Gümrü döyüşü (1920)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gümrü döyüşü
Türkiyə İstiqlaliyyət müharibəsi
Tarix 7 noyabr 1920
Yeri Gümrü, Ermənistan
Nəticəsi Türkiyənin qələbəsi, Gümrü müqaviləsi bağlanması
Münaqişə tərəfləri

Ermənistan

Ankara Hökuməti

Komandan(lar)

Drastamat Kanayan

Kazım Qarabəkir

Gümrü döyüşü — 7 noyabr 1920-ci ildə Türk ordusu ilə Ermənistan Demokratik Respublikası arasında baş vermiş döyüşdür. Döyüş Türk ordusunun Gümrünü azad etməsi ilə nəticələnmişdir. Ancaq daha sonra SSRİ ilə Türkiyə arasında bağlanan Qars müqaviləsinə əsasən Ermənistana geri qaytarılmışdır.

24 oktyabr tarixində Kazım Qarabəkir paşa Qars üzərinə hücuma keçdi. Ermənilər mühasirəyə çox davam gətirə bilmədilər və 30 oktyabr tarixində şəhəri boşaltdılar. 31 oktyabr tarixində Türk ordusu Qarsa daxil oldu və birbaşa Qars-Gümrü istiqamətində hərəkətə başladı. Türk ordusu 4 noyabrda Şahnalar bölgəsində Erməni birliklərini məğlub etdi. Şahnalar tutulduqdan sonra 5 noyabr tarixində Arpaçaya qədər ermənilər geri çəkildilər. Türk ordusunun Ermənistan torpaqlarının içlərinə doğru irəliləməsindən narahat olan Ermənistan tərəfi 6 noyabr tarixində sülh danışıqlarına başlamaq istədi. Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir paşa buna razı olmadı və 7 noyabrda Gümrünü ələ keçirdi.

Gümrü müqaviləsi

[redaktə | mənbəni redaktə et]

22 noyabr tarixində sülh danışıqları başlanıldı. Kazım Qarabəkir paşa istəklərinin qeyd-şərtsiz qəbul olunacağı təqdirdə sülh danışıqlarının davam etdiriləcəyini bildirdi. Türk ordusu Gümrünün şərqində yerləşən Sarıyer-Cacur-Çıraqlı-Golfatda və cənubunda yer alan Erməni birliklərini məğlub etdi. Türk ordusu 28 noyabr tarixində Arpaçayın qərbindəki atəşkəs xəttinə geri çəkildi. 3 dekabr tarixində Ermənistan Demokratik Respublikası ilə Türkiyə Böyük Millət Məclisi arasında sülh müqaviləsi bağlanıldı. Gümrü müqaviləsində Türkiyə Böyük Millət Məclisi tərəfini Şərq Cəbhəsi komandanı general-leytenant Kazım Qarabəkir Paşa, Ərzurum valisi Həmid bəy, Ərzurum millət vəkili Süleyman Nəcati bəy təmsil edirdi. Ermənistan tərəfini isə Ermənistan Demokratik Respublikası Baş naziri Aleksandr Xatissyan, keçmiş Maliyyə naziri Abraham Kulhadyan, Daxili İşlər Nazirinin müavini Stefan Gorganyan təmsil edirdi.[1] Müqaviləyə görə:

  • Qars, Sarıqamış, Kağızman, Rulp, Iğdır bölgələri Türkiyəyə verildi;
  • Ermənistan Demokratik Respublikası Türkiyə əleyhinə üçüncü ölkələrdə razılaşdığı bütün müqavilələrdən imtina edəcək;
  • Türkiyə əleyhinə olan Sevr müqaviləsini Ermənistan qəbul etməyəcək;
  • Türkiyə və Ermənistan sərhəd bölgələrində yaşayan vətəndaşlar bərabər haqqlara sahib olacaq;
  • İki dövlət arasında ən qısa zamanda diplomatik əlaqələr qurulacaq;
  • Türkiyə mühafizəsində olan Naxçıvan və İtur bölgələri öz müqəddaratlarını özləri həll edəcək;
  • Ermənistanın silah idxal etməsi qadağan edilir;
  • Ermənistana hücum olunduğu təqdirdə Türkiyə hərbi yardım göstərəcək;
  • Heç bir ölkə təzminat ödəməyəcək;

Müqaviləyə əsasən Türkiyənin şərq sərhədləri Araz çayından Çıldır gölünə qədər uzanırdı. Ermənistan ordusu müqavilədə nəzərdə tutulmuş sayda olduqdan sonra Türk ordusu Ermənistan torpaqlarını tərk etdi.[2] Bu sırada Türkiyə hökuməti Gürcüstan hökumətinə nota göndərərək, Ərdəhan, Artvin, Batumi bölgələrinin Türkiyəyə buraxılmasına nail oldu. Bu müqavilənin təsdiqlənməsi ilə Türkiyə Şərq Cəbhəsindən qalib ayrılmış oldu və bu cəbhədə olan əsgər və silah-sursat Qərb cəbhəsinə göndərildi.[3]

Müqavilənən taleyi

[redaktə | mənbəni redaktə et]

Müqavilədən sonra Ermənistan Demokratik Respublikası Ermənistan Sovet Sosialist Respublikası quruldu. Yeni hökumət müqaviləni təsdiqləmədi. 6 mart 1921-ci ildə Sovet Rusiyası ilə Moskva müqaviləsi, 13 oktyabr 1921-ci ildə isə Ermənistan hökuməti ilə Qars müqaviləsi bağlandı. Türkiyə və Ermənistan sərhədləri müəyyən edildi. Bununla da Şərq cəbhəsində müharibə qurtarmış oldu

  1. "NKFO.COM - Gümrü döyüşü və müqaviləsi haqqında məlumat". 2019-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
  2. "Kurtuluş Savaşı - Gümrü Antlaşması". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
  3. "KurtulusSavasi.org - Atatürk və Ulusal Kurtuluş Savaşı (Doğu cephesi". 2015-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.