Kişi sidik kanalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kişi sidik kanalı
Latınca urethra masculine
Yunanca οὐρήθρα
Sistem Sidik-cinsiyyət sistemi
Aparat Sidik-cinsiyyət aparatı
Üzv Sidik
Arteriya lat. a. urethralis
MeSH [https://meshb.nlm.nih.gov/record/ui?ui=D014521 D014521 D014521]

Kişi sidik kanalı (lat. urethra masculine) — kişi orqanizmində sidiyi və toxumu xaric etmək funksiyası yerinə yetirən orqan.

Kişi sidik kanalının uzunluğu 16–22 sm, diametri 0.5–0.7 sm-dir. Onun daxili dəliyi sidiklikdən (sidik kisəsi) başlayır və qeyri-iradi büzücü əzələyə malikdir. Penisin başı üzərindəki xarici dəliklə xaricə açılır.

Anatomik hissələri

[redaktə | mənbəni redaktə et]

Kişi sidik kanalı topoqrafik cəhətdən 3 hissəyə ayrılır:

  1. prostat hissə — 2–3 sm
  2. zarlı hissə — 1–1.5 sm
  3. süngəri hissə — 14–16 sm

Kişi sidik kanalının prostat hissəsi prostat vəzinin kütləsindən keçir, genişdir və onun arxa divarında sidik kanalı darağı vardır. Darağın ən hündür hissəsi toxum təpəciyi adlanır. Toxum təpəciyi üzərində olan dəliklərdən toxumtullayıcı axacaq və prostat vəzin axacaqları sidik kanalına açılır. Toxum təpəciyinin yuxarısında prostat (kişi) uşaqlığı (kisəciyi) yerləşir.

Kişi sidik kanalının zarlı hissəsi (aralıqdan keçən hissəsi) şaquli istiqamətdə prostat hissənin ardını təşkil edib penis soğanağına kimi davam edir. Zarlı hissə sidik kanalını büzən əzələ ilə əhatə olunmuşdur. Bu əzələ cizgili (eninəzolaqlı) əzələ toxumasından təşkil olunmuşdur və iradi əzələdir. Zarlı hissə qasıq bitişməsinə lat. lig. triangulare vasitəsilə fiksasiya olunur.

Sidik kanalının süngəri hissəsi penisin süngəri cismi ilə əhatə olunmuşdur. Süngəri hissənin penis soğanağına uyğun gələn nahiyəsi soğanaq hissə adlanır və digər hissələrdən genişdir. Qalan hissələrdə sidik kanalınln diametri eyni olsa da, penisin başı nahiyəsində təxminən 1 sm ölçüdə genişlənmə sidik kanalının qayığabənzər çuxurunu əmələ gətirir. Qayığabənzər çuxurun arasında selikli qişa büküşündən əmələ gələn aypara şəklində qayığabənzər çuxur qapaqcığı yerləşir.[1]

Kişi sidik kanalının 3 daralması vardır. Birinci daralma sidik kanalının xarici dəliyində, ikinci daralma zarlı hissədə, üçüncü daralma isə sidiklikdən başlanan yerində yerləşir.

Kişi sidik kanalı gedişində <<S>>-əbənzər formaya malikdir və iki əyrilik əmələ gətirir:

  1. qasıqaltı əyrilik
  2. qasıqönü əyrilik

Qasıqaltı əyrilik sidik kanalının daxili dəliyi ilə penisin asılan bağının bağlanan yeri arasında əmələ gəlir. Bu əyriliyin basıq səthi yuxarı və önə, çıxıq səthi isə aşağı və arxaya baxır.

Qasıqönü əyrilik penisin sallanmış hissəsindən əmələ gəlir və qasıq bitişməsinin önündə yerləşir. Bu əyriliyin basıq səthi aşağı və arxaya, çıxıq səthi önə və yuxarıya baxır.

Sidik kanalının müxtəlif patologiyalarında sidikburaxma çətinləşdikdə sidik kanalından sidikliyə katetr salınır və dolmuş sidik kisəsi bu yolla boşaldılır. Bu baxımdan sidik kanalının daralma və əyriliklərinin topoqrafiyasını bilmək son dərəcə vacib rol oynayır.

Klinik hissələri

[redaktə | mənbəni redaktə et]

Kişi sidik kanalının anatomik hissələri ilə yanaşı klinik urologiyada onu iki hissəyə ayırırlar:

  1. sidik kanalının ön hissəsi və ya ön sidik kanalı
  2. sidik kanalının arxa hissəsi və ya arxa sidik kanalı

Ön sidik kanalı kişi sidik kanalının süngəri hissəsinə, arxa sidik kanalı isə qalan hissəyə uyğundur. Bu hissələrin hüdudunda sidik kanalının büzücü əzələsi yerləşir və infeksiyanın ön sidik kanalından arxa sidik kanalına keçməsinə mane olur.

Sidik kanalının xarici dəliyi nahiyəsindən başqa sidik kanalı vəziləri vardır. Sidik kanalının soğanaq hissəsində, onun yuxarı divarında çuxurşəkilli sahə yerləşir. Bu sahənin dəliyi önə baxır və qapağabənzər büküşə malikdir. Sidik kanalının selikaltı əsasında boylama və həlqəvi dəstələrdən təşkil olunmuş əzələ qişası vardır.[2]

Yaş xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yenidoğulmuş oğlanlarda sidik kanalının uzunluğu 5–6 sm-dir. Kanalın prostat hissəsinin uzunluğu 0.9 sm, zarlı hissəsi 1 sm, süngəri hissəsi 4.5 sm-ə qədərdir. 13 yaşa qədər uşaqlarda sidik kanalının böyüməsi ləng gedir. Yeniyetmələrdə onun böyümə sürəti artır. 10 yaşa qədər sidik kanalının zarlı hissəsi zəif, süngəri hissəsi sürətlə inkişaf edir. Yeniyetmə dövründə oğlanlarda sidik kanalının uzunluğu 12 sm-ə çatır. Oğlanlarda sidik kanalının əyrilikləri yaşlı kişilərə nisbətən daha çox nəzərə çarpır. Yenidoğulmuşlarda sidik kanalı vəiləri zəif inkişaf etmişdir.[3]

Xəstəlikləri

[redaktə | mənbəni redaktə et]

Kişi sidik kanalının anomaliyalarından sidik kanalının xarici dəliyinin penisin başının ventral (arxa) səthində, yaxud cisminin ön səthində yerləşmə anomaliyalarına təsadüf olunur.

Sidik kanalı vəzilərinin iltihabı litterit adlanır.[3]

  1. "İnsan anatomiyası" (3 cilddə, II cild), V. B. Şadlinski; N. T. Mövsümov; Ş. İ. Qasımov; E. Ə. Xıdırov; S. V. Şadlinskaya. "Müəllim" Nəşriyyatı, Bakı, 2020. Səhifə 123.
  2. "İnsan anatomiyası" (3 cilddə, II cild), V. B. Şadlinski; N. T. Mövsümov; Ş. İ. Qasımov; E. Ə. Xıdırov; S. V. Şadlinskaya. "Müəllim" Nəşriyyatı, Bakı, 2020. Səhifə 124.
  3. 1 2 "İnsan anatomiyası" (3 cilddə, II cild), V. B. Şadlinski; N. T. Mövsümov; Ş. İ. Qasımov; E. Ə. Xıdırov; S. V. Şadlinskaya. "Müəllim" Nəşriyyatı, Bakı, 2020. Səhifə 125.

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]