Bu, seçilmiş məqalədir. Daha çox məlumat üçün klikləyin.

Rövşən Cavadov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rövşən Cavadov
10 fevral 1993[1] – 15 mart 1995[2]
PrezidentƏbülfəz Əliyev
Heydər Əliyev
17 iyun 1993[3] – 3 iyul 1993[4]
ƏvvəlkiAbdulla Allahverdiyev
SonrakıVaqif Novruzov
Şəxsi məlumatlar
Doğum tarixi 19 oktyabr 1951(1951-10-19)
Doğum yeri
Vəfat tarixi 17 mart 1995(1995-03-17) (43 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Xırdalan qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti siyasətçi, həkim, hərbi qulluqçu
Atası Bəxtiyar Cavadov[d]
Hərbi xidmət
Rəhbərlik edib
Döyüşlər
Rütbəsi
Polis polkovniki
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rövşən Bəxtiyar oğlu Cavadov (19 oktyabr 1951, Laçın17 mart 1995, Bakı) — Azərbaycan həkimi, karateçisi, hərbçisi, milliyətçisi, Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri (1992–1995), Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini (1993–1995).

Rövşən Cavadov Bakıda tibb təhsili aldıqdan sonra SSRİ DİN Akademiyasında davam etdirmişdir. O, Əfqanıstan müharibəsi vaxtı cəbhədə könüllü olmuş, lakin antikommunist fikirlərinə görə onun bu müraciəti hökumət tərəfindən qəbul edilməmişdir. Cavadov bundan sonra Azərbaycanda ilk karate məşq yerlərini açaraq fəaliyyətinə davam etmişdir.

Rövşən Cavadov 1980-ci illərin axırlarında siyasi fəaliyyətə başlamış, Qara Yanvar hadisələri zamanı sovet qoşunlarına qarşı göstərdiyi müqavimətdən sonra hərbi fəaliyyətə başlamış və çox keçməmiş hökumət tərəfindən ona polkovnik rütbəsi verilmişdir. Cavadov 1991-ci ilin sonuna qədər respublika XTPD-nin komandanı olmuş, Çaykənd əməliyyatında iştirak etmişdir. O, İsgəndər Həmidov ilə müttəfiq olmuş və Əbülfəz Elçibəyin prezidentliyi dövründə XTPD-yə demək olar ki, qeyri-məhdud nəzarəti ələ keçirmişdi. Onun komandanlığı dövründə XTPD qüvvələri "Goranboy" əməliyyatı əsnasında Ağdərə şəhərinə daxil olmuşdu.

1993-cü ildə Elçibəyin devrilməsindən sonra Surət HüseynovHeydər Əliyev ilə müttəfiq olan Rövşən Cavadov Əfqanıstandan mücahidlərin gətirilməsində mühüm rol oynamışdır. Buna baxmayaraq, Bişkek protokolunun imzalanmasından sonra Hüseynov ilə Cavadov Əliyevə qarşı çıxmağa başlamış, 1994-cü ilin axırlarında baş verən qarşıdurmalardan sonra Hüseynov bütün siyasi və hərbi gücünü itirmişdir.

Türkiyə dövləti daxilində mütəşəkkil cinayətkarlıq ilə əlaqəsi olan ünsürlər və Türkiyənin kəşfiyyat orqanları ilə əlaqəsi olduğu güman edilən Rövşən Cavadov daxili işlər nazirinin XTPD-nin ləğv edilməsi ilə bağlı verdiyi sərəncamdan sonra dövlət çevrilişinə cəhd etmiş və prezident Heydər Əliyevin öldürülməsini hədəfə qoymuşdur. Buna baxmayaraq, Cavadov baş tutan döyüşlər zamanı həlak olmuşdur.

Erkən illəri və ailəsi

[redaktə | mənbəni redaktə et]

Rövşən Bəxtiyar oğlu Cavadov 19 oktyabr 1951-ci ildə Azərbaycan SSR-nin Laçın şəhərində anadan olmuşdur.[5] Onun atası əslən Laçın rayonunun Hoçaz kəndindən olan Bəxtiyar Cavadov 2003-cü ildə, əslən Laçın rayonunun Seyidlər kəndindən olan anası Tamara Cavadova (Əliyeva) isə 2011-ci ildə ürək tutmasından vəfat etmişdir.[6] O, Mahir Cavadovun kiçik qardaşıdır[7] və iki bacısı da var. Rövşən Cavadov Zemfira Cavadova ilə ailə həyatı qurmuş, onun bu evlilikdən olan yeganə oğlu, 1974-cü il təvəllüdlü Laçın Cavadov 19 dekabr 2003-cü ildə Moskvada vəfat etmişdir. Laçın Cavadov vəfat edərkən bir qızı var idi. Rövşən Cavadovun qızı Jalə Cavadova Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini Abid Şərifovun oğlu ilə evliliyindən[8] iki qızı var və o, Azərbaycandan xaricdə yaşayır.[9][10] Rövşən Cavadov Bakının Nəsimi rayonunda, "Dostluq" kinoteatrı yaxınlıqlarında yaşayırdı.[11]

