Kəllə
Kəllə (lat. cranium) — onurğalı heyvanlarda və insanda başın skeleti. Onurğalılarda kəllə ox və ya beyin kəlləsi, visseral, yaxud üz kəlləsinə bölünür. Ox kəlləsi gövdənin ox skeletinin önə doğru davamı olub beyinin, qoxu orqanının və daxili qulağın ətrafında inkişaf edir. Visseral kəllə bağırsaq borusunun ön şöbəsinin (udlağın) skeletidir. İlk dəfə qəlsəmə yarıqlarını bir-birindən ayıran visseral qövslərdən təşkil edilmişdir.
Heyvanların kəlləsi
[redaktə | mənbəni redaktə et]Kəllənin təkamül prosesiidə dəyişilməsi beyinin və duyğu orqanlarının mütərəqqi inkişafı, qəlsəmə tənəffüsünün ağciyər tənəffüsü ilə əvəz edilməsi və orqanizmin su mühitindən quru mühitinə keçməsi ilə əlaqədar müxtəlif qidalanma üsullarının dəyişilməsi nəticəsində olmuşdur. İbtidai balıqlarda ilk dəfə qığırdaq kəllə meydana çıxır. Ali balıqlarda və quru onurğalılarında isə qığırdaq kəllə ancaq embrional dövrdə olur. Suda-quruda yaşayanlarda qığırdaq kəllə sümüklə daha çox əvəz edilir və kəllə sümüklərinin miqdarı sümüklü balıqlara nisbətən az olur. Sürünənlərdə və quşlarda kəllə tamamilə sümükdən ibarətdir, yalnız qoxu nahiyəsində qığırdağa təsadüf edilir. Məməlilərdə kəllə daha yüksək inkişaf dərəcəsinə çatır.
İnsanın kəlləsi
[redaktə | mənbəni redaktə et]İnsanda beyin kəlləsi 8 sümükdən (tək alın, ənsə, əsas, xəlbir sümük, çüt təpə və gicgah sümükləri) təşkil olunur və visseral kəllədən yuxarıda yerləşir. Yuxarı hissəsi kəllə qapağı, aşağı hissəsi kəllə əsası adlanır. Kəllə əsasının daxili 3 çuxura bölünür: ön kəllə çuxuru, orta kəllə çuxuru və dal kəllə çuxuru. Ön və orta kəllə çuxurlarında beyin, dal kəllə çuxurunda isə beyinçik yerləşir. Visseral kəllə isə 14 sümükdən (tək çənə və xış sümüyü, çüt ənk, almaçıq, damaq, burun, göz yaşı və aşağı burun balıqqulağı sümükləri) təşkil olunur və beyin kəlləsinin ön şöbəsinin altında yerləşir. Bura dilaltı sümüyü də aid edirlər. Yeni doğulmuş uşaqlarda beyin kəlləsi visseral kəllədən çox (8 dəfə) böyük olur və əmgəklər (sümükləşməmiş nahiyələr) təsadüf edilir. Normal halda əmgəklər 2-ci ilin axırına qədər sümükləşir. Uşaq böyüdükçə beyin kəlləsinin visseral kəlləyə olan nisbəti dəyişir. Kəllənin ölçü və formasının müəyyən fərdi xüsusiyyətləri vardır. Çevrəsi 52–64 sm, uzunluğu 15–18 sm, eni 12–15 sm arasında variasiya edir.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Hippopotamın kəlləsi
-
Tiranozavrın kəlləsi
-
Məməli yırtıcıların tipik nümayəndəsi olan pişik kəlləsi
-
Gəmiricilərin tipik nümayəndəsi nutriyanın kəlləsi
-
Buldoqun kəlləsi
-
Qumçiçanı kəlləsi