Academia.eduAcademia.edu

SYMPTOMS OF AUTISM SYNDROME

AUTİZM SINDROMUNUN ƏLAMƏTLƏRİ Tünzalə VERDIYEVA Fəlsəfə doktoru proqramı üzrə ARTPİ-nun dissertantı E-mail: tunzaleverdiyeva@mail.ru Uşaq autizminin əlamətlərini, onun digər psixi pozuntulardan fərqini ilk dəfə L.Kanner 1943-cü ildə yazdığı “Emosional əlaqənin autistik pozuntusu” adlı əsərində göstərmişdir. Bununla da autizm ayrıca bir xəstəlik kimi diqqəti cəlb etmiş, araşdırılmağa başlanılmışdır. L.Kannerdən bir il sonra, 1944 cü ildə Avstriyalı alim terapevt H.Asperqer autist psixopatiyalı uşaqlardan bəhs edən “Autist psixopat uşaqlar” adlı əsərini çap etdirir. H.Asperqer L.Kannerdən fərqli olaraq daha sistemli, ətraflı tədqiqat aparmış, autizmlə bağlı yeni ideyalar irəli sürmüşdür. Ötən əsrin 80-ci illərinə qədər autizm demək olar ki, yalnız psixiatrlar tərəfindən öyrənilirdi. Burada isə autizmin başlıca əlamətləri kimi sosial dezadaptasiya və kommunikasiyanın pozulması, aşağı inkişaf səviyyəsi götürülürdü. Əlbəttə autizmi yalnız klinik göstəricilərə əsasən öyrənmək kifayət etmirdi. 80-ci illərdən başlayaraq autist uşaqların pedoqoji, psixoloji baxımdan öyrənilməsinə başlandı. Tədqiqatçılar (E.R.Baenskaya, L.Q.Nuriyeva, O.S.Nikolskaya, A.Françeska və b.) autizmin ilbəil artmasının müxtəlif səbəbləri olduğunu göstərirlər. Bura elmi-texniki tərəqqinin inkişafı, ətraf mühitin korlanması, cəmiyyətdə gərginliyin artması, autizmin əlamətlərinin daha dəqiq müəyyənləşdirilməsi, onun getdikcə daha çox elm sahələri tərəfindən öyrənilməsi və s.aid edilir. Uşaq autizminin kliniki göstəricilərinə L.Kanner ətrafdakı adamlarla ünsiyyətin zəif olmasını, hərəkətdə olan əşyalardan qorxmanı, kommunikativ ünsiyyətdən qaçmaq, abstrakt anlayışları başa düşməməyi, yeni şəraitə düşdükdə, yad adamları gördükdə qorxu hissi keçirməyi və s.aid edirdi. L.Kanner müşahidələrinə əsasən autist uşaqların valideynlərinin yüksək intelektə malik, lakin emosional cəhətdən soyuq olduqlarını göstərirdi. Hələ 1943-cü ildə uşaq autizminin aşağıdakı kliniki əlamətlərini qeyd edirdi: -affektiv əlaqə qabiliyyətinin kifayət qədər olmaması; -ətraf aləmdə olanların sabit, dəyişməz qalmasına can atması; -müəyyən obyektlərə uyğunlaşma və onlarla çevik davranış; -kommunikativ ünsiyyətdən çəkinmə; -yüksək idraki potensial və yaxşı hafizə. L. Kannerin kliniki müşahidələrinə əsasən göstərdiyi bu əlamətlərə sonrakı illərdə xeyli düzəlişlər olundu. Tədqiqatçılar (B.Bettelheim, L.Binq, E.Ritva, M.Rutter və b) L.Kannerin autist uşaqların hökmən yüksək intellektual potensiala malik olmaları fikrini qəbul etmədilər. M.Rutter autizmin əsas əlamətlərinə aşağıdakıları daxil edirdi: -uşağın 30 aylığınadək özünəməxsus çətinlikləri; -intellektual inkişafın səviyyəsindən asılı olmayaraq sosial inkişafın dərindən