Rövşən Cavadov 1973-cü ildə Azərbaycan Tibb Universitetindən məzun olmuş, ardınca 1973–1976-cı illər arasında Daxili İşlər Nazirliyi (DİN) Xəstəxanasında işləmişdir. O, 1976-cı ildə Rostov şəhərindəki SSRİ DİN Akademiyasına daxil olmuş və 1980-ci ildə burdan məzun olmuşdur. Cavadov bu dövrdə antikommunist fikirləri ilə tanınırdı və o, 1980-ci ildə Əfqanıstanda hərbi xidmət üçün müraciət etsə də, bu müraciəti hökumət tərəfindən qəbul edilməmişdir. Cavadov 1981-ci ildə Azərbaycanda ilk karate məşq yerlərini açaraq fəaliyyətinə davam etmişdir.[5] Onun məktəbinin yetirmələri Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev və Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev kimi karateçilər idi.[10] Cavadov 1982-ci ildə Gəncə şəhərinə sahə müvəkkili təyin olunmuşdur.[5]

Qarabağ münaqişəsi

[redaktə | mənbəni redaktə et]

Mütəllibov hakimiyyəti

[redaktə | mənbəni redaktə et]
Rövşən və Mahir Cavadov qardaşları uşaqlıqda.

Rövşən Cavadov 1987-ci ildə qardaşı ilə birlikdə Təkamül Partiyasını yaratmışdır. O, Qara Yanvar hadisələri zamanı tərəfdaşları və tələbələri ilə SSRİ qoşunlarına qarşı qoymuş və Gəncə şəhərinə gedərək irimiqyaslı üsyan hərəkatı başlatmağı planlamışdır. Qarabağ münaqişəsinin ilkin dövrlərində Təkamül Partiyası Cavadovun təlimatı ilə hərbi birləşməyə çevrilmişdir. Bundan sonra Azərbaycan hökuməti Cavadova polkovnik hərbi rütbəsi vermiş və onun hərbi birləşmələrini Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) olaraq adlandırmışdır.[5] O, 1991-ci ilin yayında XTPD-nin rotalarından birinin komandiri olmuş, 1991-ci ilin sonunda isə respublika XTPD-yə rəhbərlik etməyə başlamışdır.[12]

Rövşən Cavadov Milli Azadlıq Hərəkatında iştirak etmiş və Azərbaycan Xalq Cəbhəsi (AXC) ilə əlaqəsi olmuşdur. AXC-nin 6 yanvar 1990-cı il tarixində, Azərbaycan Milli Elmlər Akademiyasının binasında keçirilmiş II qurultayın mühafizə xidmətinə başçılıq edirdi.[13] AXC-nin şurasının üzvlərini çıxışlarından sonra məclisin formalaşması üçün fasilə elan edilmiş, lakin fabrik işçisi olan deleqatlardan biri AXC-nin nizamnaməsinin sıravi cəbhəçilərin seçkili orqanların işində iştirak etmək hüququ haqqında bəndinə istinad edərək zalı tərk etməkdən imtina etmişdir. Bu zaman Rövşən Cavadov onu zaldan çıxamağa çalışmış, deleqatın müqavimət göstərməsindən sonra onu döymüşdür. Zərdüşt Əlizadə öz kitabında qeyd etmişdir ki, hadisədən sonra zalda olan "hər kəs qorxu içində susmuşdu".[14]

17 mart 1991-ci ildə Mixail Qorbaçov SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirmişdir. Azərbaycanda rəsmi nəticəyə görə, seçicilərin 95%-i ittifaqı saxlamağın tərəfdarı olmuşdur. Ermənistan referendum keçirməkdən imtina etdiyi üçün Moskva onu cəzalandırmaq qərarına gəlmiş, ardınca Qorbaçov ŞaumyanHadrut rayonlarının bir sıra kəndlərinin erməni əhalisini deportasiya edilməsini nəzərdə tutan Çaykənd əməliyyatına icazə vermişdir.[15] Əməliyyatda DİN-ə bağlı Daxili Qoşunlar və XTPD birlikləri iştirak edirdi. Daxili Qoşunlar əsasən ruslardan yığılmışdı, ordu hissələrində azərbaycanlılar üstünlük təşkil edirdi, general Məhəmməd Əsədovun rəhbərlik etdiyi XTPD-də isə yalnız azərbaycanlılar xidmət edirdilər.[16] Rövşən Cavadov XTPD-nin komandiri olaraq əməliyyatda aktiv iştirak etmişdir.[17]

Elçibəy hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə, fevralın 25-dən 26-na keçən gecə erməni dəstələri bir neçə zirehli texnikanın dəstəyi ilə Xocalı şəhərinə hücum etmiş, yerli əhaliyə soyqırım törətmişdir. Baş verən hadisələr mart ayına qədər ictimaiyyətdən gizli saxlanılmışdır. Həmin ay Azərbaycan Ali Sovetinin Milli Şurası jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı videoçarxının yayımlanmasına icazə vermişdi. Soyqırımın görüntüləri Azərbaycan ictimaiyyətini sarsıtmış, prezident Ayaz Mütəllibova qarşı nifrətə səbəb olmuşdu.[18] Bir çox cəbhəçi Mütəllibovu tənqid etmiş və onun istefaya getməsini tələb etmişdir.[19] Nəticədə, Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa vermişdir.[20]

Azərbaycan Prezidenti Əbülfəz Elçibəy (yuxarıda), Daxili İşlər naziri İsgəndər Həmidov (aşağıda).

