Məhəmməd Füzuli

Vikipediya, azad ensiklopediya
(Füzuli səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Məhəmməd Füzuli
az.-əski. مَحمد سلیمان اوغلو
Təxəllüsü فضولي
Doğum tarixi təq. 1494
Doğum yeri
Vəfat tarixi 1556[1]
Vəfat yeri
Vəfat səbəbi taun
Uşağı
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili Azərbaycan dili, ərəb dili, fars dili, türk dili
Tanınmış əsərləri
Vikimənbənin loqosu Məhəmməd Füzuli Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Füzuli (ərəb. محمد بن سليمان‎) (təq. 1494, Ağqoyunlu dövləti1556[1], Osmanlı imperiyası), daha çox sadəcə Füzuli (fars. فضولی‎) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, həmçinin farscaərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi AsiyayaHindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir.

1494-cü ildə indiki İraq ərazisində anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, SəfəviOsmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir. Füzuli poeziyasının çoxunu İraqda Osmanlı hakimiyyəti dövründə yazmış və buna görə o, bəzən Osmanlı şairi də adlandırılır. Füzulinin bütün həyatı boyu onun bir neçə himayədarı olmuş, lakin heç vaxt onu həqiqətən qane edən birini tapa bilməmişdir və onun şah sarayına qoşulmaq arzusu heç vaxt həyata keçməmişdir. O, Təbriz, AnadoluHindistan kimi yerləri görmək arzusunu bildirməsinə baxmayaraq, Füzuli İraqdan kənara heç vaxt səfər etməmişdir. 1556-cı ildə Füzuli taun xəstəliyindən vəfat etmiş və Kərbəlada dəfn olunmuşdur.

Füzuli daha çox Azərbaycan dilində yazılmış əsərləri, xüsusilə də qəzəlləri və eyniadlı Orta Şərq faciəli sevgi hekayəsinin interpretasiyası olan "Leyli və Məcnun" epik poeması ilə tanınır. Bu söz Yaxın Şərq faciəli sevgi hekayəsinin təfsiridir. Bundan başqa, o, Azərbaycan və fars dillərində, həmçinin, mübahisəli olaraq ərəb dilində "Divan"lar yazmışdır. Onun üslubu "hisslərin intensiv ifadəsi", mistik metafor və simvollardan istifadə etməsi, Nizami, CamiHafiz kimi fars şairlərinin, eləcə də HəbibiNəsimi kimi Azərbaycan şairləri təsirini göstərməsilə fərqlənir.

Füzulinin poeziyası Azərbaycan dilinin inkişafında müəyyən rol oynamış, onun artıq Azərbaycan klassik poeziyasında daha yüksək incəlik səviyyəsinə çatmasına kömək etmişdir. Onun yaradıcılığı Azərbaycan, fars və ərəb ədəbi təcrübələrinin, həmçinin şiə və sünni inanclarının uzlaşdırılması kimi səciyyələndirilmişdir. Füzuli həmçinin, məhəbbət mövzularını tez-tez öz poeziyasına daxil etmişdir. O, Azərbaycan, Türkiyə, İran və İraqda məşhur şair olaraq qalır.

Füzulinin əsl adı Məhəmməd,[a] atasının adı isə Süleymandır.[3] Müasir Azərbaycandilli mənbələrdə tam olaraq əsl adı Məhəmməd Süleyman oğlu[4] kimi yazılsa da, o dövrdə Məhəmməd ibn Süleyman kimi qeydə alınmışdır.[5] O, "Füzuli" təxəllüsünü öz üzərinə götürdü, bu təxəllüsü həm "qürurlu, çoxlu", həm də "uca, üstün, fəzilətli" kimi tərcümə olunur. O, başqa heç kimin belə təxəllüs seçməyəcəyini bildiyindən fərqlənmək üçün bu adı seçdiyini öz yazılarında bildirmişdir.[6]

