Emma Şapplin
Emma Shapplin —
Həyatı
[redaktə | mənbəni redaktə et]Emma Shapplin əsil adı Marie-Ange Chapelain 19 may 1974 -cü ildə Parisin cənub rayonlarından birində anadan olmuşdur, Fransız saprano səsə malik xanım müğənnidir.
Onun atası polis, anası isə katibə olmuşdur. Ailənin 3-cü uşağıdır. Uşaqlığının ilk illərində oğlan uşaqları kimi geyinməyi və davranmağı xoşlayırdı. Futbola və ağaclara çıxmaq kimi qız uşaqlarına xas olmayan xüsusiyyətləri var idi. Musiqi və müğənnilik ilk illərdə onun üçün uzaq kəlmələr idi. 14 yaşında onun həyatı bir dostunun onu öz musiqi müəllimi ilə tanış etməsilə dəyişmişdir. 70 yaşı olan bu müəllim dostu ilə Marie-Ange Chapelain-ə də musiqi dərsi verməyə başladı. Əvvəl-əvvəl bu dərslər ona darıxdırıcı gəlsə də, daha sonra onda musiqiyə bağlılıq yaranmağa başladı. Bütün boş vaxtlarında öz səsini məşq etdirən gənc sənətkar müəlliminin köməyilə yaxşı soprano səsə malik oldu. Musiqi sahəsində bu irəliləyişlərə baxmayaraq, Marie-Ange ailəsi tərəfindən böyük narazılıqlara məruz qalmaqla yanaşı dərslərdə iştirak qadağası ilə dəqarşı-qarşıya qaldı. Bunun səbəbi isə ailəsinin öz qızlarını anası kimi katibə olmasını istəmələri və müğənniliyin Marie-Ange üçün qeyri-ciddi iş hesab etmələri olmuşdur. Bu dövr gənc sənətkar üçün çox çətin dönəm olmuşdur, ancaq buna baxmayaraq, o, peşəkar musiqiçi olma arzusunun ardınca axıra kimi getməyi bacardı. O, gizli-gizli Motsartın "Sehirli Fleyta" operasında Queen of the Night ariasını oxuya-oxuya məşq edirdi. Buna baxmayaraq, karyerasının başlanğıcında onun üzərinə düşən vəzifəheçdə onun özünü inkişaf etdirdiyi istiqamətdə olmamışdır. Belə ki, o, yerli rock qrupu olan "North Wind" -də solist olmaq üçün təklif aldı və o, bu fürsəti əldən verməyərək təklifi qəbul etdi. Bu qrupa qatıldıqdan sonrakı 3 il boyunca o, soprano səs xüsusiyyətlərini tam kənara ataraq, qrupun stilinə uyğun səs diapozonuna malik oldu. Bundan başqa, ailəsinin təzyiqlərinə məruz qalması nəticəsində musiqi fəaliyyətilə birlikdə, katibəlik məktəbinə də yazılmalı oldu. Marie-Ange 18 yaşındaykən iştirak etdiyi katibəlik imtahanında uğur qzana bilmədi. Ancaq bu hal onda qəti narahatlıq törətmədi. Çünki onun içində olduğu dünyada katibəliyə heç yer yox idi.
Marie-Ange 19 yaşına çatdıqda ailəsilə birlikdə yaşadığı evdən çıxaraq, Paris şəhərində özü kirayələdiyi evə köçdü. O, rock qrupunda fəaliyyəti zamanı səhnə adı kimi "Emma" qəbul etmişdir. Paris şəhərinə köçdükdən sonra böyük şəhərdə yaşamağın çətinliklərini bir çoxları kimi dadmalı oldu. O, özünü maddi cəhətdən təmin edə bilmək üçün bir sıra iş yerlərində fəaliyyət göstərməli olmuşdur. Ancaq bu hal da Emmanı narahat etmirdi, çünki, o, artıq öz müstəqilliyini təmin etmiş bir şəxs kimi musiqiçi kimi özünü sərbəst inkişaf etdirə bilirdi. Qısa müddət sonra, o, Paris konservatoriylarında fəaliyyət göstərən müəllimlərdən musiqi dərsləri almağa başladı. Səsini peşəkarların dərslərinin yardımı ilə peşəkar səviyyəyə qaldıran Emma ilk səs yazısını təşkil edə bildi. Bir dostunun dostu vasitəsilə bu səs yazısını məşhur fransız musiqiçisi Jean-Patrick Capdevielle-ə dinlətməyi bacardı. Jean-Patrick Capdevielle Emma-nın səsindən çox təsirləndi. O da, Emma kimi operaya çox bağlı insan idi. Jean-Patrick Capdevielle Emma-ya bir albomüçün söz yazmağı tapşırdı və aralarındakı işgüzar münasibət də beləliklə başlamış oldu. Capdevielle və Emma təşkil ediləcək ilk albomun hansı musiqi növünsən ibarət olacağını müzakirə etdilər və yoxlamalar nəticəsində klassik musiqilərdən ibarət olacağı qərarına gəldilər.
Jean-Patrick Capdevielle oğlu Jonathan-ın da yardımı ilə albom üçün söz yazmağa başladı. Emma üçün işıq üzü görəcək bu albom üçün Capdevielle 9 mahnı sözü yazdı. Bunlardan 4-ündə Emma da yardım etdi. Fransızca yazılmış bu mahnı sözləri bir orta əsrlər üzrə mütəxəssis olan tarixçi tərəfindən latıncaya tərcümə edildi. Albomun tərtibatı zamanı Donizettidən Belliniyə kimi 19-cu əsr İtaliya bəstəkarlarının albomları əsas götürüldü. Beləliklə, Emma Şaplinin ilk debüt albomu olan "Carmine Meo" 1997-ci ilin sonunda satışa çıxarıldı. Bu albomda olan Spente le stelle və Cuor Senza kimi musiqi parçaları geniş dinləyici kütləsi qazandı. Albom fransada satış baxımından uğurlar qazandı. Albom çıxdıqdan sonrakı 3-cü ayda 100000-dən çox satılmaqla Emma-ya qızıl val qazandırdı.