Hər halda, 14 mayda Azərbaycan Ali Soveti yenidən iclas keçirmiş və Mütəllibovun vəzifəsi keçmiş kommunist deputatlar tərəfindən bərpa edilmişdir. Onlar Mütəllibovun istefasını konstitusiyaya zidd elan etmişdi, çünki Xocalı istintaqının ilkin nəticələri onun hər hansı qanunsuz hərəkətinin olmadığını göstərmişdi.[21] AXC bunu dövlət çevrilişi kimi qiymətləndirmiş, Mütəllibovu yenidən vəzifəsindən uzaqlaşdırmağı planlaşdırırdı.[22] Onlar əvvəlcə Mütəllibova ultimatum göndərmiş,[23] lakin diplomatik mənbələr rus əsgərlərinin müdaxilə etməyəcəyini bildirdikdən sonra silahlı hücuma başlamışdır. Mütəllibov hakimiyyətdə qalmaq üçün Rusiyaya bağlı qüvvələrin köməyinə ümid bəsləsə də, Rəhim Qazıyevin səyləri nəticəsində ondan məhrum olmuşdu.[24]

15 mayda, günorta saatlarında AXC-nin hərbi qolunun rəhbəri olan İsgəndər Həmidov zirehli texnika və əsgərlərdən ibarət kolonna ilə küçələrə axın etmişdir.[21] 10 min etirazçı ilə Milli Məclisin binasına doğru irəliləyirdi. Ayaz Mütəllibov Rövşən Cavadova nümayişçiləri dağıtmaq üçün güc tətbiq etmək əmri vermiş, Cavadov buna əməl etməmək qərarını vermişdir.[25] Hər halda, Həmidov dəstələri ilə birlikdə parlament binasınateleviziyaya basqın etmişdir. Baş tutan atışmada 10-a yaxın əsgər həlak olmuş, Mütəllibov isə yenidən devrilmişdi.[21]

AXC-nin sədri Əbülfəz Elçibəy 7 iyun 1992-ci ildə Azərbaycan Prezidenti seçilmiş və nəhayət, AXC hakimiyyətə gəlmişdir. Elçibəyin qələbəsi ölkədə uzun sürən siyasi böhranı aradan qaldırmış, cəbhədə əhval-ruhiyyəni yüksəltmişdi.[26] Rövşən Cavadov Əbülfəz Elçibəyin prezidentliyi dövründə XTPD-yə demək olar ki, qeyri-məhdud nəzarəti ələ keçirmişdi. Bu dövrdə o, artıq Daxili İşlər Nazirliyi daxilində böyük nüfuza malik olmuşdu.[27] Eyni zamanada, İsgəndər Həmidov Bozqurd Partiyasını (sonralar Azərbaycan Milli Demokrat Partiyası) yaratmış və onun rəhbəri olmuşdu.[28] Onun partiyası və milislərinin, adlanmaya baxmayaraq, Türkiyədəki türkçülər ilə əlaqələsi az idi[29] və Həmidov özü Türkiyədəki ülkücü ocaqlarına bağlılıq təklifindən imtina etmişdi.[30] Hər halda, Rövşən Cavadov bu partiyanın ən əhəmiyyətli müttəfiqlərindən biri olmuşdur.[31]

Qarabağdakı separatçı hərəkata son qoymaq istəyən Əbülfəz Elçibəyin əmri ilə 12 iyunda Azərbaycan Milli Ordusu Dağlıq Qarabağın şimalından hücuma keçərək "Goranboy" əməliyyatına başlamışdır. Hücum əməliyyatında Rövşən Cavadovun komandanlıq etdiyi XTPD bölmələri ön cəbhədə idi.[32] Azərbaycan qüvvələri zirehli texnika və tanklarla irəliləyirdi, zəif silahlanmış erməni qoşunlarını darmadağın edirdi.[26] XTPD bölmələri 4 iyulda, səhər saatlarında "Qurtuluş" batalyonu və Surət Hüseynovun komandanlığı altındakı 123 saylı zərbə-həmlə alayının tank batalyonu ilə birlikdə Ağdərə şəhərinə daxil olmuşdur.[33] Buna baxmayaraq, Rusiyanın dəstəyi ilə ermənilər əks-hücuma keçmiş,[34] oktyabr ayına qədər Azərbaycanın hücumunu dayandırmışdır.[35] Rövşən Cavadov 1992-ci ilin iyulunda, Azərbaycanın cənub rayonlarında keçirilən "Subtropik" əməliyyatına general Rəhim Quliyev ilə birlikdə başçılıq etmişdir.[36] Əməliyyatın məqsədi Azərbaycan–İran sərhədinə nəzarəti bərpa etmək, silahlı dəstələri zərərsizləşdirmək[36]SSRİ hakimiyyəti dövründə idarə-müəssisə rəhbəri olarkən qanunsuz şəkildə varlanmış şəxsləri yaxalamaq idi.[37]