Füzulinin həyatı haqqında çox az məlumat var.[7] O, 1494-cü ildə anadan olmuşdur[b] və tədqiqatçıların fikrinə görə, ailəsi bayat tayfasına mənsub olmuş, özü də Azərbaycan türklərindən olan şiə müsəlman[c] idi.[10][5][11] Bəzi tədqiqatçıların verdiyi təklifə görə, Füzulinin əcdadları feodal çəkişmələr səbəbindən Azərbaycandan İraqa köçmüşdü,[4] lakin başqa mənbələrdə onların daha dəqiq olaraq Ərəş mahalından köçdüyünü qeyd edilmişdir.[12] Dövrün bəzi mənbələrində ondan "Füzuli-yi Bağdadi" (hərf. 'Bağdadlı Füzuli') kimi bəhs edilmişdir, bu da onun Bağdadda və ya ətraf məntəqədə anadan olduğunu, ya da böyüdüyünü təklif edir. Buna baxmayaraq, digər mənbələr onun doğulduğu yer kimi yaxınlıqdakı Nəcəf, Hillə və ya Kərbəla şəhərlərini göstərirlər.[13][7] Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir.[8][14] O, doğma Azərbaycan dili ilə yanaşı, kiçik yaşlarından farsərəb dillərini də öyrənmişdir.[15][16] Füzuli hələ uşaqlıqdan poeziyaya maraq göstərmiş, ilk poetik ilhamını XV əsrin sonlarında yaşamış Azərbaycan şairi Həbibidən almışdır.[13][7]

Füzuli yetkinlik yaşına çatana qədər İraqda, 1470-ci ildən bəri regionda hakimiyyətdə olmuş Ağqoyunlular sülaləsinin hakimiyyəti altında yaşamış, bundan sonra 1508-ci ildə İrandan Səfəvilər dövlətinin banisi şah I İsmayıl hakimiyyətə gəlmişdir. Səfəvilərin hakimiyyəti ələ keçirən zaman Füzuli artıq məşhur bir gənc şair idi və məlum ilk farsca qəsidəsini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdi.[13][8][7] 1514-cü ildən sonra Füzuli Bağdadın Səfəvi valisi İbrahim xan Mosulludan himayə almışdır. O, Mosullu ilə onun Nəcəf və Kərbəlaya səfəri zamanı tanış olmuşdur.[7] Füzuli Azərbaycan dilində olan ilk şeirini "Bəngü Badə"ni (hərf.Tiryək və Şərab) adlı məsnəvisini I İsmayıla, iki qəsidəsini və bir tərcibədini Mosulluya həsr etmişdir.[13][8][16] Buna baxmayaraq, 1527-ci ildə Mosullu öz qardaşıoğlu tərəfindən öldürülmüşdür və bundan sonra Füzuli himayədarını itirmiş, Hillə və ya Nəcəfə köçmüşdür. Tədqiqatçıların fikrinə görə, o, çox güman ki, bunu Səfəvi əyanları arasında başqa etibarlı himayədar tapa bilmədiyi üçün etmişdi.[7] Füzuli orada İmam Əlinin məscidinin qəyyumu olmuşdur.[13][8] Bu vəzifəyə baxmayaraq, o, böyük sərvətə sahib deyildi və dəstək üçün müxtəlif himayədarlara arxalanmalı olurdu.[8] Onun 1527–1534-cü illərdəki həyatı haqqında çox şey məlum deyil.[7] Onun Fəzli Çələbi Füzulizadə adında bir oğlu var idi.[17]

İmam Hüseyn türbəsinin havadan görünüşü
Füzulinin ömrünün son illərində şam yandıran kimi çalışdığı İmam Hüseyn türbəsi.

