Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər)

Vikipediya, azad ensiklopediya
(Vikipediya:YAZIÇI səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Qısa keçid yönləndirmə

Qayda səsvermə nəticəsində qəbul edilmişdir.

  • Səsvermə müddəti: 25 mart – 8 aprel 2021
  • Qüvvədədir: 9 aprel 2021-ci ildən

Vikipediyada ensiklopediklik redaktorlar tərəfindən müəyyən bir mövzunun məqaləsi yaradılacaq qədər əhəmiyyətli olub-olmamasına qərar vermək üçün istifadə edilən bir meyardır. Bioqrafik məqalədə barəsində söhbət gedən şəxs "diqqətəlayiq" olmalıdır. Yəni "haqqında Vikipediya məqaləsi yazılacaq dərəcədə əhəmiyyətli, maraqlı və ya qeyri-adi" olmalıdır. Məşhur və ya populyar olmaq mənasında "diqqətəlayiqlik" əhəmiyyətsiz olmasa da, ikinci dərəcəlidir.

Bioqrafiyalar üçün nəzərdə tutulmuş bu qaydalar Vikipediyanın siyasəti deyil, bu qaydaların tətbiqi şəxs haqqında məqalənin yazılması, birləşdirilməsi, silinməsi və ya genişləndirilməsi barədə qərarları ifadə edən, müzakirələr yolu ilə nail olunan və qəbul olunmuş praktika ilə təsdiqlənən konsensusdan asılıdır.

Məqalənin adı məqalədə bəhs edilənə uyğun olmalıdır. Bir şəxs haqqında məqalə yazmaq üçün kifayət qədər etibarlı məzmun varsa, o şəxsin adı (məsələn, "Məmməd Məmmədov") uyğun bir ad hesab edilir. Bununla yanaşı, şəxslə əlaqəli əhəmiyyətli bir hadisə haqqında kifayət qədər məlumat varsa, məqalə məhz həmin hadisə ilə əlaqədar adlandırılmalıdır. Bəzən məşhur bir insan öldükdə ayrılıqda onun ölümü haqqında bir məqalə yaratmaq üçün kifayət qədər məlumat varsa (məsələn, Maykl Ceksonun ölümü), belə bir məqalə yaradıla bilər. Görkəmli bir şəxsin əsas məqaləsi bütün əsərlərini ehtiva etmək üçün çox uzundursa, bu məlumat üçün ayrıca bir məqalə yaradıla bilər.

Əsas meyar

Qısa keçid yönləndirmə

Əgər şəxs haqqında etibarlı, bir-birindən və mövzudan asılılığı olmayan[1] ikinci dərəcəli mənbələrdə[2] əhəmiyyətli məlumat mövcuddursa, o ensiklopedik hesab oluna bilər.[3]

  • Əgər mövzu kifayət qədər dərin əhatə edilmirsə, onda ensiklopedikliyi sübut etmək üçün çoxsaylı müstəqil mənbəyə ehtiyac var;[4] ikinci dərəcəli mənbələrdəki əhəmiyyətsiz və bayağı məlumatlar ensiklopedikliyin təsdiqi üçün kifayət deyil.
  • İlkin mənbə məqalənin məzmununu dəstəkləmək üçün istifadə edilə bilər, lakin şəxsin ensiklopedik əhəmiyyətliliyini sübut etmək üçün kifayət deyil.

Əsas meyara uyğun gələn şəxslər aşağıdakı əlavə meyarlar olmadan da əhəmiyyətli hesab edilə bilərlər. Lakin istisna edici meyarlara uyğun gələn şəxslər haqda məqalə yaradılmasına yenə də icazə verilməyə bilər, məsələn, yalnız bir hadisəyə görə məşhur olanlar və ya Vikipediya nə deyil qaydalarında göstərilən şərtlərə uyğun gələn hallarda.