Rövşən Cavadov və onun qardaşı, Xətai rayonunun prokuroru Mahir Cavadov[38] mahiyyətcə öz milislərini AXC-yə sadiq qüvvələrə birləşdirmiş qoşun başçıları idilər.[39] Dövrün Azərbaycan mətbuatında ermənilərin Rövşən Cavadovun başına külli miqdarda pul qoyması barədə məlumatlar dərc olunurdu.[40] Rövşən Cavadov 1993-cü ilin fevralında daxili işlər naziri İsgəndər Həmidovun müavini təyin edilmiş,[1] həmin ilin iyununda daxili işlər naziri Abdulla Allahverdiyev həbs olunduqdan sonra bir müddət daxili işlər naziri vəzifəsini icra edən vəzifəsində çalışmışdır.[3][27] Buna əlavə olaraq, Cavadov Xudu Məmmədov adına Xeyriyyə Cəmiyyətinin sədrliyini də etmişdir.[40]

Əliyev hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

1993-cü ilin iyununda ordu komandiri Surət Hüseynov hərbi çevrilişlə Əbülfəz Elçibəyi devirmiş, eks-prezident isə ardınca Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi hakimiyyətə gəlməsi üçün Bakıya dəvət etmişdir.[41][42] Hüseynov müttəfiq kimi yanına çağırdığı ilk şəxs daxili işlər nazirinin müavini Rövşən Cavadov olmuşdur. Odur ki, Əliyev Naxçıvandan Bakıya gələrkən onun təhlükəsizliyindən Rövşən Cavadov məsul olmuşdur.[10] Bu dövrdən başlayaraq Cavadov ilə Hüseynov silah-sursat əldə etmək və Azərbaycan Silahlı Qüvvələrini gücləndirmək üçün əməkdaşlıq etməyə başlamışdılar.[39]

Rövşən Cavadov (sağdan ikinci) azərbaycanlı döyüşçülərlə. 1990-cı illərin əvvəlləri.

Əbülfəz Elçibəyin paytaxt Bakını tərk edərək Naxçıvana getməsi AXC dəstəkçilərini təəccübləndirmişdi. Onlar buna reaksiya olaraq bir neçə dəfə etiraz aksiyaları təşkil etməyə çalışsalar da, hər dəfəsində nümayişçilərin qarşısı zorakılıqla alınmışdır. Bəzi nümayişlər silahlılar, bəziləri yüzlərlə polis və hərbçinin zorakı müdaxilə ilə dayandırılmışdır. Baş verənlərdən xəbər tutan Rövşən Cavadov AXC baş qərargahının önünə gələrək üzr istəmiş, nümayişləri dayandırmaqla bağlı əmr vermədiyini bildirmişdir.[43]

Rövşən Cavadovun 1993-cü ilin iyulunda Əfqanıstana getmiş,[39] burada hərbi yardım almaq üçün dövrün Əfqanıstan Prezidenti Bürhanəddin Rəbbani ilə görüşmüşdür. Rəbbani bu xahişi diplomatik mənada Əfqanıstan üçün təhlükəli hesab etmiş və bunu geri çevirmişdir.[44] Müsbət cavab görməyən Cavadov ardınca Kabil şəhərindən təxminən 11 kilometr (6.8 mil) şimalda yerləşən Çəhar Asyab rayonunda "Hizbul-İslami"nin lideri, Əfqanıstanın Baş naziri Gülbəddin Hikmətyar ilə görüşmüşdür. O, əfqan mədəniyyəti haqqında kifayət qədər məlumatlı idi və Hikmətyarla hərbi əməkdaşlıq qurmaq niyyəti ilə ona səlib yürüşləri zamanı müsəlman döyüşçülərinin istifadə etdikləri qılıncın bənzərini hədiyyə etmişdir.[45]

Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman, Ermənistanın isə xristian ölkəsi olması Hikmətyarın marağını cəlb etmişdir. Bundan başqa, Cavadov onunla danışarkən münaqişəni müdafiə xarakterli cihad kimi təsvir etmişdi. O, "Hizbul-İslami"dən erməniləri məğlub etmək üçün Azərbaycana ən yaxşı mücahidlərindən bir neçəsini göndərməyini istəyirdi.[46] Hikmətyar siyasi baxımdan zəif idi və Kabildə hakimiyyəti ələ keçirməyə yaxın deyildi. O, Azərbaycana yardım edərək Əfqanıstanda öz mövqeyini möhkəmləndirmək istəyirdi. İran, RusiyaGürcüstanla həmsərhəd olduğundan Hikmətyar Azərbaycanı Yaxın Şərq, Mərkəzi Asiya və hətta Avropaya körpü kimi görürdü. Hər halda, Hikmətyarın xaricdə ilk və yeganə genişmiqyaslı hərbi kampaniyasını aparmağa razılıq verməsində həlledici amil İrandan aldığı dəstək olmuşdu.[47] Odur ki, Azərbaycan müstəqillik qazandığından bəri ölkənin şiə əhalisindən dəstək almağa çalışan İran münaqişənin ilk dövrlərində Azərbaycana hərbi yardım vermişdi.[48] Tezliklə bir neçə yüz nəfərdən ibarət mücahid bölməsi Azərbaycana gəlmiş və Füzuli rayonu istiqamətində əməliyyatlarda iştirak etmişdilər. Buna baxmayaraq, onlardan heç vaxt effektiv formada istifadə edilməmişdir.[39]

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Prezidenti Heydər Əliyev. 1997-ci il.