Osmanlı imperiyasının sultanı I Süleyman 1534-cü ildə Bağdadı fəth edəndə Füzuli artıq əlli yaşlarında idi. O, sultana uzun bir qəsidə həsr etmiş, həm də ətrafdakı Osmanlı məmurlarının rəğbətini qazanmaq üçün onlara qəsidələr yazmışdır. Bu məmurlardan biri olan Cəlalzadə Mustafa Çələbi Bağdadda olduğu müddətdə nişançı təyin edilmişdi. O, şiə ziyarətgahlarına edilən ianələrdən artıq qalan məbləğin hesabına Füzulinin gündə doqquz akça təqaüd almasını təşkil etmişdir. Buna baxmayaraq, səlahiyyətlilər bir müddət sonra ianələrdən heç bir artıq məbləğ qalmadığını iddia edərək təqaüddən əl çəkmiş, Füzuli isə Azərbaycan dilində yazdığı və Çələbiyə ünvanladığı "Şikayətnamə" adlı poetik məktubunda öz məyusluğunu bildirmişdir.[8] Məktubda Füzuli öz dövrünün siyasi və teoloji səbatsızlığının ona çox təsir etdiyini izah edərək bütün ümidləri tərk etdiyini bəyan etmişdir.[13] O illərdə Füzuli Kərbəlada İmam Hüseyn türbəsinin tərkibindəki bəktaşi xanəgahında şam yandıran kimi çalışırdı.[18][19] Füzuli yazırdı ki, heç vaxt onun ehtiyaclarını ödəyən bir himayədar tapa bilməmiş və padşah sarayına qoşulmaq arzusu heç vaxt həyata keçməmişdi.[13][8] Füzuli Təbriz, AnadoluHindistan kimi yerləri görmək arzusunda olmasına baxmayaraq, İraqdan kənara səyahət edə bilməmişdi. O, ömrünün çox hissəsi Kərbəla, Hillə, Nəcəf və Bağdad şəhərlərində keçirmişdi.[7] Füzuli 1556-cı ildə taun xəstəliyindən vəfat etmişdir. Onun vəfat yerinin Kərbəla olduğu təxmin edilir və Kərbəlada yerləşən bəktaşi xanəgahının ərazisində dəfn olunmuşdur.[13][8][19]

Füzuli Azərbaycan, farsərəb dillərində şeir və nəsr əsrəyə gətirmişdir. Onun əsərlərindən on beşi günümüzə qədər gəlib çatmışdır. "İranika Ensiklopediyası"na görə, Füzulinin yaradıcılığı "mistika və erotikanı inteqrasiya etməsi, mövzularının şərtiliyini öz üslubunun səmimiliyi ilə birləşdirməsi, ehtiraslı məhəbbət, bədbəxtlərə mərhəmət və çətinliklər qarşısında səbir hisslərinin şiddətli ifadəsində" ilə seçilir.[8] İranAzərbaycan mədəniyyətini tədqiq edən akademik Əlirza Əsgərzadə Füzulinin poeziyasını səciyyələndirərkən "dərin humanizm ruhunu təzahür etdirərək həm kütlələrin, həm də şairin özünün totalitarizmə, feodallaraistəblişmentin dininə qarşı narazılığını əks etdirməsini” vurğulamışdır.[20] Füzulinin mistik metafor və rəmzlərdən məharətlə istifadə etdiyinə görə onun şeirlərinin çoxqatlı struktura malik olması da qeyd edilmişdir.[21]

Leyli və Məcnun

[redaktə | mənbəni redaktə et]

Füzuli ən çox Azərbaycan dilində yazdığı əsərləri, xüsusilə qəzəlləri və "Leyli və Məcnun" adlı məsnəvisi ilə məşhurdur. 1536-cı ildə qələmə alınan bu epos Füzulinin Orta Şərqdə "Leyli və Məcnun" məhəbbət hekayəsinin interpretasiyasıdır. Əsər "İranika Ensiklopediyası"nda "şəxsi və bəşəri məhəbbət faciəsini mistik həsrət və ruhi arzular müstəvisinə qaldırması ilə türk məsnəvi ənənəsinin kulminasiya nöqtəsi" kimi təsvir edilmişdir.[8] Füzulinin interpretasiyası ilə "Leyli və Məcnun" hekayəsi geniş şəkildə tanınımış və bu, türk ədəbiyyatının ən böyük əsərlərindən sayılır.[22]

Digər azərbaycanca əsərləri

[redaktə | mənbəni redaktə et]
Page depicting two nude individuals and a group of winged figures
""Hədiqətüs-süəda" əsərinin Bruklin Muzeyində saxlanılan əlyazması.

