Academia.eduAcademia.edu

QARA ŞƏHƏR

hekayə

Hambal: A Məşədi, bu qədər xəlqə pul paylıyırsan, mənə də bir abbası ver, belimi sındırıbsan! Məşədi İbad: Əşi, rədd o ol yana, bir sən qalmışdın ki, məni soyasan. "O olmasın bu olsun" Adil özündən asılı olmayaraq bayram günlərinin sona çatıb, arxada qalmasına hədsiz sevinirdi. Nəhayət, bir həftəlik istirahətdən sonra işə çıxacaq. Hal-hazırda işsizlik, kasıbçılıq, çarəsizlik içində çabalayan Adili nə gözlədiyini bir Allah bilirdi... Adil avtobusa pul verməmək üçün altı dayanacaqlıq yolu piyada gələrək, körpünün altında yerləşən qul bazarına tərəf addımladı. Qul bazarında adamların

Salidə Şəmmədqızı (ŞƏRİFOVA) yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü QARA ŞƏHƏR Hambal: A Məşədi, bu qədər xəlqə pul paylıyırsan, mənə də bir abbası ver, belimi sındırıbsan! Məşədi İbad: Əşi, rədd o ol yana, bir sən qalmışdın ki, məni soyasan. “O olmasın bu olsun” Adil özündən asılı olmayaraq bayram günlərinin sona çatıb, arxada qalmasına hədsiz sevinirdi. Nəhayət, bir həftəlik istirahətdən sonra işə çıxacaq. Hal-hazırda işsizlik, kasıbçılıq, çarəsizlik içində çabalayan Adili nə gözlədiyini bir Allah bilirdi... Adil avtobusa pul verməmək üçün altı dayanacaqlıq yolu piyada gələrək, körpünün altında yerləşən qul bazarına tərəf addımladı. Qul bazarında adamların əvvəlki günlərə nisbətən az olduğunu görüb sevindi. Bu soyuq havada Adil bir tikə çörək üçün bura üz tutmuşdu. Adil küskün və pərt halda kənarda dayanmış yaşlı kişiyə yaxınlaşıb salam verdi. Saçlarına dən düşmüş yaşlı kişi başı ilə salamı götürüb əlindəki siqareti dodaqlarına yaxınlaşdırdı. Siqaretini bir az çəkdikdən sonra Adildən soruşdu: - Oğul, deyəsən təzəsən? Cavab gözləməyib siqaretini təkrar çəkməyə başladı. Adil ona sual verən kişini təəccüblə başdan-ayağa süzüb həvəssiz cavab verdi: - Hə. Yaşlı kişi Adilin danışmağa həvəssiz olduğunu görüb qımışdı. Sonra əlini Adilə uzadaraq özünü təqdim edib dedi: - Tahir. Özüm də Sabirabadlıyam. Bəs sən kimsən oğul? Haralısan? Adil Tahirin ona uzatdığı əli həvəssiz sıxaraq cavab verdi: - Adil. Qarabağlıyam. 1 Tahir siqaretin kötüyünü əsəbi halda yerə ataraq ətrafına boylanaraq Adilə dedi: - Hə... İki saatdan artıqdır bu soyuqda gözləyirəm, bir nəfər də müraciət edən olmayıb. Bu soyuq şəhər adamın nəfəsini kəsir. Bayram da qurtardı, düşündüm ki, günəş şəhəri qızdırar. Tərslikdən qızmaq bilmir. Nə vaxt soyuq çəkiləcək? Sonra diqqətlə Adili süzdü. Adil Tahirin ondan cavab gözlədiyini görərək dilləndi: -Hə, ogeyləşibdir şəhərimiz, istisini bizdən əsirgəyir. Bilmirəm nə vaxt soyuq çəkiləcək, ağsaqqal. Adilin cavabından qane olmayan Tahir onu yenə başdan-ayağa süzüb sözünə davam etdi: - Hə, bilmək olmur... şəhərin də üzü insanların üzü kimi dönük olub. Elə deyilmi? Oğul... Adilin cavab verməsini gözləməyib sözünə davam edən Tahir əlindəki siqaretdən bir-iki qullab vurub sözünə davam etdi: - Dönüb, özü də çox dönüb. Nə isə... Sözümün canı ondadır ki, əvvəllər vəziyyətim yaxşı idi. Yaxşı