1994-cü ilin mayında Qarabağ müharibəsinin dayandırılması üçün Bişkek protokolu imzalamışdır.[49] 20 sentyabrda Heydər Əliyev və Qərbin enerji transmilli şirkətlərinin konsorsiumu arasında "Azəri-Çıraq-Günəşli" neft yataqlarını əhatə edən 30 illik hasilatın pay bölgüsü sazişi imzalanmışdı. 8 milyard dollarlıq müqavilə "Əsrin müqaviləsi" adlandırılırdı.[50] Bundan sonra Heydər Əliyev ilə Surət Hüseynov və Cavadov qardaşları arasında müharibənin dayandırılması, neft müqavilələri və iqtisadiyyatın idarəolunması barəsində ziddiyyətlər getdikcə dərinləşməyə başlamışdı. 1994-cü ilin yayı Əliyev və Hüseynov arasında açıq qarşıdurmalarla keçirdi. Hüseynov Əliyevin getdikcə qərbpərəst mövqeyindən, Qərb şirkətləri ilə neft müqavilələri imzalamasından və Əliyevin yaxınlarının və uzun müddətdir ortağı olan spiker Rəsul Quliyevin əsas rol oynadığı özəlləşdirmə kampaniyasından narazılığını gizlətmirdi.[51]

Müqavilə ilə bağlı problemlərinin olduğunu bildirən Hüseynov açıqlamasında müqavilənin hazırkı strukturunda onun Azərbaycanı deyil, yalnız Heydər Əliyev və onun ailəsini zənginləşdirəcəyini demişdi. Baş nazirin sözləri üsyana çağırış kimi şərh edilmişdi və ardınca zorakı hadisələr silsiləsi baş tutmuşdur. Müqavilənin imzalanmasından bir gün sonra Əlikram HümbətovRəhim Qazıyev həbsdən qaçıralaq Moskvaya aparılmışdı. Bundan bir neçə gün sonra Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini Afiyəddin Cəlilov sui-qəsd nəticəsində öldürülmüşdü. Bundan sonra Ali Sovetin deputatlarına anonim telefon zəngləri ilə təhdid edilmişdir ki, müqaviləyə veto qoymadıqları təqdirdə növbəti hədəf onlar olacaqlar. Surət Hüseynova yaxın olan ədliyyə naziri Əli Ömərov baş verən hadisələrin arxasında XTPD və onun komandiri Rövşən Cavadovun olduğunu iddia etmişdi.[50][52]

Hadisələrə görə 3 XTPD üzvü həbs edilmişdi, lakin 2 oktyabrda Cavadovun 3 min nəfərlik polis qüvvəsi Baş Prokurorluğa soxularaq onları azadlığa buraxmış, Əli Ömərov daxil olmaqla 40-a yaxın adamı girov götürmüşdülər. Onlar Baş prokuror Əli Ömərovun, daxili işlər naziri Ramil Usubovun və parlamentin sədri Rəsul Quliyevin istefasını tələb edirdilər. Buna reaksiya olaraq beş tank, bir zirehli avtomobil və bir zirehli transportyordan istifadə edən hökumət qoşunları binanı mühasirəyə almış və ordu strateji obyektləri qorumaq üçün cəlb edilmişdi. Əliyev ardınca fövqəladə vəziyyət elan etmişdir. Səhər saatlara qədər davam edən qarşıdurmada altı nəfər yaralanmışdı və XTPD bir tankı ələ keçirmişdi, lakin sonra Cavadovla danışığa gedilmiş və XTPD qüvvələri Bakının kənarındakı qərargahlarına çəkilmişdir.[50][52][53][54][55] Bundan əlavə, Gəncədə Hüseynova sadiq qüvvələr şəhəri mühasirəyə almış və strateji obyektləri ələ keçirmişdi. Əliyev bu iki qüvvəni Rusiyanın dəstəyi ilə növbəti dövlət çevrilişi hazırlamaqda ittiham etmiş və oktyabr ayında fövqəladə vəziyyət elan etmişdi.[56][50] Hüseynov ev dustaqlığına buraxılmış, tutduğu vəzifədən uzaqlaşdırılmış və deputat mandatı əlindən alınmışdı. O, ardınca Moskvaya qaçmışdı.[57]

Dövlət çevrilişinə cəhd

[redaktə | mənbəni redaktə et]

1995-ci ilin yazında Rövşən Cavadov ictimai formada hökuməti korrupsiyada və klanlara tərəfdarlıqda ittiham etmişdi. 12 martda Azərbaycanın şimal-qərbində polis əməkdaşları Gürcüstana 150 ton mis daşıyan silahlı XTPD döyüşçülərinin olduğu 4 avtomobili saxlamışdır.[54][53] Buna cavab olaraq Qazax rayonunda XTPD qulluqçuları silahlı əhali ilə birlikdə şəhərin polis idarəsini və Qazax şəhərində yerləşən hərbi hissəni ələ keçirmişdir. Onlar bir neçə zirehli texnikanı ələ keçirərək AğstafaTovuz şəhərlərinə hücuma keçmişdilər. Ağstafaya doğru irəliləyən üsyançılar onları saxlamağa çalışan polis postunu ələ keçirmiş, baş tutan toqquşma nəticəsində bir polis əməkdaşı yaralanmışdır. Ağstafa şəhərindəki polis bölməsində baş tutan toqquşmada hər iki tərəfdən bir nəfər həlak olmuşdur. Onların Tovuza hücumu uğursuz olmuşdur.[58] Heydər Əliyevin əmri ilə 13 martda hökumət qoşunları üsyançılara hücum edərək onları məğlub etmişdir. Üsyançı XTPD qüvvələrinin bir hissəsi təslim olmuşdur, digərləri Gürcüstana, oradan isə Rusiyaya qaçmışdır.[53] 14 mart Azərbaycanın daxili işlər naziri Ramil Usubov XTPD-nin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Cavadova üç gün ərzində bütün texnika və silahları təhvil vermək əmri verilmişdir. Bunun müqabilində dövlətə xidmət edən XTPD qulluqçularının Daxili İşlər Nazirliyində başqa vəzifələrə keçiriləcəyi vəd edilmişdir. Buna baxmayaraq, təyin olunmuş vaxta qədər yalnız 100-ə yaxın XTPD qulluqçusu əmri yerinə yetirmiş, qalan 500 nəfər tərksilah etməkdən imtina etmişdir.[53]