Füzulinin digər məşhur əsəri "Hədiqətüs-süəda" (hərf. 'Xoşbəxtlər bağı') adlı məqtəlidir. Əsər 680-ci ildə ikinci Əməvi xəlifəsi I Yezidin ordusu ilə islam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əlinin başçılıq etdiyi kiçikmiqyaslı ordu arasında baş tutmuş Kərbəla döyüşündən bəhs edir. Bu, Hüseyn Kaşifinin "Rövzətüş-şühədə" (hərf. 'Şəhidlər bağı') əsərindən adaptasiya edilmişdir və türk məqtəl janrının şah əsəri hesab olunur, həmçinin Kərbəla döyüşü ilə bağlı digər müasir əsərlər arasında ən populyar olanıdır.[23] Füzuli həmçinin, Azərbaycan dilində bir "Divan"ın müəllifi olmuşdur. Bu, onun bu dildə ən uzun əsəridir və 302 qəzəl, bir neçə panegirikrübailərdən ibarətdir. Füzulinin Azərbaycan dilində olan digər əsərlərinə 445 kupletlik alleqorik-satirik "Bəngü-Badə" (hərf. 'Tiryək və Şərab') poeması da daxildir. Əsər şərabhəşiş arasında öz üstünlükləri ilə bağlı mübahisəni təsəvvür edir.[24] O həmçinin, fars şairi Caminin "Qırx hədis" əsərini Azərbaycan dilinə tərcümə edərək "Hədisi-ərbəin tərcüməsi"ni (hərf. 'Qırx ənənənin tərcüməsi') adlandırmış və "Söhbətül-əsmar" (hərf. 'Meyvələrin söhbəti') adlı alleqorik məsnəvini yazmışdır. O, bu əsərdə üzüm bağlarının özlərini tərifləyən və arqumentasiya aparan meyvələrini təsvir etmişdir. Bundan əlavə, Füzuli Osmanlı sultanı II Bəyazidə və digər dörd Osmanlı məmuruna poetik məktub yazmışdır.[25] Ədəbiyyatçı-tədqiqatçı Möhsün Məcidin fikrinə görə, Füzulinin Azərbaycan dilində yazdığı şeirləri mürəkkəb struktura və qüsursuz ifadəyə malikdir, bu isə onlara "qalıcılıq verir".[13]

Farsca əsərləri

[redaktə | mənbəni redaktə et]

Füzuli fars dilində də bir neçə əsər, o cümlədən bir "Divan"ın müəllifidir. Orta əsr türk ədəbiyyatı alimi Əbdülqədir Qaraxanın fikrinə görə, 410 qəzəl, bir neçə rübai və qəsidədən ibarət olan bu qısa şeirlər toplusu Füzulinin fars dili biliyini istənilən klassik fars şairi qədər məharətlə nümayiş etdirir. Burada Füzulinin Hafiz və Cami kimi fars şairlərindən böyük dərəcə təsirləndiyi görünür.[7] Toplu nəsrlə yazılmış giriş bölməsi ilə başlayır və burada Füzuli poeziyanı onun fəzilətlərinə görə vəsf edir, həm özünün ona ömürlük həvəsindən, həm də onun dərdi həzzə çevirmək bacarığından bəhs edir.[8] Füzuli həmçinin, 327 beytdən və yeddi hissədən ibarət "Həft cam" məsnəvisini yazmışdır. Əsərin hər bir hissəsinin diqqəti hansısa konkret musiqi alətinə yönəlmişdir. Füzulinin fars dilində yazdığı başqa bir məsnəvisi XV əsr fars şairi Fəttahi Nişapurinin "Hüsnü-del" (hərf. 'Gözəllik və ürək') əsərindən ilhamlanan "Səhhət və mərəz" (hərf. 'Sağlamlıq və xəstəlik', həmçinin "Hüsnü-eşq" adlanır, hərf. 'Gözəllik və sevgi') məsnəvisidir. Bu əsər Füzulinin tibb biliyini nümayiş etdirmək baxımından mühüm əsərdir.[25] Bu, bir dərvişin xəstəlik ilə mübarizəsi səbəbiylə fiziki, daha sonra isə sevgi ilə mübarizəsi səbəbiylə psixoloji olaraq bədəninin sağlamlığını itirib yenidən əldə etməsindən bəhs edir.[7] Füzulinin fars dilində "Rindü-zahid" (hərf. 'Sufi və zahid') adlı nəsr əsəri də mövcuddur. Bu əsərdə təhsilə marağının olmamasına haqq qazandırmağa çalışan Rindi ilə onu başa salmağa cəhd göstərən zahid atası arasında mübahisə təsəvvür edilir.[26] Bundan əlavə, o, 190 tapmacadan ibarət "Risaləyi-müəmmiyyət" (hərf. 'İdiomlar risaləsi') əsərini və Osmanlı sultanı Süleyman Qanuni üçün yazdığı 134 kopletlik "Ənisül-qəlb" (hərf. 'Ənis ürəyi') qəsidəsini yazmışdır.[25]