Əlavə meyarlar

Şəxs aşağıdakı şərtlərdən birinə uyğun gəlirsə, o adətən "ensiklopedik" hesab olunur. Lakin bu şərtlərə uyğun gəlməmək şəxs haqqında məqalə yaradılmamalı olduğunun sübutu deyil, necə ki, bu şərtlərdən birinə və ya bir neçəsinə uyğun gəlmək də şəxs haqqında məqalə yaradılması üçün zəmanət vermir.

Əlavə meyarlara uyğun gəlməyən şəxs bəzən Yoxlanılabilərlik qaydalarına görə əhəmiyyətli hesab edilə bilər. İstifadəçilər hər hansı şəxs barədə məqaləyə əlavə istinadlara ehtiyac olduğuna dair şablon yerləşdirmək və ya məqalənin silinməsini müzakirəyə çıxarmaq barədə qərarsız olarkən bu qayda onlara kömək edə bilər.

Hər hansısa bir bioqrafiya

Qısa keçid yönləndirmə
  • Şəxs fəaliyyət sahəsi üzrə əhəmiyyətli bir mükafatla təltif olunmuşdur və ya bir neçə dəfə belə bir mükafata namizəd olmuşdur. Burada nəzərdə tutulan dövlət tərəfindən təqdim olunan yüksək əhəmiyyətə malik mükafatlar və digər əhəmiyyətli mükafatlardır. Məsələn: "Şərəf" ordeni, "Zəfər" ordeni, "Nobel" mükafatı.
  • Şəxs öz iş sahəsinə ölkə və ya beynəlxaq səviyyədə əhəmiyyətli hesab olunan böyük töhfələr vermişdir.

Alimlər

Bir çox tədqiqatçılar, filosoflar və başqa elm xadimləri öz konsepsiya, ideya və ixtiraları ilə məşhurdurlar, onların həyatı isə ikinci dərəcəli mənbələrin mövzusudur.

İdmançılar

Qısa keçid yönləndirmə

Şəxsin böyük bir həvəskar və ya peşəkar müsabiqədə fəal iştirak etdiyi və ya əhəmiyyətli bir mükafat qazandığı və bunla bağlı ikinci dərəcəli mənbələrdə əhəmiyyətli bir məlumat olduğu təqdirdə ensiklopedik olduğu təxmin edilir.

Yaradıcı mütəxəssislər

Qısa keçid yönləndirmə

Müəlliflər, redaktorlar, jurnalistlər, rejissorlar, fotoqraflar, yazıçılar, şairlər, aşıqlar, sənətçilər, memarlar və digər yaradıcı şəxslər aşağıdakı hallarda "ensiklopedik" hesab olunurlar:

  1. Şəxs öz peşəsində əhəmiyyətli hesab olunur və ya öz həmkarları və ya davamçıları tərəfindən geniş şəkildə istinad edilir.
  2. Şəxs yeni konsepsiya, nəzəriyyə, elmi yenilik və ya texniki üsulların yaradıcısı kimi tanınır.
  3. Şəxs müstəqil kitabın, filmin və ya çoxsaylı dövri nəşrlərin mövzusunu təşkil etmiş əhəmiyyətli və ya məşhur bir işin icraçısı və icrasında iştirakçı olmuşdur.
  4. Şəxsin işi əhəmiyyətli abidə, mühüm bir sərginin vacib hissəsi olmuş, tənqidçilərin diqqətini əhəmiyyətli dərəcədə cəlb etmiş, yaxud bir neçə ölkənin məşhur muzey və ya qalereyanın daimi kolleksiyaları arasında təmsil olunmuş, yaxud işləri bir sıra ölkənin məşhur kitabxanalarında yer almışdır.
  5. Qeyd: Şəxsin öz peşəsinə aid olan bir və ya bir neçə ictimai birliyin və ya təşkilatın (Məsələn: Azərbaycan Yazıçılar Birliyi) üzvü olması ensiklopedikliyə zəmanət vermir, lakin həmin şəxs digər meyarlara görə ensiklopedik hesab oluna bilərlər.

