Bir şeyin, hadisənin baş verməsini şərtləndirən başqa hadisə, şərait. Nöqsanların səbəbi. İşə gəlməməyinizin səbəbi nədir? Hər şeyin səbəbi var.
Bais, baiskar, səbəbkar, təqsirkar. [Yaralı:] Səbəbin evi dağılsın. Gəldilər, camaatı başdan çıxartdılar. Ə.Haqverdiyev. Səriyyə xalanın Qərənfilə müştəri gözü ilə baxmasının əsas səbəbi Bahadur idi. S.Rəhman. _ Səbəb olmaq – bais olmaq. Nə sən fəraqə səbəb olmusan, nə mən bais; Bu dərdə saldı bizi dövri-ruzigar, ey dust! S.Ə.Şirvani. Bu faciənin yaranmasına Surxay səbəb olmuşdu. Ə.Vəliyev.
Bəhanə, əsas, dəlil. Dava salmaq üçün səbəb axtarır._Səbəb eləmək – əlində bəhanə eləmək, əsas eləmək. [Güllü] bu kiçik çöpü, nə üçünsə, böyük bir səbəb eləmək istəyirdi. H.Seyidbəyli.
...səbəbinə şəklində – ...sayəsində, ...görə, ...ucbatından, ...hesabına. [Usta arvadına:] Belə kef! Özü də ayrı adamları [cənnətə] qoymazlar, biz ağanın səbəbinə gedəcəyik.. Çəmənzəminli. ◊ Bu səbəbə – bu səbəbdən, buna görə, bu üzdən. Nə səbəb (səbəbə, səbəbdən) – nə üçün, niyə. Nöqsanımı gördün sənə ixlas də əfzun, Lütfün nə səbəbdən belə, ey məh, kəm olubdur. S.Ə.Şirvani. ...Biz düz adam olsaq, nə səbəbə biz dara düşəndə və ehtiyac məqamında Allahı yada salırıq? C.Məmmədquluzadə. O səbəbə (ki) – ona görə (ki)... Qış fəsli nə qədər gözəl olsa da, yenə də bahar fəslinə bərəkət. O səbəbə ki, baharda ot bitir və acların dəxi Bakı milyonçularına ehtiyacı olmur. C.Məmmədquluzadə.