Ərəbcə əsərləri

[redaktə | mənbəni redaktə et]

Füzulinin ərəb dilində olan əsərlərinə on bir qəsidə və "Mətləül-etiqad" (hərf. 'İnanc mənbəyi') adlı fəlsəfi-teoloji traktatı daxildir.[27] Əsər insanın elm əldə etmək vasitəsilə kainatın sirlərini öyrənərək tanrıya çata bilməsi fikrini təsvir edir və islam teoloji elmi olan "kəlam" ilə bağlıdır.

Füzulinin ərəb dilində olan qəsidələrinin daha böyük "Divan"ından fraqmentlər olduğu güman edilir. Onların hamısı islam peyğəmbəri Məhəmməd, həmçinin Məhəmmədin əmisioğlu, kürəkəni və birinci şiə imamı Əlidən bəhs edir.[28]

İrsi və qiymətləndirilməsi

[redaktə | mənbəni redaktə et]
A stamp with two sides, each featuring a depiction of Fuzuli
Füzulinin anadan olmasının 500-cü illiyinə həsr olunmuş Azərbaycan poçt markası. 1994-cü il.[b]

Türkşünaslıq üzrə professoru Ketlin Berrill Füzulini "bütün Azərbaycan şairlərinin ən öndə gedəni" kimi təsvir etmişdir.[29] Füzuli həmçinin, türk ədəbi dünyasının ən böyük və ən məşhur şairlərindən biri kimi qəbul edilir.[30] O, AzərbaycanOsmanlı ədəbiyyatına böyük təsir göstərmiş, hətta bəzən Osmanlı şairi hesab olunur. Buna səbəb onun dili və ya mədəniyyəti yox, poeziyasının böyük hissəsini Osmanlı İraqı fəth etdikdən sonra yazmasıdır.[31] Füzulinin yaradıcılığı həm Anadolu, həm də cığatay ədəbiyyatına təsir göstərmişdir. Hər iki ənənəyə mənsub olan, sonrakı dövrlərdə yaşamış yazıçılar Füzulinin yaradıcılığından onun öz poeziyası vasitəsilə ənənəvi mövzu və ideyaları yenidən şərh etmək bacarığına görə istifadə etmişdilər. Bu, iki ədəbi ənənəni bir-birinə yaxınlaşdırmışdır.[26] Onun yaradıcılığı Azərbaycan, fars və ərəb ədəbi təcrübələri, eləcə də şiəsünni inancları arasında uğurlu uzlaşma kimi səciyyələndirilmiş, Füzulinin irsi isə əhatəli olması ilə xarakterizə olunmuşdur.[32] Füzulinin həm də şair olan oğlu atasının şərəfinə Fəzli adını götürmüşdür.[d] Fəzlinin poetik təhsilini Füzulidən aldığı, Azərbaycan, fars və ərəb dillərində həm dini, həm də dünyəvi şeirlər yazdığı güman edilir.[17] O, şeirlərinə tez-tez sevgi mövzularını daxil etdiyi üçün "eşq şairi" də adlandırılmışdır.[14]

XVI əsrdən XIX əsrə qədər fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınan və heyranlıqla qarşılanan Füzulinin yaradıcılığı Hindistan kitabxana kataloqlarının göstərdiyi kimi, təkcə Osmanlı imperiyası, İranOrta Asiyada deyil, həm də Hindistan yarımqitəsində də məşhur olmuşdur. Onun şeirləri o qədər məşhur idi ki, onlar geniş bir sahədə müxtəlif yazı sistemlərindən istifadə edən müxtəlif linqvistik mənşəli katiblər tərəfindən köçürülmüşdür. Nəticədə üç unikal Füzuli mətn ənənəsi yaranmışdır: Osmanlı, Orta Asiya və İran.[33] Onun əsərlərində Nizami, Cami və Hafiz kimi farsdilli şairlərin, HəbibiNəsimi kimi Azərbaycandilli şairlərin təsiri vardır.[21] Füzulinin bəzi əsərləri ingilis dilinə tərcümə olunmuşdur. "Söhbətül-əsmar" türkoloq Qunnar Carrinq tərəfindən 1936-cı ildə Lundda "The Contest of the Fruits", "Leyli və Məcnun" əsəri isə 1970-ci ildə Londonda "Leyla and Mejnun" adı ilə yazıçı-tərcüməçi Sufi Huri tərəfindən tərcümə edilmişdir. [34]