pozulması; -uşağın intellektual inkişafından asılı olmayaraq nitq inkişafının ləngiməsi və pozulması; -heç nəyin dəyişməməsinə cəhd etmə, mühitin və ətrafdakı obyektlərin dəyişməsinə qorxu ilə yanaşmaq. B.Bettelheym isə göstərirdi ki, autist uşaqlar heç də həmişə ətraf aləmin dəyişməz qalmasına, reallıqda olanlarla əlaqədən qaçmağa cəhd etmirlər. E.Ornitz və E.Ritvo uşaq autizminin əsas əlamətləri kimi motor hərəkətləri və qavrayışın özünəməxsus xüsusiyyətlərini aid edirdi. E.Ornitzə görə autist uşaqlar yüksək dərəcədə sensor qıcıqlara və reaksiyaya malik olurlar. L.Binq isə autizmin əsas əlamətləri kimi baş verənlərin birmənalı şəkildə dərk olunmasını, bacarıq və vərdişlərin fəaliyyətə tətbiq oluna bilməməsini, simvollaşdırmanın son dərəcə məhdudluğunu göstərirdi. Əksər tədqiqarçılar autizmin bir əlamətinin olmasında vahid mövqe bildirirdilər. Bu, autist uşaqların birmənalı şəkildə dalğın olmasıdır. Beləliklə, autizmin klinik təsvirində mütəxəssislərin mövqeyi ziddiyyətlidir. Bu ziddiyyətlərin başlıca səbəbi isə autizmin spesifik xüsusiyyətlərindən irəli gəlir. Autist uşaqlar hətta ən yaxın adamlarla, valideynlərlə adekvat ünsiyyətdən qaçırlar. Ətrafdakılara qarşı belə biganəlik, laqeydlik “ekstremal tənhalıq” hissi yaradırlar. Belə uşaqlar emosional əlaqədən çəkinir, başqa adamların hisslərini başa düşmürlər. Maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki, autizmin yüngül formasında olan uşaqlar özlərindən böyük və kiçik uşaqlarla ünsiyyətə girə bildikləri halda, yaşıdları ilə ünsiyyətə girə bilmirlər. Autizm geniş mənada yalnız insanlarla əlaqəyə girməkdən çəkinmək deyil, həm də ümumən reallıqdan ayrı düşməkdir. Autist uşaqların davranışı bir qayda olaraq ziddiyətlidir. Onlar gah süst olur, ətrafda baş verənlərə maraq göstərmirlər. Bununla belə bəzən çox aktiv, aqressiv olur, istədikləri şeyə yüksək maraq göstərirlər. Autizmin ilkin, sadə əlamətləri belə çağalıq dövründən özünü göstərir. Lakin ola bilsin ki, ətrafdakılar, hətta valideynlər bu əlamətləri görməsinlər. Autizm özünü 3-5 yaşlardan başlayaraq təzahür etdirir. Sonrakı dövrlərdə tədricən affektiv potologiya azalır, lakin koqnitiv qüsurlar artır. Bir sıra tədqiqatçılar (L.Kanner, B.M.Başina və b.) göstərirlər ki, autist uşaqların yaşlaşdıqdan sonra yalnız 5 %-ində sosial adaptasiya mümkün olur. Onlar yaxşı sosial əlaqə qura bilir, müstəqil fəaliyyət göstərir və s. 73 % -i başqalarının köməyi olmadan müstəqil yaşaya bilmirlər. M.Rutterin tədqiqatları göstərir ki, beş yaşınadək nitqə malik olmayan, intellektual göstəricisi aşağı olan uşaqların sonralar sosial adaptasiyasına ümid çox azdır. L.Letter apardığı epidemioloji tədqiqatlara əsaslanaraq göstərirdi ki, autist uşaqların İQ göstəriciləri 70 % dən aşağıdır. L.Binqə görə əqli