Cinayətkarlar və cinayət qurbanları

Cinayət qurbanları
Qısa keçid yönləndirmə

Hər bir cinayət qurbanı "ensiklopedik" kimi dəyərləndirilə bilməz. Adətən cinayət qurbanı "ensiklopedik" meyarına uyğun gələn hansısa məqalənin və ya cinayət hadisəsindən əvvəl yaradılmış məqalənin predmeti ola bilər. Lakin, əgər ensiklopedikliyi göstərən başqa əlamətlər varsa şəxs haqqında məqalənin yaradılmasının qarşısı alınmamalıdır.

Ensiklopedikliyi göstərən başqa əlamətlər dedikdə nəzərdə tutulur:

  • Cinayət işi beynəlxalq səviyyədə törədilibsə;
  • Cinayətkar haqqında 3 və daha artıq beynəlxalq səviyyəli kütləvi informasiya vasitələrində (KİV) məlumat verilibsə;
Cinayətkarlar
Qısa keçid yönləndirmə

Hər bir cinayətkar "ensiklopedik" kimi dəyərləndirilə bilməz. Bunun üçün o aşağıdakı şərtlərdən birinə uyğun gəlməlidir:

  1. Cinayətkar yalnız törətdiyi cinayətə görə tanınmamalıdır. Məsələn, Fil Spektor.
  2. Cinayətin hədəfi və ya qurbanı tanınmış insan və ya haqqında Vikipediya məqaləsi olan şəxs olmalıdır. Məsələn, Sərxan Sərxan, Qavrilo Prinsip.
  3. Cinayətin motivi və ya icra forması qeyri-adi olmalı və ya cinayət tarixi fakt kimi diqqətəlayiq olmalıdır.

Diplomatlar

Qısa keçid yönləndirmə
  1. Haqqında etibarlı ikinci dərəcəli mənbələr olan xüsusi əhəmiyyətli hadisələrdə vacib rol oynamış diplomatlar.
  2. Diplomatların xüsusi diplomatik əhəmiyyətə malik olan hadisələrdəki əhəmiyyətli rolu adətən kifayət qədər geniş şəkildə işıqlandırılmamasına baxmayaraq, onların rolunu təsdiq edən etibarlı mənbəyə istinad edilməsinə ehtiyac var.

Sənətçilər

Qısa keçid yönləndirmə

Aktyorlar, gülüş ustaları, musiqiçilər, bəstəkarlar, müğənnilər, tənqidçilər, modellər, televiziya aparıcıları və s.:

  1. Müxtəlif məşhur filmlərdə, teleşoularda, teatr tamaşalarında və ya digər sənət növlərində əsas rolları ifa etmişlər.
  2. Böyük azarkeş qrupu və ya davamçıları var.
  3. İncəsənətdə özünəməxsus, məhsuldar və ya yenilikçi töhfələri var.

Pornoqrafik aktyorlar və modellər də bu kriteriyaya tabedir.