Füzuli bütün Azərbaycan şairləri arasında görkəmli şair və Azərbaycan ədəbiyyatının aparıcı siması kimi tanınır.[35] Əsgərzadənin fikrinə görə, onun poeziyası Azərbaycan dilinin inkişafı üçün həlledici məqam olmuşdur. Müasir alim Səkinə Bərəngiyan Füzulini "Azərbaycan ədəbiyyatının FirdovsisiHafizi" adlandırmış, onu fars ədəbiyyatının ən böyüklərindən sayılan iki şair ilə müqayisə etmişdir. O, qeyd etmişdir ki, Azərbaycan dili məhz Füzulinin yaradıcılığı ilə yetkinləşmiş, Azərbaycan klassik poeziyası özünün ən yüksək incəlik səviyyəsinə çatmışdır.[36] Qaraxan Füzulini şeirlərində dildən qüsursuz istifadə etdiyinə görə "parlaq dilçi" hesab etmişdir. Onun sözlərinə görə, Füzuli Azərbaycan dilində olan əsərlərinin əksəriyyətində əvvəl fars dilində yazdığı əsərlərindən ilham almasına baxmayaraq, mövzuları interpretasiya edərkən "öz şəxsiyyətinin xüsusi damğası"nı əlavə edərək onları məşhurlaşdıra nail olmuşdur.[37]

Füzulinin musiqi biliyi şeirlərinin ahəngdarlığı və ifadəliliyi ilə birləşir, bu isə onları musiqi bəstələmək üçün əlverişli edir.[38] Onun qəzəlləri Türkiyədə həm yüksək təbəqənin nümayəndələri, həm də əsas mədəniyyət mərkəzlərindən kənarda, klassik türk musiqisinin xalq musiqisi ilə birləşdirildiyi ifaçılar tərəfindən xoş qəbul edilir.[13] İslam dünyasında ilk opera "Leyli və Məcnun" Füzulinin eyniadlı əsəri əsasında 1908-ci ildə bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən qoyulmuşdur.[21] Füzulinin qəzəlləri Azərbaycan bəstəkarı Cahangir Cahangirovun 1959-cu ildə bəstələdiyi "Füzuli kantatası" əsərinin də mövzusu olmuşdur.[39]

Füzuli Azərbaycan, Türkiyə, İran, İraq kimi ölkələrdə məşhur şair olaraq qalır.[40] Bakının mərkəzində bir küçəmeydan Füzulinin adını daşıyır. Bundan əlavə, bir inzibati rayononun paytaxtı da şairin adını daşıyır.[41] 1994-cü ilin oktyabrında Türkiyə Yazıçılar Dərnəyi və İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfingən İstanbulda Füzuli haqqında onun anadan olmasının 500 illiyinə[b] həsr olunmuş elmi konfrans təşkil edilmişdir. Həmin ilin dekabrında Konyada daha bir konfrans baş tutmuşdur.[42] 1995-ci ildə Türkiyə YUNESKO-nun himayəsi altında Füzulinin anadan olmasının 500-cü illiyini qeyd etmişdir.[43] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Məhəmməd Füzuli Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[44] Füzuli ələvilərin yeddi ulu ozanlarından biridir.[45]

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində dahi şair Məhəmməd Füzulinin adını daşıyan Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzi açılıb[46]. 2024-cü ildə İraqın Kərkük şəhərində Məhəmməd Füzuli adına ibtidai məktəb açılışı baş tutub.[47]