Prezident Heydər Əliyevin hüquq-mühafizə orqanlarını nəzarətə götürmək cəhdləri bu qüvvələr üzərində təzyiq yaratmağa başlamışdı və buna cavab olaraq onu vəzifədən uzaqlaşdırmaq planı hazırlanırdı.[59] Rövşən Cavadov Əliyevi ATƏT-in Kopenhagendəki sammitindən qayıdandan dərhal sonra öldürməyi planlaşdırırdı.[60] Cavadov AXC-nin üzvlərini və Bakıdakı çeçen qruplaşmalarını ayağa qalxmağa və planlaşdırılan çevriliş cəhdinə dəstək verməyə çağırmışdı, lakin Çeçenistan Prezidenti Cövhər Dudayev bütün çeçenlərə hadisələrdə iştirak etməməyi əmr etmişdi, AXC-dən isə sadəcə bir neçə keçmiş səlahiyyətli çağırışlara cavab vermişdir.[57]

Türkiyə Prezidenti Süleyman Dəmirəl (solda), Türkiyə Baş naziri Tansu Çillər (sağda).

Türkiyə kəşfiyyat orqanları sui-qəsdi üzə çıxarmasından sonra Türkiyə Prezidenti Süleyman Dəmirəl Əliyevə xəbərdarlıq etmiş, Əliyev özü vaxtından əvvəl, 16 martda, səhər saatlarında Bakıya qayıtmışdır.[60] Bu zaman Rövşən Cavadov açıq şəkildə Heydər Əliyevi, onun ailəsini və "Naxçıvan klanı" adlanan hökumət fraksiyasını Azərbaycanın neft sərvətlərini talamaqda ittiham etmiş, Əliyevin dərhal istefasını tələb etmişdir. Bundan sonra onun qüvvələri Bakıdakı kazarmanı ələ keçirmişdir.[61] Buna reaksiya olaraq Heydər Əliyev Rövşən Cavadovun daxili işlər nazirinin müavini vəzifəsindən azad edilməsi barədə sərəncam imzalamışdır.[2] Ardınca hökumət qüvvələri həmin kazarmanı mühasirəyə almış,[62] onlar Əliyevin əmri ilə XTPD-nin qərargahına hücum etməyi əmr etmişdir. 16–17 mart tarixlərində baş tutan döyüşlərdə hökumət qüvvələri qalib gəlmişdi.[60][63] Bu zaman 27 hərbi qulluqçu, 11 XTPD qulluqçusu və 7 mülki şəxs həlak olmuş, 117 nəfər yaralanmışdır.[53]

Rövşən Cavadov xəstəxanaya aparılarkən qan itkisindən yolda vəfat etmişdir.[64] Digər mənbələrə görə, Cavadov xəstəxanada keçinmişdir.[62] Onun atasının sözlərinə görə, Cavadovu Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Əmiraslan Əliyev qətlə yetirmişdi.[10] Rövşən Cavadov Xırdalan şəhər qəbiristanlığında dəfn olunmuşdur.[9]

Sonrakı proseslərdə 710 XTPD qulluqçusu və tərəfdarı dövlət çevrilişi cəhdində iştirak ittihamı ilə həbs edilmişdir.[53] Onlardan 207-si günahsız hesab edilərək azadlığa buraxılmış, dövlət çevrilişinə cəhddə iştirak etməyən 75 fərariyə amnistiya verilmiş, 7-si isə şərti cəza almışdır. 407 nəfər məhkum edilmişdir; onlardan 373 nəfəri azadlıqdan məhrum edilmiş, 2 nəfəri isə ölüm hökmü almışdır.[58] Heydər Əliyev bu dövlət çevrilişinə cəhdi də yatırtmışdı.[63][60] Çevriliş cəhdindən sonra XTPD tamamilə ləğv edilmişdir.[65] 1995-ci ilin sonlarında Əliyev etibar etmədiyi təhlükəsizlik işçilərini həbs etdirmişdir. Bu əməlləri pisləyən müxalif partiyalara təzyiq və zərərsizləşdirmə prosesi davam etmişdir.[56]