yox e... Əla idi... İş tapmışdım, işləyirdim. Yəni başımı girləyirdim. Günlərin bir günü işlədiyim müəssisəni özəlləşdirdilər. Ondan sonra qaldım işsiz. Adil Tahirin dərdini yaxşı anlayırdı: - Bir onu başa düşə bilmədim ki, müəssisə özəlləşdiriləndə, sahibkara işçi lazım deyil məgər? O müəssisədə özü işləməyəcək ki? İşçi işlədəcək ya yox? Tahir soyuqdan donmuş əllərini bir-birinə sürtərək gülümsədi. Sonra başını narazı-narazı buladı. Ondan cavab gözləyən Adilə baxaraq dedi: - Elə bil Aydan gəlmisən, Adil bala. Özəlləşdirilmiş müəssisələrdə xadimələr, yəni süpürgəçilər də sahibkarın qohumlarıdılar, qonşularıdılar, uzağı yerliləridi. Ay səni sağ olmuş, sən nə qoyub, nə axtarırsan? Adil özündən çıxmış Tahiri sakitləşdirmək məqsədilə dilləndi: - Ay agsaqqal, hər şeyi niyə ürəyinə salırsan? Bu il yaxşı olmayıb, gələn il yaxşı olar. Ümidi üzmə. 2 Tahirə sanki od vurdular: - Görmürsən ki, il ildən ağır gəlir? Guya bu il keçən ilkindən yaxşı olacaq? Sonra udqunub sözünə davam etdi: - Səni bilmirəm, mən şəxsən hər şeydən əlimi üzmüşəm. Mənim həyatımda nəyinsə dəyişəcəyinə ümidim heç qalmayıb. Bayaqdan onları dinləyən arıq, uzun kişi dözməyib Adillə Tahirin söhbətinə qarışaraq dilləndi: - Ay qardaşlar, məni üzrlü hesab edin, istəmədən söhbətinizin qulaq müsafiri oldum. Sonra Adilə baxıb əli ilə Tahiri göstərərk dedi: - Ay qardaş, bu ağsaqqal tamamilə haqlıdır. İl ildən daha ağır gəlir, vəziyyətimiz daha da çətinləşir. Qocalırıq yəqin, ondandır bu ümidsizlik. Qocalığın əlamətidir. Məncə nə etməli idim, cavanlıqda etməliydim. Qardaş, mən özüm ali təhsilli müəlliməm. Peşəmi sevsəm də, dolanışıq ucbatından atmalı oldum. Riyaziyyat, fizika müəllimi deyiləm ki, əlavə şagird hazırlayam. Bədən tərbiyəsi müəllimi nə etməlidi ki? Kişinin Tahirin tanışı olmadığını görən Adil dilləndi: - Qardaş, sən kimsən? Bədən tərbiyə müəllimi olduğunu bildik, bəs haralısan? Kişi əsnəyib dedi: - Bəndəniz Vəlidir. Özü də Gədəbəydəndir. Vəli hasarın yanına qoyulmuş əşyaya əlini uzadaraq dedi: - Bu «preparator» olmasaydı, mən çoxdan acından ölərdim. Tahir gülümsəyib Adilə baxdı, sonra Vəliyə dedi: - Ay Vəli qardaş, işləmək ayıb deyil axı. Amma... Vəli təəccüblə Tahirdən soruşdu: - Nə amması, ay ağsaqqal? Tahir başını bulayaraq sözünə davam etdi: - Amması odur ki, Vəli qardaş, iş tapmaq çətindir. Vəli qəhqəhə çəkərək əlini əlinə vurdu: 3 - Ay səni, ağsaqqal... Guya təzə xəbər dediniz. Bəlli məsələdir ki, hambal çox, iş gördürmək istəyən isə az. Adil susub, sakitcə Vəlinin dediklərini başı ilə təsdiqləyirdi. Vəlinin ona baxdığını görüb dilləndi: - Vəli qardaş, cəmiyyətimizdə elələri var ki, qapısında işlədir, axırda nəyi isə bəhanə edib pulundan kəsir. Başa düşürəm, səhvin olanda, təbii ki, onda haqlı olar. Çünki halal zəhmətlə alınan malına zərər vurmuş olursan, malını zay edirsən. Kiməsə ziyan vurasan, bəs ziyan vurduğun insan? Nə isə... Halallıq olmalıdır. Tahir əllərini bir-birinə sürtərək dedi: - Siz nəyi qoyub, nəyi axtarırsınız? Adama lap hambal kimi