Siyasətçilər və hakimlər

Qısa keçid yönləndirmə
  1. Beynəlxalq, ölkə, əyalət/vilayət (federal və ya buna bənzər idarəetmə sistemlərinə sahib olan ölkələr üçün) səviyyəsində vəzifə tutmuş və ya tutan, həmçinin qeyd olunan və ya səviyyələrdə qanunverici orqanların üzvü olmuş və ya olan siyasətçilər və hakimlər.
  2. Dövlət başçısı tərəfindən birbaşa vəzifəyə təyin olunan şəxslər (Məsələn: Nazirlər, komitə, agentlik sədrləri və s).
  3. Mətbuatda geniş işıqlandırılan yerli əhəmiyyətli siyasətçilər və hakimlər. Yerli əhəmiyyətli siyasətçilər dedikdə, əsasən, mərkəzi hökumət tərəfindən təyin olunan yerli rəhbərlər (Məsələn: qubernator, vali, icra hakimiyyətinin başçısı) və ya böyük şəhərlərdə şəhər hökumətinin və ya şurasının tanınmış üzvləri nəzərdə tutulur.
  4. Qeyd 1: Hansısa bir dövlət qurumunun daxilində o qurumun rəhbərinin daxili qərarı ilə vəzifəyə təyin olunmuş şəxs olmaq ensiklopedikliyə zəmanət vermir, lakin həmin şəxslər digər meyarlara görə ensiklopedik hesab oluna bilərlər. Burada icraedici və ya qanunverici orqanlardakı idarə, şöbə və s. kimi qurumların rəhbərləri nəzərdə tutulur.
  5. Qeyd 2: Yerli səviyyədə rəsmi şəxs, seçilməmiş "namizəd" olmaq, seçilmiş yerli siyasətçi olmaq, yüksək səlahiyyətə malik dövlət vəzifələri istisna olmaqla hər hansı quruma müvəqqəti rəhbər təyin olunmaq (Bunlara sədr, rəis əvəzi və ya vəzifələrinin icraçısı kimi vəzifələr daxildir.) ensiklopedikliyə zəmanət vermir, lakin həmin şəxslər digər meyarlara görə ensiklopedik hesab oluna bilərlər.
  6. Qeyd 3: Beynəlxalq, ölkə, əyalət/vilayət səviyyəsində əhəmiyyətə malik siyasi partiyaların daxili qərarı ilə vəzifə sahibi olmaq ensiklopedikliyə zəmanət vermir, lakin həmin şəxslər digər meyarlara görə ensiklopedik hesab oluna bilərlər.

Hərbçilər

Qısa keçid yönləndirmə

Ümumi mənzərədə, bir şəxs haqqında bir neçə yoxlanıla bilən müstəqil və etibarlı mənbədə əhəmiyyətli məlumatlar verilibsə, həmin şəxs ensiklopedik sayılır.

Şəxslərin adətən aşağıda göstərilən halların ən azı birini ödəməsi onların etibarlı mənbələrdə bu meyara uyğun gələcək formada yetərli səviyyədə əhatələndiyini güman etmək olar:

  • Göstərdiyi şücaətə görə öz ölkəsindəki ən yüksək mükafata layiq görülmüşdür və ya bir neçə dəfə göstərdiyi şücaətə görə öz ölkəsindəki ikinci ən yüksək mükafata layiq görülmüşdür.
  • Flaqman, general və ya aviasiya zabiti və ya onların tarixi ekvivalentləri rütbəsinə malikdir
  • Ölkəsinin silahlı qüvvələrində (məsələn, Baş Qərargah rəisi) və ya onun bir qolunda (məsələn, ordunun qərargah rəisi) ən yüksək hərbi komandanlıq vəzifəsini tutmuşdur.
  • Hansısa döyüş və ya yürüş kimi mühüm hərbi hadisədə əhəmiyyətli rol oynamışdır.
  • Döyüşdə əhəmiyyətli bir qüvvəyə (məsələn, kapital gəmisi, ordu diviziyası, aviasiya diviziyası və s.) komandanlıq etmişdir.
  • Hərb elminə maddi töhfələr vermişdir və bu töhfə əksər mənbələrdə ona aid edilir.
  • Müharibənin təbiətini və ya onun aparılmasını əhəmiyyətli dərəcədə dəyişdirən hərbi texnologiyanın ixtiraçısı olmuşdur və bu ixtira əksər mənbələrdə ona aid edilir.
  • Həmkarları tərəfindən hərbi məsələlər və yazılar üzrə mötəbər mənbə kimi tanınmışdır.