geriliyi olan uşaqların 20 % -də autizm əlamətləri olmuşdur. L.Binqə görə uşaq autizminin klassik əlamətləri ilə yanaşı “ periferik variantı” da vardır. Ehtimal edilir ki, uşaq autizminin kliniki mənzərəsi onun müxtəlif etiologiya bağlı olmasından irəli gəlir. Uşaq autizminin etioloji əlamətləri ilə bağlı mütəxəssislər arasında fikir ayrılığı mövcuddur. L.Kanner uşaq autizminin yaranması səbəblərini valideynlərlə bağlayır. Göstərir ki, belə uşaqların valideynləri adətən yüksək intellektə və soyuq emosional sferaya malik olurlar. Onun bu yanaşmasını B.Bettelheym, L.Despert, B.Rank və başqaları da qəbul edir və digər amillərin də olduğunu qeyd edirlər. Bildirirlər ki, valideynlər bioloji cəhətdən sağlam alsalar da onların uşaqların tərbiyəsi və qarşılıqlı münasibətlərində problemlər vardır. Adətən belə valideynlər uşaqlarına qarşı dözülməz dərəcədə tələbkar olur, onların müstəqilliyinə qarşı çıxır, ətraf aləmdə baş verənlər haqqında informasiya toplamalarına şərait yaratmırlar. Uşağın ətraf mühitlə tam əlaqəsinin yaranmaması, qorxu hissi onların inkişafın sonrakı mərhələsinə keçmələrinə mane olur. Digər alimlərin (M.Rutter, M.Mjer, L.Baker və b.) tədqiqatları isə yuxarıda deyilənləri aşkar etməsə də, təsdiq də etmir. Son onilliklərdə aparılan tədqiqatlar sübut edir ki, uşaq autizmi istənilən mühitdə, istənilən ailədə baş verə bilər. Yəni valideynlərin statusu, təhsili, mədəni səviyyəsi, iqtisadi vəziyyəti heç bir əhəmiyyət kəsb etmir. Hər iki yanaşma arasında orta mövqe tutan tədqiqatlar da vardır. E.Tinberqen uşaq autizminin yaranmasında anadangəlmə psixogen amillərin, həm də mühitin təsiri olmasını qəbul edir. Onu da qeyd etmək lazımdır ki, son dövrlərdə uşaq autizmini öyrənən mütəxəssislər daha çox bioloji amillərin rolunun olduğunu bildirirlər. Uşaq autizminin, xüsusilə şizofreniya əlamətləri olanların daha çox irsi amillərlə bağlılığını əsas götürənlər də vardır. Bir sıra psixiatrlar (K.S.Lebedinskaya, O.S.Nikolskaya, M.J.Bedenina, D.N.İsayev və b.) uşaq autizminin başlıca səbəbi kimi beynin müəyyən sahəsinin zədələnməsini qeyd edirlər. L.Kanner, B.Letter, B.E.Kaqan və başqalarına görə, autist yeniyetmələrdə epileptik ürəkkeçmələri baş verir. Tədqiqatçılardan bir qrupu yalnız uşaq autizminin müxtəlif əlamətlərini ifadə edən ümumiləşdirilmiş “autizm” anlayışını qəbul edir, digərləri isə kəskin diferensasiya aparılmasını məqbul sayırlar. Psixolojo-pedoqoji tədqiqatlarda autizm daha çox psixi inkişafda ləngimə kimi göstərilir, bu uşaqların təlim-tərbiyəsinə geniş diqqət yetirilir. Bunun üçün ilk növbədə xüsusi məktəblərdə inkluziv təhsilə ayrıca yer verilir. Onlar burada başlıca məsələ kimi kadr hazırlığını önə çəkirlər. Göstərirlər ki, inkluziv təhsillə xüsusi hazırlığı olan müəllimlər məşğul olmalıdılar.