Elektroenergetika sistemi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasının sxemi
Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasının sxemi

Elektroenergetika sistemi (EES) — mənbələrin, ötürücü və paylayıcı sistemlərin və elektrik enerjisi işlədicilərinin cəmidir.

Elektrik şəbəkəsi — birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları.

Elektroenergetika sistemi (elektrik sistemi) — elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının ümumi bir prosesi ilə əlaqələndirilmiş energetika sisteminin elektrik hissəsidir.

Energetika sistemi — bir-biri ilə birləşdirilmiş və ümumi bir rejimlə əlaqələndirilmiş elektrik stansiyaları, elektrik enerjisi işlədiciləri və elektrik şəbəkələrindən ibarət texniki obyektdir.

Elektroenergetikanın inkişafının birinci mərhələsi [1]

[redaktə | vikimətni redaktə et]

Azərbaycanda elektroenergetikanın inkişafı tarixi XIX əsrdən təşəkkül tapıb. İlk dəfə olaraq 1897-ci ildə Bakının neft rayonunda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyası inşa edilib. 1901-ci ildə gücü 2000 at.q.-də olan Bibiheybət elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər), gücü 2000 at.q. olan elektrik stansiyası istismara verilib. 1913-cü ildə Bakı rayonunda 109,8 min kVt·st elektrik enerjisi istehsal edilib ki, onun da 95%-i neft sənayesinə, yalnız 5%-i ölkənin işıqla təminatına yönəldilib.

Birinci dünya müharibəsi ərəfəsində fəaliyyət göstərən “Elektrik gücü” Səhmdar Cəmiyyətinin iki böyük elektrik stansiyasının ümumi gücü - 45,7 MVt təşkil edib. Bu stansiyalardan ən böyüyünün - Qara şəhərdəki stansiyanın gücü isə 34,4 MVt-a bərabər olub. 1920-ci ildə azsaylı elektrik müəssisələri milliləşdirilir. Milliləşdirilmiş energetika müəssisələrinin tərkibinə, “Qara şəhər”də və Bayıl qəsəbəsində yerləşən iki istilik elektrik stansiyası və gərginliyi 0,4-2,0kVt olan paylayıcı şəbəkə daxil edilir. Bakıda neftin çıxarılmasının və onun emalının tam elektrikləşdirilməsi məqsədi ilə Bayıl qəsəbəsi və Qara şəhərdə, hər birinin gücü - 20 MVt olan üç turboaqreqatın istismara verilməsi, mövcud enerji güclərinin yenidən qurulması və elektrik stansiyalarının qaz yanacağı əsasında iş rejiminə keçirilməsi nəzərdə tutulurdu.

Şəki şəhərində ipək-toxuculuq sənayesinin inkişafı ilə əlaqədar gücü 1660 kVt olan Şəki SES layihələndirilir. Qubada konserv zavodunun tikintisi ilə əlaqədar olaraq gücü 1152 kVt olan SES tikilir. Zurnabad, Qusar SES-ləri də həmin dövrdə tikilib istifadəyə verilir.1935-ci ildə elektrik stansiyalarının ümumi gücü - 176,6 MVt-a,elektrik enerjisinin istehsalı isə - 937 min kVt.saata çatdırılır. Həmin ildə ölkənin baş energetika idarəsi – indiki “Azərenerji” yaradılır və respublikada fəaliyyət göstərən bütün energetika müəssisələri onun tabeliyinə verilir.

40-cı illərdə dərin neft quyularının qazılması və istismarı enerji sisteminin gücünün də artırılmasını yeni enerji güclərinin istismara verilməsini zəruri edir. Bu illərdə Bayıl qəsəbəsindəki L.Krasin adına Dövlət Rayon Elektrik Stansiyası (Krasin adına DRES) və Qırmızı ulduz İstilik- Elektrik Mərkəzi (indiki Ə.Bayramzadə adına 1 saylı Bakı İEM) istismara buraxılır. 1940-cı ildə respublikada fəaliyyətdə olan elektrik stansiyalarının qoyuluş gücü 250 MVt-a, elektrik enerjisinin istehsalı isə 1,7 mlrd. kVt.saata çatdırılır. 1941-ci ildə isə Azərbaycanda ilk 1 saylı Sumqayıt İEM istismara verilir.