Əksinə, yalnız şəcərə qeydlərində, ya da ailə tarixçələrində adı keçən və ya haqqında yalnız ilkin sənədlərlə bəhs olunan hər hansı bir şəxs ensiklopedik deyil. Eyni şəkildə, etibarlı ikinci dərəcəli mənbələrdə haqlarında çox məhdud şəkildə məlumat verilən şəxslər müstəqil məqalə məqsədləri üçün ensiklopedik hesab edilməməlidir, lakin, şəraitdən asılı olaraq, mövcud məqalədə və ya siyahıda onlardan bəhs edilməsini tələb oluna billər. Bunu təyin edərkən əhatə dairəsinin genişliyi nəzərə alınmalıdır. Əgər, məsələn, etibarlı mənbələrdə insanın doğum tarixi, şəxsi həyatı, təhsili, hərbi karyerası ilə bağlı təfərrüatları ehtiva edən kifayət qədər məlumat varsa, o zaman həmin şəxs, çox güman ki, müstəqil məqaləyə layiqdir. Əgər belə bir məlumat yoxdursa, o zaman həmin şəxs haqqında məlumat üçün müstəqil məqalə yaratmaq əvəzinə həmin məlumatı əsas məqaləyə və ya siyahıya daxil etmək ən yaxşı yanaşmadır. Bütün digər redaksiya qərarlarında olduğu kimi, qeyri-müəyyənlik halında bununla bağlı konsensus axtarılmalıdır.

Qeyd etmək lazımdır ki, yuxarıdakı kriteriyalara cavab verməyən şəxs qəti şəkildə qeyri-ensiklopedik olmur. Həmçinin, bu meyarlara cavab verən şəxs, ikinci dərəcəli müstəqil mənbələrdə haqqında əhəmiyyətli əhatəlik mövcud deyilsə, qəti şəkildə ensiklopedik olmur. Odur ki, bu qərar müstəqil ikinci dərəcəli mənbələrdə əhəmiyyətli əhatəlik əsasında aparılmalıdır.

Yanlış meyar

Qısa keçid yönləndirmə
  • "A" şəxsinin çox məşhur olan "B" şəxsi ilə əlaqəyə malik olması, məsələn, onun həyat yoldaşı olması "A" şəxsi haqqında məqalə yaradılması üçün kifayət deyil. "A" haqqında məlumat "B" məqaləsində ayrıca başlıq altında verilə bilər. Məsələn, ingilis vikipediyasında Bruklin Bekxem və Ceyson Allen Aleksandr haqqında məlumat müvafiq olaraq Devid Bekxem və Britni Spirs haqqındakı məqalələrdə verilib və onların adı axtarış zamanı bu məqalələrə yönəldilir.
  • Axtarış mühərriki statistikasına və ya onlayn olaraq yayımlanan fotoların sayına əsaslanan meyarlardan çəkinin (məsələn, Google trendləri və ya Alexa sıralaması). Məsələn, pornoqrafika sənayesi sıralamalara təsir göstərmək üçün Googlebombing-dən istifadə edir və axtarış mühərrikləri əksər mövzular üçün faydalı istinadlar və sadəcə mətn uyğunluqlarını asanlıqla ayıra bilmir. Məsələn, Alexa Toolbar faydalı olsa da, proqramı istifadəçi bazası (rəqəmlər və istəklər) və məlumat çatışmazlığı ilə məhdudlaşır. Bir mövzunun ensiklopedikliyini müəyyənləşdirmək üçün axtarış mühərrikindən istifadə edərkən, nəticələrin sayını deyil, keyfiyyətini qiymətləndirin.

Bütün meyarlar üzrə uyğunsuzluq

Əgər məqalə və ya hansısa məqalənin bölməsi bu qaydaların heç bir meyarına uyğun gəlmirsə və əgər onu təkmilləşdirmək üçün heç bir cəhd edilməyibsə və yaxud kifayət səviyyədə olmayıbsa onda məqaləni və ya bölməni silməyin 2 yolu var:[5]

  • Əgər Müzakirə edilmədən silinən məqalələr kriteyasına uyğun gəlirsə, "{{Sil}}" şablonundan istifadə edin;
  • Silinməsinə tərəddüd etdiyiniz və ya başqalarının etiraz edə biləcəyini düşündüyünüz hallarda {{Silinməyə namizəd}} şablonunu tətbiq edin. Bu Silinməyə namizəd səhifələr qaydasına uyğun olaraq silinmə səbəblərinin müzakirəsini nəzərdə tutur.

