Leyli
Leyli | |
---|---|
| |
Əsər | Leyli və Məcnun |
İlk görünmə | Leyli və Məcnun |
Canlandıranlar |
Kima Məmmədova (Leyli və Məcnun filmində) Gülnarə Sayalıyeva (Nizami filmində) |
Məlumat | |
Cinsi | qadın |
Doğum tarixi | VII əsr |
Yaşayış yeri | Ərəbistan |
Milliyyəti | ərəb |
Leyli — bir çox Yaxın Şərq xalqlarının folklorunda yayılmış "Leyli və Məcnun" haqqında dastanların qəhrəmanıdır. Yazılı ədəbiyyatda Leyli obrazı ilk dəfə Nizami Gəncəvi tərəfindən istifadə edilmiş, daha sonra Nizaminin təsiri ilə həmin mövzuda əsərlər yazmış şairlər tərəfindən istifadə olunmuşdur.
Leyli həm də, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında yazılmış "Leyli və Məcnun" operasının əsas qəhrəmanlarından biridir. Operada soprano səs olan Leyli rolunun ilk ifaçısı Əbdürrəhman Fərəcov olmuşdur.
Kinematoqrafiyada Leyli obrazını, 1961-ci ildə çəkilmiş Leyli və Məcnun filmində aktrisa Kima Məmmədova, 1982-ci ildə çəkilmiş Nizami filmində isə Gülnarə Sayalıyeva canlandırmışlar.
Nizaminin "Leyli və Məcnun"unda
[redaktə | mənbəni redaktə et]Nizami Leyli obrazında gözəlliyə məhəbbəti tərənnüm
etmişdir. Bu gözəlliyin məzmuu və mündəricəsi olduqca genişdir. O, şüur, əxlaq, ənənə gözəlliyi, həyat və yaşamaq gözəlliyidir. Məcnun şerlərində tərənnüm olunan bu gözəlliyi cəmiyyət də dərk etməlidir və bu gözəllikdən zövq almaq üçün əvvəlcə poeziyanın, sənətin gözəlliyini duymalıdır, həyat həqiqətlərini bu poeziyadan əxz etməlidir.[1] Nizami əsərdə Leylini canlı sənət nümunəsi kimi təsvir edir:
Yaxşılıq şerinin ilk səhifəsi, Gözəllik mülkünün şahənşahı. Yeddi ulduz camalının mündəricəsi, Yedi xəlifədən paltarı olan. Üzünə göylər ayı həsəd aparır, Gözəlliyilə bostan sərvinin bağrını sökər. Bütpərəstlərin səcdə mehrabı, O saray qəndili və gülşən şamı. Eşqə və naza yar olan, Həm xəzinə, həm xəznədar olan.[2] |
Nizaminin təsvirinə görə Leylinin saçından bənövşə qıvrım verərdi. Qönçənin ətrindən bac alardı, çəmən mükündən xərac istəyərdi.[3] Ç. Sasanian yazır ki, Leyli Nizaminin estetik idealıdır.[4] O, yaranmışların ən gözəlidir. Bu romantik təsvirdə Leylinin gözəlliyinin həddi-hüdudu yoxdur. Onun gözəlliyini təbiətdə olan heç nə ilə müqayisə etmək olmaz.[4]
Nizami Leylinin gözəlliyini ideal səviyyəyə qaldırır. Leylinin gözəlliyi qarşısında göylər də, pərilər də baş əyir, yer-təbiət ondan utanır. O. "kiçik bir qəmzəsi ilə bir yox, min könül alırdı." Leyli görkəmdə "ərəb ayı, könül almaqda isə Əcəm türkü" idi.[5]
Leylinin ideal gözəlliyini özünün romantik təxəyyülündə bu cür cazibəli şəkildə təsvir edən Nizami, öz qəhrəmanı üçün eyni zamanda ideal ictimai həyat şəraiti arayırdı. Leyli bir estetik ideal kimi mövcud tarixi şəraitin estetik düşüncələrinə zidd idi. Bu ziddiyyət Leylinin evdə dustaq edilməsində, nəcib hisslərinin cilovlanmasında, ixtiyaratının əlindən alınmasında əyani şəkildə özünü büruzə verir. Leyli bu məhkumiyyətə etiraz edir, öz şəxsi könül arzularının tələbi ilə azad həyat sürmək istəyir.[6]
Şair Leylinin gözəlliyini ideallaşdırıb romantik şəkildə təsvir etsə də, onun bədbəxtliyini, onu məhkumiyyətə məcbur edən ictimai ziddiyyətləri daha çox real xarakterdə canlandırır. Daha doğrusu, şair həyatdakı ictimai eybəcərlikləri romantikləşdirmir.[7]
Leyli Nizami poemasında min-min könülə şadlıq və səfa gətirən bahar təbiəti kimi füsünkar gözəlliyə malik bir qızdır. "Mümtaz adamlar onun gözəlliyinə könül verib sevdilər. Vilayətlərdən hər kəs mal ilə gəlib onun hüsnünə baxmağa can atırdı. O xəzinənin dürr istəyənləri onun yanına min dəllal göndərib. Birisi əl atıb ki, yatağı aparsın, o biri yaxasını açıb ki, bal yesin."[8] Leyli İbn Salama ərə verildikdən sonra Məcnuna göndərdiyi peyğamlarda sadiq qalmağından danışır.[9] Leylinin nəsihətində həyata bağlılıq, gələcəyə nikbin münasibət vardır. Leylidə vəsətə qovuşmaq meyli əsər boyu getdikcə qüvvətləndiyi halda, Məcnunda bu keyfiyyətlər tədricən azalır.[10] H. Araslı göstərir ki, "Məcnun nə qədər romantik planda verilmişsə, Leyli bir o qədər real və həyati obrazdır."[11] Çünki, "Nizami Leylinin məhkum vəziyyətini, onun iztirablarını canlı, təsirli bir dil ilə əks etdirir."[12]
Füzulinin"Leyli və Məcnun"unda
[redaktə | mənbəni redaktə et]Füzuli Leyli ilə əlaqədar hadisələrə yeni məzmun verərək onu yaşadığı dövr ilə bağlayır. Bununla belə Leyli bütün varlığı ilə atalardan və bütünlüklə köhnə cəmiyyətdən ayrılmışdır. O da Məcnun kimi bayağı adət və qanunların mahiyyətini dərk etdiyindən həmin qanunların gözü bağlı qulları olan atalardan bizardır.
