dərs deməyə başlayır. Bu universitetdə o ömrünün sonuna qədər dərs deyir. 1930-cu ildə professor elmi adı alaraq institutun kristalloqrafiya, mineralogiya və petroqrafiya kafedrasına rəhbərlik edib. İnstitut iki müstəqil ali məktəbə bölünəndə ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunda neft və kimya üzrə ixtisası üzrə pedaqoji fəaliyyətini davam etdirdi. Bir neçə nəsil yüksək ixtisaslı mütəxəssislərin, elmlər doktorunun, akademiklərin yetişməsində böyük rol oynayıb. SSRİ orden və medalları ilə təltif edilib[6].

1 aprel 1984-cü ildə dünyasını dəyişib.

Aslan bəy Vəzirzadə Peterburqda. 1917-ci il.

Aslan bəy Vəzirovun atası Zeynalabdin bəy Vəzirov Vəzirovların Şuşa qolundan anası Durnisə xanım Həşim bəy qızı Vəzirova isə Vəzirovların Füzuli qolundan idi. Atası sonradan Azərbaycan SSR-in I Neft Sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı Süleyman Vəzirovun dayısıdır[3]. Onların evliliyindən beş övladları olub. Allahyar, Aslan, Həmid, Rəna və Leyla. Aslan bəy özü Nuruş xanım Ələsgər bəy qızı Xasməmmədova ilə həyatı qurub. 1930-cu ildə Fərid adlı oğulları dünyaya gəlib. Oğlu Fərid də atası kimi geoloq olub[1].

  1. 1 2 Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli. Azərbaycan Cümhuriyyəti Tələbələri (PDF). Bakı: TEAS press. 2016. səh. 1120. ISBN 978-9952-494-55-6.
  2. Ədalət Tahirzadə. "Peterburq ali məktəblərində oxumuş tələbələrimiz" (az.). anl.az. 17 fevral 2012. 12 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2021.
  3. 1 2 3 4 Əbdürrəhman Vəzirov. "Везир-заде Аслан Зейналабдин оглы - выпускник Парижского Горного Института, ученый-кристаллограф, филателист и нумизмат / Vəzirzadə Aslan Zeynalabdin oğlu - Paris Dağ İnstitutunun məzunu, kristalloqraf-alim, filatelist və numizmat" (rus). baku.ru. 2009. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2021.
  4. Əzizə Nəzərli. Народное образование в Азербайджанской Республике (1918-1920 гг.) / Azərbaycan Cümhuriyyətində xalq təhsili (1918-1920) (PDF). Bakı: Nurlan nəşriyyatı. 2008. səh. 177.
  5. Dilqəm Əhməd. "Cümhuriyyət tələbələri" (az.). Ədəbiyyat qəzeti. 28 may 2018. 26 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2021.
  6. Taras Sokolov. Отчёт о деятельности Всесоюзного минералогического общества в 1984 г. / Ümumittifaq Mineralogiya Cəmiyyətinin 1984-cü ildəki fəaliyyətinə dair hesabat. Общество. 1985. səh. 751.