Xüsusi hallar

Əsas meyara uyğunsuz olub, əlavə meyara uyğun gəlmə

Əgər məqalə ilə bağlı həm qaneedici izah, həm də müvafiq mənbə tapılmırsa, lakin şəxs əlavə meyarlardan birinə və ya bir neçəsinə uyğun gəlirsə:

  • Məqaləni mövzu ilə bağlı daha əhatəli məqaləyə birləşdirin.
  • Məqaləyə {{Təkrarlanan məqalə}} şablonunu yerləşdirin və mövcud məqaləni birləşdirmək istədiyiniz məqalənin adını yazın.
  • Əgər hazırda birləşdirilməsi mümkün olan məqalə mövcud deyilsə, onda məqaləni özünüz yaradın.

Mövzunun əhəmiyyətliliyini izah etmədə çətinlik

Əgər məqalə aid olduğu mövzunu tam izah etmirsə,[6] onda onu inkişaf etdirmək üçün:

  • Özünüz yenidən yazın;
  • Məqalənin müəllifi ilə məsləhətləşin.

Mənbə çatışmazlığı

Əgər məqalədə kifayət qədər mənbə yoxdursa:

  • Mənbəni özünüz tapmağa çalışın.
  • Məqalənin müəllifindən və ya redaktorundan mənbəni haradan tapa biləcəyinizi öyrənin.
  • Digər istifadəçiləri mənbə çatışmazlığı barədə xəbərdar etmək üçün {{Mənbə azlığı}} şablonunu istifadə edin.
  • Əgər məqalə ixtisaslaşmış sahə üzrədirsə, o zaman məqaləyə {{mütəxəssis}} şablonunu yerləşdirin. Bu şablon internetdə yerləşdirilməyən informasiyalara çıxışı olan mütəxəssislərin diqqətini cəlb etmək üçündür.

Bir hadisəyə görə məşhur olan şəxslər

Qısa keçid yönləndirmə

Əgər şəxs hər hansı konkret hadisədə əhəmiyyətli rola malikdirsə məqalənin şəxs, hadisə, yoxsa hər ikisi haqqında yazılması qeyri-müəyyən ola bilər. Ayrı-ayrı məqalələr yaratmaq barədə qərar verərkən həm hadisənin əhəmiyyətlilik dərəcəsini, həm də şəxsin bu hadisədə oynadığı rolun dərəcəsini qiymətləndirmək vacibdir. Əksər hallarda ümumi qayda hadisənin işıqlandırılmasından ibarətdir, şəxsin yox. Lakin, həm hadisənin, həm də şəxsin ondakı rolunun əhəmiyyəti artıqda ayrı-ayrı məqalələrin yaradılması əsaslıdır.

Əgər hadisə çox əhəmiyyətlidirsə və şəxsin ondakı rolu çox yüksəkdirsə ayrı-ayrı məqalələr tamamilə labüddür. Əsas siyasi rəhbərlərin qatilləri, məsələn, Qavrilo Prinsip – bu kateqoriyaya uyğundur.

Şəxsin hadisədə oynadığı rol az əhəmiyyətə malik olduqda hər ikisi haqqında məqaləyə ehtiyac olmaya bilər və yönləndirmə funksiyası daha münasibdir. Digər tərəfdən, əgər hadisə xüsusi əhəmiyyətə malikdirsə, onda hadisənin nisbətən az əhəmiyyətə malik olan iştirakçıları haqqında da ayrıca məqalələrə ehtiyac ola bilər.

Digər bir problem şəxsin az əhəmiyyətə malik olan hadisədə əsas rola malik olduğu hallardır. Bu hallarda ayrı-ayrı məqalələrə ehtiyac yoxdur və şəxsin adı hadisə haqqındakı məqaləyə yönləndirilməlidir. Bəzi hallarda isə bir hadisəyə görə məşhur olan şəxs, həmin hadisənin özündən daha populyar ola bilər. Bu hallarda hadisə haqqındakı məlumat həmin şəxs haqqında yaradılan məqalədə verilə bilər.

