Dayanıqlı İnkişaf Məqsədləri
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Dayanıqlı inkişaf məqsədləri (ing. Sustainable Development Goals) – Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəd. BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) 1 yanvar 2016-cı il tarixində rəsmi şəkildə qüvvəyə minib. Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni Məqsədlər fonunda, qarşıdakı on beş il ərzində ölkələr "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklər. "Qlobal Məqsədlər" kimi də tanınan DİM-lər Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir. Yeni DİM-lərin özünəməxsusluğu onların bütün ölkələri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərtilə, tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləməsində əks olunur. DİM-lər təsdiq edir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməlidir. Onlar təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir.
Arxa plan
[redaktə | mənbəni redaktə et]Minilliyin İnkişaf Məqsədlərinin nailiyyətlərini davam etdirəcək yeni qlobal inkişaf çərçivəsinin müəyyənləşdirilməsi üzrə danışıqlar 2012-ci ildən 2015-ci ilədək davam etdi. Yekun sənəd 2015-ci ilin sentyabrında ABŞ-nin Nyu-York şəhərində keçirilən BMT-nin Dayanıqlı İnkişaf Sammitində imzalandı.
25 sentyabr 2015-ci il tarixində BMT-nin Baş Assambleyasının üzvü olan 193 dövlət tərəfindən "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" qəbul edildi. Gündəlik 92 bənddən ibarətdir və 51-ci bənddə 17 Davamlı İnkişaf Məqsədi və əlaqəli 169 hədəf göstərilir.