Füzuli qəhrəmanları atalardan və ataları təmsil edən köhnə cəmiyyətdən o qədər ayrılmışdır ki, sonuncuların nəsihəti də onlara xoş gəlmirdi. Füzuli Leylisinin anasına verdiyi cavab bu baxımdan diqqətəlayiqdir:
Həm sən dersən ki: “Məktəbə var!” Həm dersən sən ki: “Getmə zinhar!” Hansı sözə etiqadım olsun, Sənə necə etimadım olsun. |
Leylinin fikrincə köhnə cəmiyyətə bağlı olan ana özü də nə etdiyini bilmir. O, bir tərəfdən adətlərin əsiridir, digər tərəfdən Leylinin hərəkət və tələblərində bir həqiqət və mədəniyyət hiss edir.[13]
Nizami Leylisindən fərqli olaraq Füzuli Leylisi zəmanədən daha çox şikayətlənir, etirazlarını ardıcıl bəyan edir. Bu cəhətdən o, Nizaminin Məcnunu ilə müqayisə oluna bilər.[13] Füzuli lirik şair kimi yeni əlavə ricətlərlə Leyli surətinin fəaliyyətinə geniş meydan açdığını özü də qeyd edir. Əsərin bir yerində Leyli və Məcnunun məhəbbət atəşinə daha çox yandığını və tənə oxuna artıq giriftar olduğunu söyləyir. Ancaq əlavə edir ki, sevgilisi heç olmazsa "hicab məhbusu, ağzı bağlı deyil, başqaları ilə danışmaq, səhralara üz tutmaqla dərdini azaldır."[13] O isə daxili aləmini bəyan etmək, səhralara qaçmaq hüququndan da məhrum edilmişdir. Leylinin dörd divar arasında ağlamaqdan başqa imkanı yoxdur.
Füzuli qəhrəmanı özünün tədbirliliyini, sədaqətini və kamalını İbn Səlamın evində də nümayiş etdirir. Nizamidə Leyli İbn Səlama şillə vurub onu özündən uzaqlaşdırır. Füzuli isə poemada konfliktin kluminasiya nöqtələrindən olan bu hissəni özünə məxsus inandırıcılıqla təsvir edir. Füzuli Leylisi İbn Səlama şillə vurmur. Burada Leyli İbn Səlamı xürafatla aldadır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sasanian, 1985. səh. 90
- ↑ Gəncəvi, Nizami. Leyli və Məcnun (tənqidi mətni). Moskva. 1963. 174.
- ↑ Gəncəvi, Nizami. Leyli və Məcnun (tənqidi mətni). Moskva. 1963. 176.
- ↑ 1 2 Sasanian, 1985. səh. 91
- ↑ Gəncəvi, Nizami. Leyli və Məcnun (tənqidi mətni). Moskva. 1963. 111–112.
- ↑ Gəncəvi, Nizami. Leyli və Məcnun (tənqidi mətni). Moskva. 1963. 178–181.
- ↑ Sasanian, 1985. səh. 92
- ↑ Gəncəvi, Nizami. Leyli və Məcnun (tənqidi mətni). Moskva. 1963. 260.
- ↑ Gəncəvi, Nizami. Leyli və Məcnun (tənqidi mətni). Moskva. 1963. 358–359.
- ↑ Sultanlı, Ə. “Leyli və Məcnun” və Qərbi Avropa ədəbiyyatı (Azərbaycan məktəbi, No.4). 1947. 39.
- ↑ Azərbaycan ədəbiyyatı tarixi (müxtəsər) (I cild). Bakı. 1943.
- ↑ Quluzadə, M. Nizami Gəncəvi. Bakı. 1953. 65.
- ↑ 1 2 3 Cahani, 1979. səh. 132
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Cahani, Qasım, Azərbaycan ədəbiyyatında Nizami ənənələri, Bakı: Elm, 1979
- Füzuli, Məhəmməd, «Leyli və Məcnun», Bakı: Maarif, 1991
- Sasanian, Çingiz. Nizaminin "Leyli və Məcnun" poeması. Bakı: Elm. 1985. səh. 120.