Şəxslərin siyahısı

Bir çox məqalələrdə şəxslərin siyahısı qeyd olunur və ya ayrıca siyahı səhifələri yaradılır. Şəxslərin həmin siyahılara daxil edilmə meyarları bu qaydalara uyğun olmalıdır. Bundan əlavə, bu tip siyahılara daxil edilə bilmək üçün həmin şəxslərin həqiqətən də sözügedən siyahıya daxil olduğunu təsdiq edən etibarlı mənbə göstərilməlidir.

Ailə

Qısa keçid yönləndirmə

Heç kim yalnız ensiklopedik şəxslə qohumluq əlaqəsinə malik olduğu üçün ensiklopedik hesab edilə bilməz.

Vikipediyaçılar haqqında məqalələr

Bəzi Vikipediyaçılar özləri haqqında məqalə yaratmışlar (bax: Vikipediya:Haqqında məqalə olan istifadəçilər). Lakin, həmin məqalənin şəxsin Vikipediyada iştirakından əvvəl və ya sonra yaradılmasından asılı olmayaraq, ensiklopediklik həmin şəxslərin Vikipediya iştirakçısı olmaları ilə əlaqəli olmamalıdır. Bu məqalələrin mətnləri Vikipediya qaydalarına uyğun şəkildə qiymətləndirilməlidir.

Qeydlər

  1. Orijinal mənbəni təkrarlayan mənbələr istinad kimi istifadə edilə bilərlər, lakin onlar şəxsin ensiklopedikliyinin müəyyənləşdirilməsi üçün kifayət etmirlər. "Müstəqil" anlayışı yalnız mənbələrin məzmununun qeyri-identikliyini yox, həm də məzmunun tam olaraq başqa mənbədən köçürülməməsini (və ya ona əsaslanmamasını) nəzərdə tutur (qismən üst-üstə düşmə ola bilər). Məsələn, siyasi xadimin hər hansı şəxs haqqında çıxışı həmin şəxsin "ensiklopedikliyini" göstərir, lakin həmin çıxışın stenoqramından ibarət olan çoxsaylı qəzet xəbərləri yox. Hər hansı şəxs haqqında yazılmış bioqrafiya onun ensiklopedikliyini təyin etməyə imkan verir, lakin həmin bioqrafiyanın xülasəsi yox.
  2. "Mənbə" anlayışı çox genişdir
  3. Avtobioqrafiyalar və özünütəbliğ nəşrləri şəxs haqqında ensiklopediya məqaləsi yaradılması üçün səbəb ola bilməz. Həmçinin, şəxslərin irəli çəkilməsi məqsədi daşıyan bioqrafik lüğətlər (məsələn, "Who's Who" seriyasından olan nəşrlər) məşhurluğun göstəricisi deyil.
  4. Ola bilsin mövzunun orijinal olmayan ikinci dərəcəli mənbələrlə işıqlandırılması ensiklopedikliyi təsdiq etmək üçün kifayət etməsin. Orijinallıq – nəşrin məzmununun "dərinliyini" göstərən ölçü meyarıdır.
  5. Vikipediya redaktorlarının, adekvat araşdırılmamış silinmə namizədliklərini rədd etdikləri bilinir. Tədqiqat, yoxlanılabilərliyi göstərə biləcək mənbələri və ya başqa şəkildə yoxlanılabilərliyi göstərən məlumatları tapmaq cəhdlərini əhatə etməlidir.
  6. Məqalənin mətni şəxsin niyə əhəmiyyətli olduğunu izah etmək üçün kifayət edən səviyyədə olmalıdır. Müzakirə səhifəsində gətirilən dəlillər və ya Vikipediya:Silinməyə namizəd səhifələr səhifəsindəki müzakirələr məqalənin bir parçası deyil və həmin səhifələrdə məqalənin genişləndiriləcəyi barədə verilən vədlər məqalədə faktiki mövcud olan məlumatların yanında etibarlı sayılmır.