baxırlar... Elə bil bunlar ömrü boyu ağa, bəy nəslindən olublar... Vəli Adilə göz vurub Tahirdən soruşdu: - Sözlü adama oxşayırsan, agsaqqal... De gəlsin. Tahir başını narazı-narazı bulayaraq dedi: - Zarafat yeri deyil... Mənim yetmişə yaxın yaşım var. Axırıncı dəfə fəhləliyə getdiyim evin gəlini əlində zibil kisəsi gəlib deyir ki, gedəndə bu zibili də atarsan. Ay başınıza dönüm, fəhləyəm, daha evin xadiməsi deyiləm ki? Zibil atanam? O zibili atmaqda bir qəbahət yoxdu ... Amma hər şeyin təhər-töhürü var. Vəli əlini yenə Tahirin çiyninə vuraraq dedi: - Ay ağsaqqal, kirayədə qalıram. Sonra dərindən ah çəkdi. Dodaqlarını sıxıb əvvəl Tahirə, sonra Adilə baxdı. Onların diqqətlə ona baxdığını görüb sözünə davam etdi: - Bilirəm, düşünürsünüz ki, kirayədə yaşayanda nə olar. Əlbəttə haqlısınız... Kirayədə qalmağın heç bir ayıblıq tərəfi yoxdur. Amma mən yaşda kirayə qalmaq... Bax bu adamı bir az dilxor edir. O da cəhənnəmə... Kirayə pulu vermək mənim üçün çox çətindir. Həddindən artıq çətin. Heç cür qazandığım pulla heç nə qoşub düzə bilmirəm. Çox çətindir. Sonra onu diqqətlə dinləyən Tahirlə Adilə baxıb əllərinin arxası ilə yaşla dolmuş gözlərini sildi. Udqunub asta-asta sözünə davam etdi: 4 - Altı övladım var. Onları yedizdirmək, geyindirmək lazımdı. Hə... Bir də soruşa bilərsiniz ki, altı uşağı dünyaya gətirmək nə vacib məsələ idi? Susub cavab verməyən Tahirlə Adilə baxdı. Onların susmalarına, cavab vermədiklərinə hiddətlənib sözünə davam etdi: - Soruşsanız, sizi qınamaram. Çünki ki, haqlı olarsınız. Bilirsinizmi, onda vəziyyətim babat idi. Aldığım maaş, həyətyanı sahədən gələn gəlir əməlli-başlı yetirdi. Hətta uşaqların anasını kolxoza işə qoymurdum ki, gəlirimiz yetir. Ev-eşiyə bax. Uşaqların yeməklərinə, əyin-başlarına, dərslərinə nəzarət eylə. İndi isə çətindir... Altı uşaq, üstəlik özümlə arvadım. Ata və anam da mənimlə yaşayır. On nəfəri gəl dolandır, necə dolandırırsan. Onların yeməkləri, yol pulları, əyin-başları, kitab-dəftər pulları, dərman pulları, həkim pulları, məktəb pulları, daha nə bilim nə... Tahir başını aşağı tikmiş Adilə baxaraq soruşdu: - Görən hamımı belə yaşayır? Tahir verdiyi suala cavab almadığından özü cavab verməli oldu: - Göründüyü kimi hamı... Sən də, mən də, bu oğlum da sən deyən vəziyyətdəyik. Belə yaşayışa yaşayış deyilirsə, lənət olsun gəldiyim günə. Bu yaşayış deyil, zülmdür, zülm. İnsanın yaşamaqdan zəhləsi gedərmi heç? Yenə hamının susduğunu görüb narazı-narazı başını bulayaraq danışmağına davam etdi: - Cavab verə bilmirsiniz. Susursunuz. Təbii ki, danışmaq gümüşdürsə, susmaq qızıldır. Amma susmaq olmur. Çünki bu yaşayış deyil, sürünməkdir. Adil başını qaldırıb dərindən nəfəs dərərək dedi: - Biz dünyaya gələndə danışmağı öyrədirlər, qocalanda isə susmağı… Göründüyü kimi ömrümüz gümüşün qızıla keçməsini gözləməklə keçir. Mən bu şəhəri çox sevirdim. İndi isə zəhləm gedir. Bu şəhər mənim qürur yerim idi. İndi isə bu bir cənub şəhəri qürurlarımın, daha doğrusu isə qürurların tapdandığı yerdir. Tahir