Söhbətül-əsmar

Vikipediya, azad ensiklopediya
(Söhbətül əsmar səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Söhbətül əsmar
azərb.
Janr Nəzm
Müəllif Məhəmməd Füzuli
Orijinal dili Azərbaycan dili
Vikimənbənin loqosu Söhbətül-əsmar Vikimənbədə

"Söhbətül əsmar" (Meyvələrin söhbəti)Füzulinin Azərbaycan dilində yazdığı alleqorik poeması.[1]

Füzuli zəmanəsində gördüyü ictimai çatışmazlıqlara, baş verən əbəs çəkişmələrə eləcə də "Söhbət ül-əsmar" əsərində öz münasibətini bildirmiş, yersiz qürur, mənasız öyünmələrin fayda vermədiyini, bir-birinin eyiblərini söyləməklə öz məziyyətlərini tərifləyən meyvələrin mübahisəsində göstərmişdir. Meyvələrin xassələri və onların hər birinin insan orqanizminə təsirini gözəl bilən şairin bu əsəri zahirən uşaqlar üçün yazılmış sadə əsər kimi görünsə də öz fəlsəfi-nəsihətamiz ruhu ilə diqqəti cəlb edir. Əsərdə ictimai ədalətsizliyə etiraz edən, dünyanın vəfasızlığından şikayətlənən şair yazır:

" Dünya işinin mədarı yoxdur,
Heç kimsəyə etibarı yoxdur.
Eylər birisini sahibi-tac,
Ol birisin eylər ona möhtac.
"

Tanınmış şair və tənqidçi Hümmət Şahbazi Azərbaycan ədəbiyyatında ilk uşaq şeiri kimi Məhəmməd Füzulinin iki yüz beytdən ibarət “Söhbətül-əsmar” (Meyvələrin söhbəti) alleqorik məsnəvisini qəbul edir və yazır ki, bu kitab 1958-ci ildə Bakıda Həmid Araslı tərəfindən yayılıb. Kamil Mirbağırov tərəfindən nəsrə çevrilərək uşaqlar üçün hazırlanıb və Təbrizdə 1376 (1997)-cı ildə "Əsmər" nəşriyyatı tərəfindən yayımlanıb. Yeni çağda «cizgi filmləri», təmsili (alleqorik) biçimdə uşaqlar üçün hazırlanmasını görəndə "Söhbətül-əsmar"ın da uşaqlar üçün təmsili bir dillə yazıldığını duyursan. Buna görə Azərbaycanın ilk uşaq şeiri (bəlkə də Şərqdə) Füzuliyə aiddır.

Hümmətin bu məsnəvinin mahiyyətinə varması da düşündürücüdür: “Şair bu kitabda meyvələrin dili ilə, öz öyüdsəl (nəsihətamiz) sözlərini deyir və hər bir meyvə özünün xasiyyətindən danışır. Şeirdə meyvələrin xarakteri var. Füzuli meyvələrin xasiyyətlərinə uyğun sözlərdən faydalanır. Şairin bu vəsflərində bütün meyvələr özü-özlüyündə taysızdır. Heç bir meyvə, başqa meyvələrin yaxşılığını görmək istəmir və hər biri özünü yaxşıların ən yaxşısı bilir. Sonda bağa səyahətə çıxan adam da elə onların yaratdığı bu uyumsuz dünyalarından qaçmaq fikrinə düşür. Bu meyvələr arasında heç bir fikir və duyğu birləşməsi yoxdur. Onların hər birisinin davranışı "burda mənəm, Bağdadda kor xəlifə" zərbül-məsəlini yada salır.”[2]

1994-cü ildə "Azanfilm" Studiyası tərəfindən qısametrajlı cizgi filmi çəkilmişdir. Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinə həsr olunmuşdur.

  1. "Güney Azərbaycanda uşaq ədəbiyyatı". 2017-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-17.
  2. "Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. II cild" (PDF). 2020-10-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-03-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]