Respublikada su-enerji mənbələrindən məqsədyönlü istifadə sisteminə keçid isə faktiki olaraq Mingəçevir su qovşağının tikintisi ilə bağlıdır. Mingəçevir SES 1954-cü ildə istifadəyə verilir. Üç il sonra isə həmin su qovşağı qurğuları kompleksinə daxil olan Varvara SES istismara buraxılır. Kür çayı axarı istiqamətində 14 km aşağıda yerləşən və qoyuluş gücü - 16,5 MVt olan bu stansiya Mingəçevir SES-dən buraxılan su sərfinin tənzimləyicisi işini yerinə yetirir. 2017-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə Varvara SES yenidən qurulmadan sonra istismara verilir.

1954- cü ildə qoyuluş gücü 168,8 MVt olan “Şimal” DRES-in birinci növbəsi  istifadəyə verilir. 1960-cı ildə bu stansiyada, SSRİ-də ilk dəfə gücü-150 MVt olan açıq tipli enerji bloku istismara buraxılır. 1962-ci ildə 1 saylı Sumqayıt İEM-in 11-ci turboaqreqatı istifadəyə verilir, bununla da stansiyanın qoyuluş gücü 450 MVt-a çatdırılır.

1959-cu ildə Əli-Bayramlı şəhərində Avropada ilk dəfə olaraq əsas avadanlıqları açıq havada quraşdırılan, böyük gücdə Əli-Bayramlı DRES (indiki Şirvan İES) tikintisinə başlanılır. Hər birinin gücü 150 MVt olan dörd enerji bloklu DRES-in birinci növbəsinin istismara verilməsi, Azərbaycanın elektrik enerjisinə olan tələbatını ödəməklə yanaşı, 1964-1965-ci illərdə qonşu Cənubi Qafqaz respublikalarına da 1,7 mlrd. kVt.saat elektrik enerjisi ötürməyə imkan yaradır.

Elə həmin illərdə Sumqayıtın istilik və elektrik enerjisinə artan tələbatını ödəmək məqsədi ilə 2 saylı Sumqayıt İstilik-Elektrik Mərkəzinin (2 saylı Sumqayıt İEM) tikintisinə başlanılır. Birinci turboaqreqat 1966-cı ildə, digəri isə 1972-ci ildə istismara verilir və stansiyanın ümumi qoyuluş gücü 220 MVt-a çatdırılır.

Elektroenergetikanın inkişafının ikinci mərhələsi [2]

[redaktə | vikimətni redaktə et]

Azərbaycanın müstəqil elektrik enerji sisteminə malik olmasının əsası isə ötən əsrin 70-ci illərində qoyulub.

1970-ci ildə Naxçıvan Muxtar Respublikasının ərazisində Araz çayı üzərində Araz su qovşağı və hər birinin qoyuluş gücü - 22 MVt olan iki su elektrik stansiyası İranla birgə tikilib istifadəyə verilir.

1971-1972-ci illərdə 2 saylı Sumqayıt İstilik Elektrik Mərkəzi genişləndirilərək ümumi gücü 110 MVt olan iki yeni enerji aqreqatı istifadəyə verilir. 1973-1974-cü illərdə 1 saylı İstilik Elektrik Mərkəzində, hər birinin gücü 50 MVt olan iki enerji aqreqatının quraşdırılması başa çatdırılır.

1976-1977-ci illərdə Tərtər çayı üzərində Tərtər su qovşağı və qoyuluş gücü 50 MVt olan Tərtər su elektrik stansiyası (Tərtər SES) istismara buraxılır.