Adillə razı olduğunu bildirmək üçün başı ilə hə dedi. Sonra isə asta səslə dedi: 5 - Ay bala, şəhərin nə günahı var? Günahkar bizik. Acgözlük ucbatından cəmiyyətin tərəqqisi əvəzinə tənəzzülə uğramasına səbəb oluruq. Sən şəhəri günahlandırma. Onun heç bir günahı yoxdur. Sənin, mənim və ya da onun fəlakətlərinə bu şəhər səbəb olmayıb. Bu şəhərin mərkəzi parlasa belə, onun özü də əziyyət çəkir. Belə yaşamağımıza o səbəbkar deyil, ay oğul. O deyil. Adil narazı-narazı başını buladı. Sifətindəki kədəri qovmağa cəhd etsə də bacarmadı. Kədərli-kədərli Tahirə, sonra isə Vəliyə baxıb dedi: - Bu şəhərə gəlmək mənim uşaqlıq arzum idi. Uşaqlıqdan bütün varlığımda yuva salmışdır. Bu arzu ilə gecəmi gündüzümə qatıb ali məktəbə qəbul olunmaq arzusu ilə yaşadım. O gün gəldi, istədiyim ali məktəbə qəbul olundum. Bitirdim, ailə də qurdum. Amma xəyallarımda qurduğum o şəhəri görə bilmədim. Yaddaşı, düşüncəsi hər şeyə qarşı qapanmış bu şəhər mənim üçün bir kabusa çevrildi. Hamını məngənəsində sıxan, göz açmağa qoymayan bir kabusa. Bu şəhər mənim, mənim kimilərin qürurlarının tapdandığı cəhənnəmə çevrilib. Elə bil bu şəhər mənim kimi sadə insanların təmiz ümidlərini və uşaqlıq arzularnını oğurlayaraq varlılara hədiyyə edir, onların uşaqlıqda oxudulmuş nağıllardakı şahzadə həyatı şürməyə şərait yaradır. Qara şəhəri Ağ şəhər adlandırdılar, amma əslində Ağ şəhərim Qara şəhərə çevrilmişdir. Tahir sonra cibindən siqaret qutusunu çıxardı. Siqaret qutusunun boş olduğunu görüb əsəbi halda qutunu yerə atdı. Sonra sakit durub ona baxan Vəliylə Adilə dedi: - Babalarımız «qara» ilə böyük bir yeri bildirirdilər – Qarabağ, Qara Dəniz. Fikrə getmiş Tahir bir neçə saniyə susandan sonra davam etdi: - Qaralmış bu böyük şəhərimizdə artıq bir gün də bitmək üzərindədi. Gördüyümüz kimi bir nəfər də gəlmədi. Bu gün də, evə əliboş gedəcəm. Məni həsədlə gözləyənləri məyus edəcəm. Daha mən gedim. Adil Tahirin getməyə hazırlaşdığını görüb dedi: - Haqlısınız ağsaqqal. Mən də sənin vəziyyətindəyəm. Mən də evdəkiləri məyus edəcəm. Amma nə edə bilərik ki? Əlimizdən nə gəlir ki? Amma, indi yeni6 yeni şirkətlər açılb, əhali artıq onlara müraciət edirlər. Burda dayanmaqdan bir şey çıxmaz. Vəli də onlarla razı olduğu üçün dedi: - Tamamilə haqlısınız. İndi bizim görmək istədiyimiz işi şirkətlər görür. İnsanlar da onlara müraciət etməkdə haqlıdılar. Evlərinə yad adam buraxmırlar. Gərək adımızı şirkətə yazdıraq. Qazadığımızın yarısından çoxunu o şirkətə vermək məcburiyyətində qalacağıq. Belə soyuq havada boş-boşuna gözləməkdənsə, onlara qazancımızın yarısını vermək sərfəlidir. Tahir, Vəli, Adil sakitcə bir-birlərinə baxdılar. Sonra bir yerdə sağ ol deyib hərə bir tərəfə doğru addımlamağa başladı. Vəli «preparator»una yaxınlaşıb götürüb Adillə Tahirin arxasınca baxdı. Tahirin axsayaraq dayanacağa doğru, Adilin isə yolun kənarı ilə getməsini izlədi. Tahirin axsadığını görüb ürəyində onun halına acıdı. Sonra isə ağır olan «preparator»u götürüb həvəssiz-həvəssiz yoluna davam etdi. 7