Bu, Azərbaycanda yarımhərbi birləşmələrin iştirak etdiyi sonuncu açıq döyüşlər idi və dövlət səviyyəsində şiddətli toqquşmaların tarixində dönüş nöqtəsi olmuşdur.[66] Bu çevriliş cəhdinin kölgəli tərəfdarları heç vaxt müəyyən edilməmişdir.[64] Güman edilir ki, onların arasında Türkiyə Daxili İşlər Nazirliyinin elementləri, eləcə də kəşfiyyat orqanlarının məmurları və "bozqurd" hərəkatının üzvləri də var idi.[64][67] Əliyev hökuməti əmin idi ki, çevriliş cəhdində Türkiyənin Bakıdakı səfirliyinin də əli var idi.[59] 1996-cı ilin axırlarında Türkiyədə baş vermiş "Susurluq qəzası" da bu iddiaların güclənməsinə gətirib çıxarmışdı.[68] Türkiyə mətbuatına görə, çevriliş cəhdinə Əbülfəz Elçibəyi yenidən hakimiyyətə gətirmək üçün Türkiyə Baş naziri Tansu Çillər tərəfindən dəstək verilmişdi.[67] Bu iddialar səbəbilə Çillər özü Bakıya gələrək Əliyevdən Türkiyədəki sağçı qüvvələrə görə üzr istəmişdi, lakin Əliyev özü 1998-ci ildə Türkiyə mətbuatına verdiyi müsahibədə Çilləri bu hadisələrdə iştirak etməkdə günahlandırmışdır.[69] Bu səbəblərdən həmin hadisələr "Türkiyənin dövlət çevrilişi" də adlanır.[70] Hər halda, onların bu hadisələrdə iştirakı nə Azərbaycan, nə də Türkiyə hökuməti tərəfindən nə tam araşdırılmış, nə də açıq şəkildə etiraf edilmişdir.[67]

Bu hadisələr Azərbaycan–Türkiyə münasibətlərində böhrana səbəb olmuş, münasibətləri kökündən sarsıtmışdı. Yalnız Əliyevlə Dəmirəl arasındakı şəxsi münasibətlər və Dəmirəlin çevrilişlə bağlı Əliyevə xəbərdarlıq etməsi iki ölkə arasında münasibətlərin kəskin qırılmasının qarşısını almışdı.[69] Odur ki, Dəmirəl və Əliyev sonradan öz yaxın münasibətlərini bərpa etmişdi, Əliyev isə Türkiyə siyasətinə əvvəlkindən daha çox təsir etməyə başlamışdı.[68] Həm Rusiyadan, həm də Türkiyədən dəstəklənən üsyançılarla üzləşən Əliyev çətin anlarda müraciət edə biləcəyi üçüncü tərəf axtarmış və Qərbə, xüsusən də ABŞ-yə yaxınlaşmağa başlamışdır.[71]

Bu hadisələrdən sonra Rövşən Cavadovun qardaşı Mahir Cavadov Avstriyaya köçmüşdür,[72] lakin sonradan İran hökuməti tərəfindən ona sığınacaq verilmişdir.[73]

1994-cü ildə Bakı İdman Sarayında "Rövşən Cavadov mükafatı uğrunda" karate yarışı keçirilmiş, burada Ramiz Mehdiyev, Abbas Abbasov, İlham Əliyev, Murtuz Ələsgərov, Ramil Usubov, Abid Şərifov və başqaları fəxri qonaq qismində iştirak etmişdilər.[10]

2003-cü ildə rejissor Ramiz Fətəliyev 1994–1995-ci illərdə Azərbaycanda baş verən siyasi hadisələrdən bəhs edən "Bir anın həqiqəti" çoxseriyalı bədii filmini çəkmişdir. Filmdə Rövşən Cavadov rolunu Azərbaycanın əməkdar artisti Ələkbər Hüseynov ifa etmişdir.[74]