  1. Bəzi mənbələrdə həmçinin, Mehmed kimi yazılır.[2]
  2. 1 2 3 XX əsrin sonlarına qədər Füzulinin doğum tarixi yanlış olaraq 1495-ci il hesab edilirdi.[7]
  3. Füzulinin şiə müsəlman olması ehtimalı olsa da, onun sünni və ya şiə müsəlman olması elmi müzakirə mövzusudur.[8][9]
  4. Fəzli sözü "bərəkətə və ya bolluğa aid olmaq" deməkdir.[17]


  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Çelebioğlu, 2017. səh. 601; Macit, 2014; Karahan, 1996. səh. 240.
  3. Çelebioğlu, 2017. səh. 601; Karahan, 1996. səh. 240; Macit, 2013.
  4. 1 2 ASE, 1987. səh. 14
  5. 1 2 Laguna, 2022. səh. 156
  6. Encyclopædia Iranica, 2000; Karahan, 1996. səh. 241.
  7. 1 2 3 4 5 6 7 8 9 10 11 Karahan, 1996
  8. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Encyclopædia Iranica, 2000
  9. Terzioğlu, 2022. səh. 584
  10. Birnbaum, 1976. səh. 82
  11. Abbas, 2021. səh. 9–10
  12. Bayram, Gülparə. "Türk ədəbiyyatında ondan böyük bir isim yoxdur". TRT Azərbaycan. 11 avqust 2017. 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.
  13. 1 2 3 4 5 6 7 8 9 10 Macit, 2014
  14. 1 2 Abbas, 2021. səh. 10
  15. Mendel, Nicola və Qutbuddin, 2010. səh. 293
  16. 1 2 Gutsche, Weber və Rollberg, 1987. səh. 79
  17. 1 2 3 Hess, 2015
  18. Taner, 2019. səh. 99
  19. 1 2 Karakaya-Stump, 2019. səh. 195
  20. Asgharzadeh, 2007. səh. 11
  21. 1 2 3 Macit, 2013
  22. Macit, 2014; Skilliter, 1972. səh. 157.
  23. Taner, 2019. səh. 144
  24. Péri, 2020. səh. 374; Aynur, 2020. səh. 287.
  25. 1 2 3 Encyclopædia Iranica, 2000; Karahan, 1996.
  26. 1 2 Macit, 2014; Encyclopædia Iranica, 2000.
  27. Təbriz Qasımov, Məhəmməd Füzulinin Mətləul-etiqad əsərinin şərhi, Bakı, “İbrət Nəşrləri”, 2021, 164 səh.
  28. Karahan, 1996; Macit, 2013.
  29. Burrill, 1972. səh. 76
  30. Skilliter, 1972. səh. 157; Aynur, 2020. səh. 300; Birnbaum, 1976. səh. 83.
  31. Andrews, Mignon, 2017. səh. 558
  32. Encyclopædia Iranica, 2000; Abbas, 2021. səh. 10.
  33. Péri, 2020. səh. 374
  34. Karahan, 1996. səh. 245; Karahan, 1965; Pala, 2003. səh. 163.
  35. Németh, 1962. səh. 17; Burrill, 1972. səh. 76.
  36. Berengian, 1988. səh. 19
  37. Karahan, 1965
  38. Macit, 2014; Macit, 2013.
  39. Ismayilova, 2021
  40. Şahin, 2007. səh. 507–508
  41. Supreme Court, 2007
  42. Şahin, 2007. səh. 508
  43. UNESCO, 1993. səh. 5
  44. """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı". Azərbaycan Respublikası Nazirlər Kabineti (az.). nk.gov.az. 7 may 2019. 24 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2023.
  45. Procházka-Eisl, 2016
  46. "Daşkənddə Məhəmməd Füzuli adına mərkəz". Mədəniyyət qəzeti. 06-11-2019. 01.05.2024 tarixində arxivləşdirilib.
  47. "İraqın Kərkük şəhərində Məhəmməd Füzuli adına ibtidai məktəb açılıb VİDEO". Azərtac. 4 noyabr 2024. İstifadə tarixi: 4 noyabr 2024.

Haqqında olan ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Əzizağa Nəcəfzadə. Örtülü dilin özəllikləri “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi, Bakı - 2002, 100 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

MƏHƏMMƏD FÜZULİ ƏSƏRLƏRİ ALTI CİLDDƏ I CİLD (oxu)