70-ci illərin sonunda respublika ərazisində mövcud olan elektrik stansiyalarının ümumi qoyuluş gücü 2882,4 MVt-a çatdırılır və ölkə üzrə ildə 15,4 mlrd. kVt·st elektrik enerjisi istehsal edilir.

Buna baxmayaraq elektrik enerjisinə artan tələbatını ödəməkdən ötrü Azərbaycan hər il qonşu respublikalardan 2,9-3,5 mlrd. kVt·st elektrik enerjisi idxal etmək məcburiyyətində qalırdı. Ona görə də Şəmkir Su Elektrik Stansiyasının (Şəmkir SES) və Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının (Azərbaycan DRES) tikilməsi qərara alınır. Beləliklə, qoyuluş gücü 380MVt olan Şəmkir SES 1981-1982-ci illərdə inşa edilir.  Azərbaycan DRES-in tikintisinə 1974-cü ildə başlanılır. Gücü 300 MVt olan birinci enerji bloku 1981-ci ildə, eyni güclü sonuncu - səkkizinci enerji bloku isə 1989-cu ildə istismara verilir. Hazırda stansiyanın qoyuluş gücü 2400 MVt-dır. Şəmkir SES və Azərbaycan DRES istismara verildikdən sonra enerji sistemin qoyuluş gücü 5000 MVt-a çatdırılır.

Elektrik stansiyalarının istismara verilməsi ilə yanaşı, sistemtəşkiledici elektrik ötürücü xətləri, eləcə də yarımstansiyalar inşa edilir.

1972-ci ildə “2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi”nin gücü 220 MVt-a çatdırılır.

Qarabağ bölgəsində kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldar torpaqların suvarılması üçün su anbarının yaradılması, bölgənin elektrik enerji təchizatınin yaxşılaşdırılması, enerjinin ötürülməsində itkilərin azaldılması məqsədilə Tərtər çayı üzərində 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyni adlı SES istifadəyə verilir.

1980-ci illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə elektrik xətti çəkilir. Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistemli inkişaf etdirilir və dayanıqlı enerji sistemi yaradılır. 1968-71-ci illərdə 330-kV-luq Əli Bayramlı DRES-Ağdam-Gəncə-Ağstafa və Əli Bayramlı DRES-Yaşma- Dərbənd yüksək gərginlikli xətləri, həmçinin, 330/110/20 kV-luq “Yaşma”, “Gəncə” və “Ağstafa” qovşaq yarımstansiyaları istismara verilir.

Azərbaycan İES-in inşası respublikanın enerji şəbəkəsinin inkişafında yeni mərhələnin başlanğıcını qoyur. 500 kV-luq 1-ci Abşeron EVX, 2-ci Abşeron EVX, Muxranis-Vəli EVX, 4-cüvə 5-ci Mingəçevir EVX-lər çəkilir. 80-ci illərdə, həmçinin, 500/330/220 kV-luq “Abşeron”, 330/110/10 kV-luq “İmişli”, 220/110/10 kV-luq “Hövsan”, “Nizami”, “Müşfiq”, “Səngəçal”, “Masallı”, “Ağsu”, “Babək” qovşaq yarımstansiyaları istismara verildi, 330 kV-luq 3-cü Əli Bayramlı EVX-lər istismara buraxılır.


İki üçfazalı elektrik stansiyasının ilk məlum birləşməsi 1892-ci ildə İsveçrədə həyata keçirilmişdir. Gücləri 120 və 360 kVt olan iki kiçik elektrik stansiyası iki kilometr uzunluqlu 5 kV gərginlikli xəttlə birləşdirilmişdilər və 13 kV gərginlikli, uzunluğu 24 km olan xətt vasitəsilə bir zavodu qidalandırırdılar [1].

  1. Устойчивость электроэнергетических систем: учебное пособие /Е.В. Калентионок. — Минск: Техноперспектива, 2008. - 375 с.