  1. 1 2 Elçibəy, Əbülfəz. "R. B. Cavadov haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". E-qanun.az. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi. 10 fevral 1993. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  2. 1 2 Əliyev, Heydər. "R. B. Cavadov haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". E-qanun.az (az.). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi. 15 mart 1995. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  3. 1 2 Elçibəy, Əbülfəz. "A. M. Allahverdiyev və R. B. Cavadov haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". E-qanun.az. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi. 17 iyun 1993. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  4. Əliyev, Heydər. "R. B. Cavadovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsinin icrasından azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". E-qanun.az (az.). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi. 3 iyul 1993. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  5. 1 2 3 4 "Rövşən Cavadov kimdir?". adam.az (az.). 1 oktyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022 – Qafqaz Mədəniyyət Mərkəzi vasitəsilə.
  6. "Rövşən Cavadovun anası vəfat edib". Mediaforum (az.). 8 aprel 2011. 2013-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  7. Qolts, 1998. səh. 126
  8. "Azərbaycan rəsmiləri – kimlər kimlərlə qohum olub?". Azadlıq (az.). 14 oktyabr 2016. 17 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2022.
  9. 1 2 Muradov, İlkin. "Ailəsi və dostları Rövşən Cavadovun məzarını ziyarət ediblər – FOTOLAR". Yeni Müsavat (az.). 17 mart 2016. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  10. 1 2 3 4 5 Mərzili, 2015. səh. 8
  11. Əliyev, N. "Махир Джавадов: "Я знал, что… Ровшан предпочтет смерть"". Exo (az.). 2002. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  12. Nəcəfov, 2000. səh. 35
  13. Əlizadə, 2006. səh. 260
  14. Əlizadə, 2006. səh. 264
  15. Əlizadə, 2006. səh. 313
  16. Məmmədov, 2012. səh. 6
  17. "«Mənim kreslom həmvətənlərimin qanına dəyməzdi»". Bizim Yol. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  18. Əlizadə, 2006. səh. 366–376
  19. Bölükbaşı, 2011. səh. 185
  20. de Vaal, 2013. səh. 185–186
  21. 1 2 3 de Vaal, 2013. səh. 194
  22. Qolts, 2015. səh. 190–191
  23. Əlizadə. səh. 394
  24. Həmid, Tural. "Laçının işğalı (1992)". AzLogos (az.). 1 dekabr 2020. 4 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  25. Əlizadə, 2006. səh. 393–395
  26. 1 2 de Vaal, 2013. səh. 308
  27. 1 2 Наджафов, 2000. səh. 69
  28. Zeynalov, 1996
  29. Bölükbaşı, 2011. səh. 198
  30. Davişa, Perrott, 1997. səh. 148
  31. Qolts, 1998. səh. 149
  32. Qolts, 2015. səh. 229
  33. Həmid, Tural. "Ağdərə əməliyyatı". AzLogos (az.). 28 oktyabr 2020. 2021-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  34. de Vaal, 2013. səh. 309
  35. Vəliməmmədov, 2019. səh. 90–91
  36. 1 2 Laçın, 2014. səh. 4
  37. "Lənkəranski və İsgəndər Həmidovun adları hallanan – "Subtropik əməliyyatı"n əsl mahiyyəti". Publika.az (az.). 17 iyul 2018. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2022.
  38. Elçibəy, Əbülfəz. "A. M. Allahverdiyev və R. B. Cavadov haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". E-qanun.az. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi. 7 sentyabr 1992. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  39. 1 2 3 4 Remler, 2016. səh. 55–56
  40. 1 2 Laçın, Sultan. ""Rövşən Cavadov dedi ki, Qobl planının əleyhinə olduğumuzdan bizi məhv etmək istəyirlər..."". Moderator.az. 16 mart 2019. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  41. Broers, 2019a. səh. 13
  42. Bölükbaşı, 2011. səh. 15
  43. Qolts, 1998. səh. 390–391
  44. Sends, Kəzizay, 2019. səh. 346
  45. Sends, Kəzizay, 2019. səh. 341
  46. Sends, Kəzizay, 2019. səh. 341–342
  47. Sends, Kəzizay, 2019. səh. 342
  48. Sends, Kəzizay, 2019. səh. 343
  49. Abbasov, İdrak. "Azeri Veterans Recall Military Fiasco". Institute for War and Peace Reporting. 21 fevral 2004. 5 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  50. 1 2 3 4 Kornell, 2015. səh. 85
  51. Şermatova, 2001. səh. 220
  52. 1 2 Qolts, 1998. səh. 448
  53. 1 2 3 4 5 6 Yunus, 2003. səh. 15
  54. 1 2 Efron, Sonni. "Azerbaijan Coup Attempt Crushed: Caucasus: Loyal forces storm a building and overcome mutinous police units, president reports" [Azərbaycanda dövlət çevrilişi cəhdi yatırıldı: Qafqaz: Prezident bildirir ki, ona sadiq qüvvələr binaya basqın edərək üsyançı polis bölmələrini məğlub etdilər]. The Los Angeles Times (ingilis). 18 mart 1995. 29 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  55. "Rebellion Spreads; Azerbaijani President Urges Resistance" [Üsyan yayılır; Azərbaycan prezidenti müqavimət göstərməyə çağırır]. Associated Press (ingilis). 5 oktyabr 1994. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  56. 1 2 Horovits, 2005. səh. 68
  57. 1 2 Kornell, 2015. səh. 86
  58. 1 2 "Report on fact-finding mission til Azerbaijan Former OPON forces in Azerbaijan, etc. 27 Januar to 1 Februar 2002" (PDF). Danimarka İmmiqrasiya Xidməti (ingilis). 1 fevral 2022. 2022-08-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 avqust 2022.
  59. 1 2 Kornell, 2015. səh. 86–87
  60. 1 2 3 4 Kornell, 2015. səh. 87
  61. Qolts, 1998. səh. 450–451
  62. 1 2 Qolts, 1998. səh. 451
  63. 1 2 Qolts, 1998. səh. 24
  64. 1 2 3 de Vaal, 2013. səh. 263
  65. "Azerbaijan Report: March 18, 2003" [Azərbaycan hesabatı: 18 mart 2003-cü il]. Azadlıq Radiosu (ingilis). 18 mart 2003. 27 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  66. Kornell, 2015. səh. 167
  67. 1 2 3 Çeteryan, 2015. səh. 165
  68. 1 2 Remler, 2016. səh. 64
  69. 1 2 Kornell, 2015. səh. 372
  70. Broersb, 2019. səh. 28
  71. Qolts, 1998. səh. 452
  72. Hacızadə, Asiya. "Суета вокруг Джавадова" [Cavadovun ətrafındakı təlaş]. Независимая газета (rus). 4 sentyabr 1999. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2022.
  73. Kornell, 2015. səh. 144
  74. Sarabi, L. "Ələkbər əminin inanılmaz ölüm səbəbi". Publika.az (az.). 21 dekabr 2017. 5 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]