Xunan qalası
Xunan qalası — erkən orta əsrlərə aid alban abidəsi.
Xunan qalası orta əsr mənbələrində
[redaktə | mənbəni redaktə et]Orta əsr müəlliflərinin məlumatlarında Xunan qalasının Kür və Ehram çaylarının kəsişməsində yerləşdiyi qeyd olunmuşdu. X əsr ərəb coğrafiyaşünas-səyyahı əl-Müqəddəsi ərazi bütövlüyündən danışarkən Xunanın Arran tərkibində olmasını göstərmişdi. Digər tərəfdən orta əsr müəlliflərindən Məsud ibn Namdar Xunan qalasını Arran sərhədlərinin dayağı adlandırmış, Əl-İstəxri isə Xunan qalasının Kür və Xram çaylarının kəsişdiyi yerdə yerləşdiyini bildirməklə hündür bir təpəliyin üzərində olduğunu qeyd edirdi.[1] Əl-Istəxrinin məlumatına görə, Bərdədən Gəncəyə 9 fərsəng, Gəncədən Şəmkirə 10 fərsəng, Şəmkirdən Xunana 21 fərsəng, Xunandan Qala ibn Qandamana 10 fərsəng, Qala ibn Qandamandan Tiflisə 12 fərsəngdir. Tiflisə yol Kür çayının sağ sahili ilə gedirdi. Tədqiqatçı N.M.Quliyevin məlumatına görə Əl-Istəxrinin Xunanı Qala-at-turab adlandırması təsadüfi deyil. “Turab” sözü ərəb dilində “torpaq” deməkdir. Görünür, Istəxri Xunan qalası ilə maraqlanarkən onun Xunandan başqa türkdilli digər adını - Torpaqqala eşitmişdir ki, onu ərəb dilində Qala-ət-Turab (“böyük təpə üzərində qala”) adlandırmışdır. M.Kalankatlı “Alban tarixi” əsərində Xunan qalasının adını çəkərək, yazırdı ki, Aran Araz çayından başlayaraq Hunan (Xunan) qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır.[2]. Digər tərəfdən Gəncəli Kirokos XIII əsrdə gürcülərlə monqollar arasında gedən hərbi əməliyyatların məhz Xunanda aparıldığını qeyd etmişdi. Hətta o, öz əsərində belə bir məlumatda verirdi ki, gürcü çarı İvani tatar qoşunlarını qarşılamaq üçün öz sərhədini keçdi və Xunan qalasına çatdı. Albaniyanın Xunan qalasında tatarları qarşılamağa çalışdı ki, bu ərazidə onlarla döyüşlərini aparsın və Gürcüstan ərazisini dağıntılardan xilas edə bilsin. Ancaq orada İvaninin ordusu məğlub oldu, tatarlar həmin ərazini tutdular və Xunan qalasını tamamilə dağıtdılar.[3]
Xunan qalası: müasir tədqiqatlar
[redaktə | mənbəni redaktə et]Son vaxtlara qədər Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində Xunan şəhərinin indiki Tovuz rayonu ərazisindəki Torpaqqala adlanan ərazidə olduğu bildirilirdi. Hətta belə bir fikir də söylənilirdi ki, həmin ərazilərdə yerli əhalinin Xunan düzü adlandırdığı ərazi var, bu da həmin qalanın bu ərazidə olduğunu sübut edir.[4] Ancaq orta əsr müəlliflərinin məlumatları və eləcə də aparılan tədqiqatlar, həmin fikirlərin əsassız olduğunu söyləməyə imkan verir. Ona görə ki, aparılan istər elmi araşdırmalar, istərsə də, arxeoloji qazıntılar nəticəsində belə qənaətə gəlmək mümkündür ki, Xunan şəhərinin xarabalıqları indiki Qazax rayonu ərazisində ikinci Şıxlı kəndinin sahəsində yerləşir[5] və o, Kür və Xram çaylarının qovuşduğu bir sahədədir. Orta əsr müəlliflərindən Əl-İstəxri məlumat verir ki, Xunanın ərazisi təxminən 35-40 hektara qədər sahəni əhatə edir. Bu sahə Şəmkir və Gəncə şəhərlərinin ərazisinə bərabərdir. Xunanın İkinci Şıxlı kəndinin ərazisindəki sahəsi də təxminən 35-40 hektara qədər olan sahəni əhatə edir. Bu da orta əsr müəlliflərinin verdiyi məlumatları tamamilə təsdiqləyir”
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Arif Məmmədovun sözlərinə görə, Xunan yaşayış yerinin və Xunan qalasının yerinin dəqiqləşdirilməsi üçün ilkin tədqiqat işləri aparılmışdır: Tədqiqatçı göstərir ki, qala yerinin divarları dəqiqləşdirilmiş və həmin divarların qalıqlarının bir hissəsi üzə çıxarılmışdır, bundan başqa həmin ərazidə təndir yerləri, ilkin istehsal ocaqlarının yerləri tapılmışdır. İlk orta əsrlər dövrünə aid xeyli maddi-mədəniyyət nümunəsi də üzə çıxarılmışdır. Bu ərazidə ərazidə aparılan tədqiqat işləri Xunanda yaşayışın XIII əsrə qədər davam etdiyini sübut edir. Çünki son arxeoloji materiallar XIII-XIV əsrdəki materiallarıdır ki, bunlar da Xunanın məhz XIII əsrdə monqol işğalları dövründə dağıdıldığını sübut edir. Arxeoloji qazıntılar Xunan qalasının III-V əsrlərdə salındığını göstərir. Sonrakı dövrlərdə də Xunan öz mövqeyini qoruyub saxlamışdır. Buna səbəb qalanın ilk növbədə sərhəd məntəqəsində yerləşməsi ilə bağlı idi. Ona görə ki, belə iri şəhərlər ilk orta əsrlər dövründə bütün yaşayış məntəqələri kimi iri təpəliklərin üstündə salınır, eyni zamanda qala funksiyasını yerinə yetirirdi. Bu həm o şəhərləri sel və daşqınlardan qorumaq, həm hücumlar zamanı müdafiəni asanlaşdırmaq, həm də uzaqdan gələn ticarət karvanlarını görmək məqsədilə edilirdi. . Arif Məmmədov daha sonra qeyd edir ki, Xunan şəhərinin dəqiq yerinin aşkarlanması yeni faktlar ortaya çıxardı. Belə ki, ilk orta əsrlərdə hər bir iri feodal şəhərinin ən azı 150 kilometrlik məsafədə mərkəz rolunu oynadığını nəzərə alsaq, onda Xunan digər Azərbaycan torpaqları olan Borçalı, Başkeçid, Basarkeçər, Şəmşəddil, İrəvan, Tiflis və s. üçün də əsas mərkəz rolunu oynamışdır”.
Mənbə
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Istinad
[redaktə | mənbəni redaktə et]- ↑ [1] Arxivləşdirilib 2009-04-05 at the Wayback MachineСведения арабских писателей X и XI веков по Р. Хр. о Кавказе, Армении и Адербейджане.
- ↑ [2][ölü keçid].Qədim Xunan şəhərinin Qazaxda tapılan izləri
- ↑ [3][ölü keçid].Xunan qalası
- ↑ [4] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Xunan qalası
- ↑ [5] Arxivləşdirilib 2016-03-12 at the Wayback MachineXunan şəhərinin qalıqları aşkar edilmişdir